Ulu Öndər Azərbaycanın gələcəyinin təməl daşlarını sağlam zəmin üzərində qururdu

Ulu Öndər Azərbaycanın gələcəyinin təməl daşlarını sağlam zəmin üzərində qururdu

Ölkənin ən ağır vəziyyətində millətinin səsinə səs verən Ümummilli lider Heydər Əliyev 1993-cü ildə böyük səs çoxluğu ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə qədəm qoydu. Həmin ərəfədə yaranmış gərginlik Azərbaycanı dünyada və regionda təcrid vəziyyətinə salmışdı. Böyük dövlətçilik təcrübəsinə sahib səriştəli dövlət xadimi Heydər Əliyev ölkəni bu vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. O, idarəçilik bacarığı, istedadı və təcrübəsi sayəsində ölkə daxilindəki hərc-mərclik, qeyri-sabit ictimai siyasi vəziyyəti aradan qaldırmaqla yanaşı, sabitliyin və vətəndaş həmrəyliyinin bərpasını həyata keçirməyə müəssər oldu. Beləliklə, Azərbaycan dövləti yeni dövrə, inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmiz məhz Ulu Öndərin hakimiyyətə gəldiyi tarixdən etibarən dünya arenasında tanınmağa, müstəqil dövlət kimi yeni strategiya xətti ilə inkişaf etməyə başladı.

Heydər Əliyev Azərbaycan ətrafında yaranmış gərgin vəziyyəti aradan qaldırmaq istiqamətində yeni xarici siyasət müəyyənləşdirdi. Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası prosesində ölkənin mənafeyini, maraqlarını qoruyaraq dünya ilə iqtisadi, ticari və mədəni sahələrdə yeni münasibətlər qurmaq, əlaqələri bərpa etmək, Azərbaycanı beynəlxalq müstəvidə möhkəmlətmək bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından olduqca vacib idi. Ən önəmli məsələ isə davam edən erməni təcavüzünün qarşısını almaq, torpaqlarımızın işğalı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq, bu təcavüzün əsl mahiyyətini, erməni ədalətsizliyini, ölkəmiz haqda beynəlxalq aləmdə yaradılmış mənfi imici aradan qaldırmaq idi. Heydər Əliyev sahib olduğu unikal diplomatiyası sayəsində beynəlxalq təşkliatların münaqişəyə olan qərəzli münasibətinə təsir etməyi bacardı. Dünyanın geosiyasi vəziyyətinə dolğunluqla bələd olan səriştəli dövlət xadimi nüfuzlu tribunalardan istifadə edərək ölkəmizin milli maraqlarına xidmət edən çıxışlar etmiş, fəal diplomatiyası sayəsində beynəlxalq aləmin məcburi şəkildə cəlb olunduğumuz müharibəyə münasibətini tam şəkildə dəyişməyə nail olmuşdur. Onun xarici siyasətinin ana xətlərindən birini sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmzlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Ulu Öndər, həmçinin ölkənin iqtisadi və hərbi gücü, ərazi bütövlüyü, əhalinin təhlükəsiz yaşamı, geosiyasi mövqeyi, təbii ehtiyatları və xarici ölkələrlə qurulan diplomatik münasibətlərin səmərəliliyini ən vacib inkişaf istiqamətləri olaraq müəyyən etmişdir. Düzgün müəyyən edilən hədəflər bir-bir həyata keçirilməyə başlandı. Azərbaycan özünün coğrafi mövqeyi, iqtisadi potensialından istifadə əsasında dünya dövlətləri və beynəlxalq qurumlarla əməkdaşlıq edərək əhəmiyyətli layihələrə qoşuldu. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran siyasətin gerçəkləşməsinə nail olundu. Azərbaycan artıq dünya ölkələri üçün etibarlı və vacib tərəfdaşa çevrildi. Gələcəyə yönəlmiş hədəflər bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Azərbaycanın gələcəyinin təməl daşlarını sağlam zəmin üzərində qururdu.

Milli mənsubiyyəti ilə ömür boyu fəxr etmiş Dahi Liderin həyatı, fəaliyyəti, vətən və millət sevgisi, təəsübkeşliyi hər birimizə örnəkdir. Vətənə sıx bağlılığı, dövlətçilik təfəkkürünün təbliğinə xüsusi əhəmiyyət verməsi ilə Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin formalaşmasına da güclü təsir göstərmişdir. Onun həyatının bütün mərhələlərində, fəaliyyətinin bütün istiqamətlərində xalqına olan sevgisini, zamanında atdığı bütün addımlarının Azərbaycanın gələcəyinə kökləndiyini bu gün aydın şəkildə görürük.

Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Onun qoyduğu yol, ideyalar, dəyərlər əsasında bərqərar olan müstəqil Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Buna zəmin yaradan isə Heydər Əliyev siyasi kursunu böyük əzmkarlıq və qətiyyətlə davam etdirən ölkə rəhbərimiz İlham Əliyevdir.

İmmiyə Zamanova

YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə