İLHAM ƏLİYEV - Xarizmatik Lider, Fateh Sərkərdə - ANALİTİK

İLHAM ƏLİYEV - Xarizmatik Lider, Fateh Sərkərdə - ANALİTİK

Bir xalqın tarixi inkişafına, güclü dövlətin kriteriyalarına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında xarizmatik liderlərin rolu həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar mürəkkəb tarixi anlarda xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilirlər. Məhz bu mənada, Azərbaycan xalqı da çox xoşbəxtdir ki, müasir dünyanın ən nüfuzlu şəxsiyyətlərindən biri olan İlham Əliyev kimi bir Liderə etimad göstərib, onun ətrafında sıx birləşib.

Məlumdur ki, liderin şəxsi keyfiyyətləri, bacarığı, intellekti onun genindən, böyüdüyü ailə mühitindən, təhsilindən, yaşadığı cəmiyyətdən və s. formalaşır. Məhz İlham Əliyevin də doğulduğu ailə və yaşadığı mühit Onun xarizmatik lider kimi formalaşmasında böyük rol oynayıb. Xüsusilə də İlham Əliyevin lider kimi yetişməsində daha bir mühüm amil dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin məktəbindən dərs alması olmuşdur. Ona görə də bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi və azərbaycançılıq təməlində olan bütün prioritetləri, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası İlham Əliyevin əməli-işində özünü göstərir.

2003-cü ilin prezident seçkiləri ərəfəsində Dahi Şəxsiyyət Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu sözlər oğul Əliyevin təkcə xalqa təqdimatı deyildi, həm də bir atanın oğula nəsihəti, ona inamı, bacarığı, işgüzarlığı, intellekti, bir sözlə mükəmməl bir şəxsiyyətə etimadı və ümidi idi. Belə də oldu siyasi kursa sadiqliyini nümayiş etdirən gənc lider xalqın dəstəyi ilə yeni yola start verdi.

20 il - Dövlətçilik uğrunda...

2003-cü ilin 15 oktyabrında keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə Ulu Öndərə sadiqliyini bir daha göstərdi və sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən onun ilk vədi suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq və hər bir azərbaycanlının prezidenti olmaq idi: “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam...". O öz vədinə sadiq qalaraq, hər bir azərbaycanlının prezidenti olmaqla yanaşı, xalqın sevimli Liderinə çevrildi. Ötən 20 il ərzində müxtəlif iqtisadi proqramlar, sosial proqramlar həyata keçirildi və dövlətin güclənməsi, xalqın firavanlığı üçün bütün bacarığını səfərbər etdi.

Prezident İham Əliyevin siyasi qayəsi və amalı bilavasitə milli-mənəvi dəyərlər və yuxarıda da qeyd olunduğu kimi, azərbaycançılıq ideologiyası üzərində təşəkkül tapdı və bu xüsusda öndə dayanan bir nömrəli məqsəd ölkəmizin inkişafı və tərəqqisi ilə yanaşı, həm də torpaqlarımızın düşmən işğalından azad olunmasında idi. O, Prezident Andı içərkən və hələ Zəfər tarixindən öncə verdiyi sözlərə sadiq qaldı: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. Işğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır”.

Bəli, bir zamanlar ATA Əliyev Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanı düşmənlərin cəngindən xilas etdisə, onu inkişaf, tərəqqi yoluna doğru yönəltdisə, OĞUL Əliyev isə sözü, əməli ilə dedi və etdi. ATA vəsiyyətinə, verdiyi sözə əməl edən İlham Əliyev başladılan işi başa çatdırıb, adını Azərbaycan tarixinə FATEH SƏRKƏRDƏ kimi qızıl hərflərlə yazdı. Artıq bütöv Azərbaycan dövləti və sərkərdəsi ətrafında yumruq kimi bir olan, vahidlik rəmzi daşıyan yenilməz xalq faktoru ən möhkəm dayaqlara söykənərək öz qalibiyyət mövcudluğunu sübuta yetirib.

200 ildir ki, qələbə və zəfər həsrəti ilə yaşayan xalqımız Fateh Sərkərdə - İlham Əliyev reallığı ətrafında Qarabağ torpaqlarımızı, Zəngəzur dağlarımızı yağı düşmən caynaqlarından xilas edərək eyni zamanda, Türk dünyasına zəfər, qələbə şərbətini içirmiş oldu! Müzəffər Sərkərdə İlham Əliyev Şuşanı və digər torpaqlarımızı İŞĞALDAN AZAD EDƏRƏK XALQA HƏDİYYƏ ETDİ. Bu, eyni zamanda doğma vətən torpaqlarımızın azad olunmasını arzulayıb görə bilməyən azərbaycanlıların, vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhuna, bugünkü və gələcək nəsillərə Fateh Sərkərdə İlham Əliyevin layiqli hədiyyəsidir.

44 günlük Vətən müharibəsinin qalibi olan qüdrətli Azərbaycan dövlətinin, qədirbilən Azərbaycan xalqının və güclü Milli Ordumuzun bir yumruq kimi birləşərək, vahid şəkildə müdrik Sərkərdənin rəhbərliyi ilə göstərdiyi şücaətlər, qəhrəmanlıqlar isə müasir dünyanın yeni tarixini yazdı.

Stereotipləri kökündən məhv edən SƏRKƏRDƏ

Qısa arayış: Ərazisinin bir hissəsi - 20%-i işğal altına düşmüş, xalqının vətəndaşlarının təxminən 12-13%-i qaçqın və məcburi köçkün vəziyyətinə düçar olmuş, dövlətçiliyi, müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə, iqtisadiyyatı dağılmış və iqtisadi potensialı, nizami ordusu olmayan Azərbaycanı dünyada siyasi nüfuza sahib, müzəffər güclü orduya, funksional, stabil inkişaf edən kifayət qədər iqtisadi potensiala, regional və qlobal söz sahibi olan müstəqil, qüdrətli, qalib dövlətə çevirmək sözsüz ki, ardıcıl strateji və düşünülmüş siyasətin nəticəsidir.

Məhz bu konspeksiyanı dərindən araşdırarkən bir daha əmin oluruq ki, İlham Əliyevin strategiyası və mükəmməl siyasi analitik qabiliyyətinə malik olması fonunda ideoloji əsasların bir sıra funksional amilləri dayanır. Əgər Vətən müharibəsinə qədər dünyanın siyasi arenasında dövlətimiz iqtisadi və sosial cəhətdən tərəqqi yolunu tutan dövlət kimi qəbul edilirdisə, Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan paralel olaraq dünyanın ən aparıcı ordularına məxsus militar - yəni mükəmməl hərbi gücə malik olan dövlətləri sırasında yer aldı. Çünki İlham Əliyevin Sərkərdəliyi və Liderliyi ilə bu vaxta qədər olan stereotiplər kökündən məhv edildi. Azərbaycan xalqı onun ətrafında sıx birləşərək azərbaycançılıq, milli ideya formalaşması fonunda öz qalibiyyətinə doğru inamla irəlilədi. Artıq bu gün xalqımız, dövlətimiz dünyada layiq olduğu yerdə qərarlaşıb, yüksək tribunalardan başı dik tutaraq həqiqətləri söyləyir. Bütün bunlara görə xalq öz Müzəffər Ali Baş Komandanına, ordusuna minnətdardır!

STRATEQ...

Təbii ki, qazanılan uğurlar arxasında dayanan daha bir gerçəklik Lider İlham Əliyevin qətiyyətli və müstəqil siyasətidir. Əgər bu gün Azərbaycan müstəqil siyasəti ilə dünyanın siyasi arenasında öz sözünü deyirsə, təşəbbüslərini irəli sürərək onları qəbul etdirirsə bu, həm də dövlətimizin müstəqilliyinin bariz isbatıdır. Və biz bir daha Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm ştrixləri görməkdəyik – dürüst və dönməz siyasi iradə, xalqa açıq siyasət və xalqla müzakirə, dünya liderləri ilə görüşlərində və müxtəlif platformalarda konkret təşəbbüslər və təkliflər.

Belə bir möhtəşəm liderlik keyfiyyətləri sözün əsl mənasında hər dövlət başçısında olmur və hələ 2003-cü ilin prezident seçkilərində xalqın iradəsi sayəsində dövlətin ali idarəçilik postuna seçilən 42 yaşlı İlham Əliyev əslində o dövrün çətinliklərini bütün məsuliyyəti öz üzərinə götürməsi ilə ilk qətiyyətli addımını atmış oldu. Onun məqsədi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq sevgisini, Vətən və Xalq məhəbbətini yeni strateji impulslarla bir araya gətirmək, dünyaya əsrarəngiz, mükəmməl bir dövlət təqdim etmək oldu.

Böyük Azərbaycanlı...

Onu da qeyd edək ki, Azərbaycan tarixinin ən ciddi, həyati əhəmiyyətli, dönüş məqamı və dönüş mərhələsinin yaşandığı bir dövrdə xalqına rəhbərlik, sərkərdəlik etmək missiyası nəsib olmuş İlham Əliyev ən böyük Azərbaycanlı olaraq öz adını qürur tariximizə həkk edib. O, xaraktercə həm islahatçı, həm yeniliklərin mənimsənilməsi və daha da modernləşdirilib tətbiq olunmasında təşəbbüskar və ən əsası – milli-ideoloji dəyərlərimizi mühafizə edən, onu dünyaya məxsusi olaraq təqdim etməyi bacaran LİDERDİR. Əbəs deyil ki, bu gün İlham Əliyev deyərkən düşüncələrdə Şərq və Qərbin mühüm dəyərlərini bir araya gətirən müasir Lider tərənnümü formalaşır. İlham Əliyev bu mənada da Azərbaycançılıq ideologiyasını beynəlxalq aləmə təqdim edərək xalqının öz tarixi milli köklərinə sahib olduğunu sübut edir.

Hər bir vətəndaşın qürur yeri...

Növbəti qısa arayış: Ərazisinin 20 %-nin işğal, əhalisinin 10%-nin məcburi köçkün halında yaşamaq məcburiyyətində qalma səbəbi müstəqilliyimizə təhdidlər fonunda Azərbaycan dövlətinin yerləşdiyi vacib strateji-geosiyasi mövqedə və neft ölkəsi olaraq tam müstəqil siyasət yürütməsi bugünkü dünyanın möcüzələrindəndir. Azərbaycanın vəziyyətində olan və Azərbaycan böyüklüyündə ikinci bir ölkə yoxdur ki, müstəqil siyasət həyata keçirə bilər, həm də müsəlman ölkəsi olaraq!

Və ən nəhayət, İlham Əliyev Qarabağımızın incisi Şuşa şəhərinin azad edildiyi gün qürurla bəyan edən mütərəqqi Azərbaycançıdır! Şuşanı işğaldan azad edən Müzəffər Sərkərdə "Mən ona özüm qədər inanıram" deyən Ulu Öndərin Ata vəsiyyətini yerinə yetirdi – bu vəsiyyətin təməlində Azərbaycançılıq ideologiyasının tarixi məfkurələri dayanırdı!

Bu gün Ulu Öndərin yolunu davam etdirən İlham Əliyev həm də onun irsinin, milli ideyalarının, Azərbaycançılıq təməllərinin və siyasi yolunun uğurla davam etdirilməsi yönündə müstəqil və qətiyyətli siyasətini həyata keçirməsi ilə müstəqil, güclü və qüdrətli Azərbaycan reallığını dünyaya təsdiq və təsbit edir. Qələbədən sonra dünyaya tam yeni bir Azərbaycan, yeni bir lider və sözün əsil mənasında sənəddə və əməldə müstəqil olan ölkə təqdim olunur. Bu gün yeni tarix yazılır, qalib ölkənin qalib vətəndaşının yeni baxışı, təfəkkürü formalaşır və bu təfəkkürdə yeni ideologiya yaranmış olur. Bu, müstəqil azərbaycançılıq ideologiyasıdır. Hər bir vətənsevər və ruhu ilə dövlətinə, ölkəsinə bağlı olan Azərbaycan vətəndaşı onun Liderinin İlham Əliyev olmasından hədsiz qürur duyur!

İlham Əliyev yeni tarix yazmaqla şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanı olaraq yeni bir Xalq qəhrəmanın obrazını yaratmış oldu və bu qəhrəmanının portret cizgiləri çox səlis, incəliklərinə qədər aydın görünür. Əgər zamanında Türk dünyasının fatehi Sultan II Mehmet İstanbulu fəth edən sərkərdə kimi tarixə düşübsə, müasir dövrümüzdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasını birləşdirməyə, Turan arzularını gerçəkliyə çevirməyə çalışırsa və buna nail olursa, İlham Əliyev faktoru Türk dünyasının vahid və sarsılmaz birliyi istiqamətində qüdrətli və qalibiyyətli güc həqiqətini ortaya qoymaqdadır. Bu, bir irsi türkçülükdür və Atilladan, Əmir Teymurdan, Şah İsmayıldan, Fateh Mehmetdən gələn zəfər sədalarının duyumudur. Onun keçmiş və müasir liderlərdən bir fərqliliyi də, bəlkə də haradasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki, sanki Uca yaradan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan coğrafiyası üçün görəvləndirmişdir.

Məqaləmin sonunda ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçilin bir fikrini xatırlatmaq istərdim: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir". Bu gün İlham Əliyev məhz gələcək nəsillər, Türk dünyasının gələcəyi naminə bütün gücünü səfərbər edərək uğur trayektoriyasını cızır və silinməz izlərini qoyur.

Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə