Böyük perspektivli REGİONAL NƏQLİYYAT VƏ LOGİSTİKA QOVŞAĞI – TƏHLİL

Böyük perspektivli REGİONAL NƏQLİYYAT VƏ LOGİSTİKA QOVŞAĞI – TƏHLİL

Cənubi Qafqazın nəqliyyat və loqistika məsələləri ilə bağlı son illərdə baş vermiş bütün dəyişikliklərdən Azərbaycan faydalanmaqdadır. Diqqətə çadıraq ki, hazırda əksər qlobal aktorlar ölkəmizi məhz regionun nəqliyyat və loqistika reallıqlarından, Cənubi Qafqazda son illərdə baş vermiş dəyişikliklərdən ən çox faydalanan ölkə kimi tanıyırlar. Əslində, həqiqətən də belədir. Təsadüfi deyil ki, son üç ildə Avropa ölkələri, o cümlədən Rusiya, Çin, Mərkəzi Asiya ölkələri Orta Dəhliz çərçivəsində ölkəmizin ərazisindən tranzit daşımalarının təşkili üçün öz variantlarını təklif edirlər. Artıq beş ildir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınması da daxil olmaqla, bu dəhlizin birləşmiş dəniz və dəmir yolu komponenti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu fəaliyyətdədir və haqlı olaraq bu, böyük uğur hesab olunur.

Bəli, həqiqətən də Azərbaycan regional nəqliyyat və loqistika qovşağı layihəsinin icrasını sürətləndirməkdədir və bu layihənin reallaşdırılması bundan sonra daha böyük perspektivlər vəd edir. Xüsusən də Qarabağ bölgəsində lokal antiterror tədbirlərinin uğurla başa çatdırılmasından, separatçılığın, terrorçuluğun kökünün kəsilməsindən, işğaldan azad olunan ərazilərində də qanunçuluğun bərqərar edilməsindən, təhlükəsizliyin təminatından sonra Zəngəzur dəhlizində polad magistralların və yol infrastrukturunun çəkilməsi işlərinin sürətləndirilməsi Azərbaycanın uğurlarının davamlı xarakter daşıdığını təsdiq edir və nikbin proqnozlar üçün əsaslı zəmin yaradır. Həqiqətən də ölkəmiz regional nəqliyyat və loqistika qovşağı layihəsinin icrasına davamlı olaraq öz tövhələrini verməkdədir.

Azərbaycanın Zəngilan rayonunun Ağbənd kəndi yaxınlığında İranla birgə avtomobil körpüsünün və gələcək sərhəd-gömrük infrastrukturu obyektlərinin çəkilişi ilə bağlı mərasimin keçirilməsi nəqliyyat kommunikasiyaları baxımından uğurların davamlı olacağını təsdiqləyir. Ələlxüsus da, 123,5 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun əsas tərkib hissəsi sayılan yeni körpü tikintisi bu baxımdan diqqətə layiqdir. Həm də ona görə diqqətə layiqdir ki, Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiyaları ilə bu marşrut Türkiyəyə birbaşa çıxış üçün birləşdiriləcək. Deməli, bu marşrutun nə dərəcədə, nə qədər əhəmiyyətli olması artıq indidən bəllidir və xüsisilə də nəzərə alınır.

Şərq-Qərb istiqamətində daşımaların sürətlə artan həcminə diqqət etdikdə görürük ki, yük daşınması təkcə 2022-ci ildə 75% artıb. Bu artımın davamlı xarakterdə olacağını nəzərə aldıqda isə, belə qənaətə gəlmək olur ki, Bakı-Tbilisi-Qars xəttinin tutumu tezliklə tam olaraq kifayət etməyə bilər. Məhz elə bu baxımdan da hazırda yükdaşıma qabiliyyətinin ildə 1 milyon tondan 5 milyon tona çatdırılması üçün modernləşdirmə işləri aparılır. Nəzərə alsaq ki, “Şimal-Cənub” layihəsi çərçivəsində kiçik həcmdə yüklər daşınmır və Rusiya-İran yük tranzitinin genişləndirilməsi planları fonunda əlavə daşıma qabiliyyətinə ehtiyac xeyli artacaq, deməli, nəqliyyat və loqistikanın şaxələndirilməsi çərçivəsində işlər tamamilə məntiqi və məqsədəuyğundur. Bütün bunlar nəzərə alınaraq, qələbəmizlə başa çatan 44 günlük Vətən Müharibəsi bitdikdən dərhal sonra Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda yol infrastrukturunun tikintisi və relslərin çəkilməsi işlərinə başlanıldı və görülən işlər təbii ki, daha böyük uğurlar vəd edir.

Üç ildən az bir müddətdə Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən marşrutun 110,4 kilometrlik birxətli dəmir yolu hissəsinin üçdə ikisindən çoxunun çəkilişi təsdiq edir ki, “Zəngəzur dəhlizi” adlanan transsərhəd beynəlxalq marşrutun kommunikasiyalarının formalaşması çox uğurla davam edir. Diqqətə çatdıraq ki, bu layihə çərçivəsində tunellərin, körpülərin, dəmir yolu stansiyalarının tikintisi, müxtəlif təyinatlı çoxlu sayda mühəndis konstruksiyasının ucaldılması planlaşdırılır. Həmçinin, uzunluğu 123,5 km olan, bir hissəsi altı zolaqlı olacaq birinci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun dördzolaqlı hissəsində 2021-ci ilin oktyabr ayından tikinti işləri aparılır, hansıki son vaxtlar bu layihə üzrə işlərin sürətləndirilməsi sayəsində onun ümumi həcminin 80 faizi tamamlanıb. Hətta, cari ilin sonunadək bu avtomobil yolunda tikinti işlərinin 90 faizdən çoxunun başa çatdırılacağı gözlənilir. Nəzərə çatdıraq ki, bütün bunların fonunda cari ilin 6 oktyabr tarixində Zəngəzur dəhlizinin formalaşmasında daha bir mühüm mərhələ başlandı. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi çərçivəsində Azərbaycan-İran sərhəddində, Zəngilan rayonunun Ağbənd kəndi ərazisində avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi oldu və Araz çayında sahil bərkitmə tədbirlərinə başlanıldı, hansıki butün bunlar strateji baxımdan olduqca əhəmiyyətlidir.

Xatırlatmaq yerinə düşərdi ki, Horadizdən Ağbəndə gedən avtomobil yolunun Ermənistanın Mehri rayonu ərazisindən davam etdirilməsi, daha sonra da Naxçıvanın nəqliyyat arteriyaları ilə birləşdiriləcəyi planlaşdırılırdı, hansıki əslində bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin razılaşdığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda da nəzərdə tutulmuşdu. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutdu. Tamamilə fərqli və uyğunsuz tələblər irəli sürən Ermənistan dəhliz məsələsi ilə bağlı da manipulyasiya etdi. İrəvanın bu manipulyasiyaları ümumilikdə danışıqlar prosesini ləngitdi, hətta onu dalana dirədi və yanaşmasının konstruktiv olmadığı, qeyri-konstruktiv olduğu barədə rəsmi Bakı xəbərdarlıq etsə də Ermənistan tərəfi bundan nəticə çıxarmadı. Təbii ki, nəqliyyat kommunikasiyalarına belə etinasızlıq Ermənistanın özünə ziyan vurur, onu iqtisadi imkanlardan məhrum edir və Zəngəzur dəhlizi Ermənistan ərazisindən yan keçərsə, həmin ölkə iqtisadiyyatını inkişaf etdirmək, təkmilləşdirmək üçün daha bir əlverişli fürsəti əldən vermiş olur. Sözsüz ki, bütün bunları, daha dəqiq desək, Ermənistanın manipulyasiyalarını, qeyri-konstruktiv yanaşmasını nəzərə alan rəsmi Bakı 2022-ci il 11 mart tarixində “Azərbaycan və İran hökumətləri arasında yeni yolların yaradılmasına dair Anlaşma Memorandumu” çərçivəsində Zəngəzur marşrutunun alternativ variantı haqqında saziş bağladı və artıq 55 km uzunluğunda avtomobil yolunun, eləcə də Araz çayı üzərindən 4 sərhəd körpüsünün tikintisi və relslərin birləşdirilməsi ilə paralel dəmir yolu xəttinin tikintisi üzrə layihənin razılaşdırılması aparılan siyasətdə uzaqgörənlik deməkdir və uğurlu nəticələrə hesablanıb.

Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun təməlinin qoyulması ilə bağlı təntənəli mərasim Zəngəzur dəhlizinin alternativ variantının həyata keçirilməsinə start verildiyini göstərir. Diqqətə çatdıraq ki, yeddi zolaqlı yeni körpünün tikintisi ilə gündə ən azı 1100 ağır yük maşınının, o cümlədən 15 minə yaxın insanın və onlarla avtobusun maneəsiz keçidi təmin olunacaq. Bütün bunların fonunda təntənəli mərasim zamanı həmçinin İran ərazisindən keçməsi planlaşdırılan daha üç körpünün və tranzit dəmir yolu xəttinin tikintisi layihələri də nəzərdən keçirilib. Sözsüz ki, bu tədbirlər nəticəsində regionun tranzit imkanlarının xeyli genişlənəcəyi, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış imkanlarının təkmilləşdiriləcəyi, yüklərin daşınmasının asanlaşdırılması istiqamətində addımlar atılacağı, yeni yolun həm Azərbaycan, həm İran, həm də bütün region üçün vacib olan tranzit yük daşımalarına xidmət edəcəyi diqqətdən yayına bilməz. Bütün bünlar nəzərə alınaraq, eləcə də həmin məsələlərin həlli üçün İran İslam Respublikası ilə artıq razılıq əldə olunub. Heç kim üçün sirr deyil ki, Ağbənddən Naxçıvana yol əlaqəsi Şərqi Zəngəzur iqtisadi rayonunun infrastrukturunun mühüm tərkib hissəsi sayılır və işlər başa çatdıqdan sonra rayon nəhəng Avrasiya regionuna xidmət göstərən loqistika mərkəzinə çevriləcək.

Əlbəttə ki, qardaş Türkiyə də Azərbaycanın Zəngəzur dəhlizinin formalaşdırılması planları ilə tam razıdır. Son dövrdə bu nəqliyyat arteriyasının Türkiyə seqmentində də işlərinin sürətləndirilməsi, ələlxüsus da, nəqliyyat dəhlizinin Türkiyə hissəsində Dilucu, İğdır və Qarsda işlər aparılması və həmin işlərin bu il başa çatdırılmasının planlaşdırılması barədə Türkiyə Nəqliyyat Departamentinin açıqlamalarında qeyd edilməsi bunu bir daha təsdiq edir. Bu il 25 sentyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri zamanı qardaş ölkənin başçısı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qars-Naxçıvan dəmir yolu tikintisinə dair niyyət protokolu imzalamaları da sıradan bir hadisə deyil, sözügedən dəhlizin formalaşdırılması planlarının üst-üstə düşdüyünü təsdiq edən məqamdır. Xatırlatmaq tamamilə yerinə düşərdi ki, Qars-İğdır-Aralıq-Diluçu-Sədərək marşrutu üzrə 214 km uzunluğunda dəmir yolu xəttinin çəkilməsi üçün Ankara və Bakı təxminən doqquz il əvvəl ilkin layihəni artıq hazırlayıblar, hansıki bu məqam razılığın artıq çoxdan oduğunu təsdiq edir.

Etiraf etmək lazımdır ki, Cənubi Qafqazın nəqliyyat və loqistika məsələlərinin öz həllini tapması digər region olkələrindən daha çox Azərbaycan üçün faydalıdır. Çünki Cənubi Qafqazda nəqliyyat və loqistika ən çox ölkəmizin imkanlarının dəfələrlə artması, əlaqələrinin genişlənməsi deməkdir. Doğrudur, nəqliyyat və loqistika bütövlükdə region ölkələri üçün olduqca böyük əhəmiyyət kəsb edir, baxmayaraq ki, bunu Ermənistan kimi məsələyə qeyri-konstruktiv yanaşma sərgiləyən bir ölkə düzgün dəyərləndirə bilmir, amma nəinki qardaş Türkiyə, İranın belə bu məsələdə maraqlı olduğunu gizlətməməsi təsdiq edir ki, həmin o nəqliyyat və loqistika məsələləri region ölkələrinin maraq dairəsindədir. Amma ölkəmiz üçün daha böyük perspektivlər vəd etdiyi daha aydın, daha qabarıq şəkildə özünü göstərir və etiraf olunmalıdır ki, ən çox faydalacaq ölkə məhz Azərbaycan hesab olunur. Elə ona görə də böyük perspektivli regional nəqliyyat və loqistika qovşağının istənilən halda reallığa çevriləcəyi zərrə qədər də şübhə doğurmur, çünki Azərbaycan öz qarşısına qoyduğu bütün məqsədlərə nail ola bilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə