“Yevlax görüşü sülh üçün yeni perspektivlər açdı” - DEPUTAT FİKİR BİLDİRDİ
“Yevlaxda keçirilən görüş Qarabağda yaşayan ermənilərin Azərbaycan Konstitusiyasını qəbul etməsi hadisəsidir. Yəni artıq tarixi zəfərimizdən ötən 3 il ərzində yeni mərhələ yaradan bir hadisədir, Azərbaycanın konstitusion quruluşunun bütün ərazilərində tətbiq olunmasının başlanğıcıdır. Eyni zamanda Yevlaxda keçirilən görüş sülh üçün yeni perspektivlər açan hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində silahlı hərbi birləşmələr, terrorçular olduğu müddət ərzində, sülhü əldə etmək də bir o qədər çətinləşirdi: “Buna görə də lokal xarakterli anti-terror tədbirlərindən sonra ermənilərin silahsızlaşdırılması həm də Yevlax görüşünü şərtləndirirdi.
Qarabağda yaşayan sakinlərin Azərbaycana yardımla bağlı müraciət etməsi, onların ehtiyaclarının qarşılanması ilə bağlı istəklərini dilə gətirmələri Azərbaycan dövlətinin qanunlarının qəbul edilməsi idi. Eyni zamanda bu reinteqrasiyanın başlanğıcı deməkdir. Çünki bu vətəndaş itaətindən sonra biz əlbəttə, reinteqrasiyadan danışa bilərik. Azərbaycan Konstitusiyasına uyğun olaraq onların hüquq və təhlükəsizliklərini təmin edə bilərik. Nəticə etibarı ilə bu Azərbaycan qanunları və Konstitusiyasına Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başlanğıcıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə