Füzuli ən abad, ən inkişaf edən rayonlarından birinə çevriləcək – DEPUTATIN ŞƏRHİ

Füzuli ən abad, ən inkişaf edən rayonlarından birinə çevriləcək – DEPUTATIN ŞƏRHİ

“Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin şəhər günlərini təsis edilməsi ilə bağlı imzaladığı sərəncamlardan sonra həmin tarixlərdə əhəmiyyətli və yaddaqalan tədbirlər keçirilir. Prezidentimiz Füzuli şəhərində keçirilən “Şəhər Günü”ndə iştirak etdi və sakinlərlə görüşdü. Görüşdə ölkə başçısı maraqlı fikirlər söylədi. İlham Əliyev çıxışı zamanı qələbənin memarı olan şəhid, qazi, əsgər və zabitlərimizin böyük töhvəsini qeyd etdi, xalqımızın qəhrəmanlıqlarını heç bir zaman unutmayacağımızı bildirdi. Bəli, cənab Prezidentin də qeyd etdiyi kimi, artıq Füzuli şəhəri yenidən qurulur, dirçəlir. Bu fonda da hissəli şəkildə ailələr Füzuliyə köçürülür. Qarşıdakı illərdə Füzuli sakinləri tamamilə yenilənərək, bərpa edilmiş şəhərdə yaşayacaqlar. Böyük Qayıdış konsepsiyası bütün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək və uzun illər yurd-yuvasından ayrı düşmüş sakinlər öz ata-baba evlərinə geri dönəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş Füzuli rayonu yenidən qurulur, tikilir və abadlaşır: “İndiyədək rayonda 800-dən çox vətəndaşımız məskunlaşıb. İlin sonuna kimi bu say 2000-dən yuxarı olacaq. Artıq Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna kimi rayonda 22 min insan məskunlaşacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin rayona səfəri zamanı bu rəqəmlər bir daha diqqətdə oldu və bildirildi ki, Füzuli respublikanın ən abad, ən gözəl və ən inkişaf edən rayonlarından birinə çevriləcəkdir. Bunun əsasları var, çünki Füzuliyə diqqət, qayğı çox böyükdür və Prezident səfəri zamanı bunu bir daha qeyd etdi. Səfər zamanı təməli qoyulan bir çox müəssisələrin, uşaq bağçalarının, tikinti obyektlərinin, idman kompleksinin, inzibati mərkəzin, iki kəndin tikintisinə, abadlaşdırılmasına göstərilən qayğı gələcəkdə deyilənlərin həqiqətə çevriləcəyinə bir zəmanət verir. Prezident rayon sakinləri ilə görüşündə bildirdi ki, Füzuli işğaldan azad olunanda bayraq sancmaq üçün burada bir bina tapılmadı, ancaq bu gün məktəb, inzibati binalar, digər çox mühüm obyektlər inşa edilməkdədir. Füzulinin inkişafı sözsüz ki, regionun inkişafına da öz təsirini göstərəcəkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə