Ali Baş Komandandan növbəti xəbərdarlıq... - ANALİZ

Ali Baş Komandandan növbəti xəbərdarlıq... - ANALİZ

PREZİDENT İLHAM ƏLİYEV: "Bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz"

İki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə "hə" deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Amma bu kimi "mövqe" Ermənistan üçün yaxşı gələcək vəd etmir. Prezident İlham Əliyev müsahibələrində, mötəbər tədbirlərdə bildirib ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq.

Prezident İlham Əliyev müsahibələrində, mötəbər tədbirlərdə dəfələrlə bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər.

Ammv İşğalçı öle əvə ona havadar olanlar bilməlidirlər ki, 30 illik Qarabağ həsrətinə Qalib Lider, Ali baş Komandan, Prezident İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəmi 44 gündə son qoydu. Və Azərbaycvn Prezidenti İlham Əliyev hər zaman bildirir ki, sülhün qorunması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərmayə qouluşu üsün real zəmin yaratmış olacaq. Və…

ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİNİN YEGANƏ ÇIXIŞ YOLU OLDUĞUN ANLAYIR

Prezident İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə zamanı ölkə başçımız bir sıra vacib məqamlara toxunub. Dövlətimizin başçısının da vurğuladığı kimi, 10 noyabrda imzalanan sənəd Bəyanatdır, sülh müqaviləsi deyil. Azərbaycan sülh müqaviləsinin bağlanmasında maraqlı olan tərəfdir.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Ölkə başçısı Prezident İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı bir daha sülhün vacib olduğunu vurğuladı və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə, erməni icmasına və Ermənistandakı ermənilərə bir sıra vacib mesajlarını çatdırdı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, "Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır."

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni azlıqlarınada mesajını çatdıraraq qeyd etdi ki, "Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk".
Çünki bu gün….

AZƏRBAYCAN SÜLHƏ, SÜLH DANIŞIQLARINA SADİQDİR

Cənab Prezidentin "Euronews" televiziyasına müsahibəsində konkret beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın Konstitusiyasına, xalqın arzu və istəyinə, iradəsinə uyğun olaraq səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər bu gün dünyada müzakirə olunur. Müsahibədə Azərbaycanın maraqları ortaya qoyuldu və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan haqqında yalan informasiya yayılmasın. Laçın yolu ilə bağlı məsələlər bundan əvvəl Avropa İttifaqında müzakirə olunanda razılığa gəlindi ki, Qarabağa humanitar yardım Ağdam yolu ilə daşınsın. Bununla bağlı bütün infrastruktur, yol var, şərait yaradılıb. Azərbaycan da təsdiq edir ki, ermənilər Ağdam yolundan maneəsiz keçə bilərlər. Cənab Prezident gömrük postunu və buradan 2 mindən artıq erməninin keçdiyini də diqqətə çatdırdı. Beynəxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması da dünya ictimaiyyətinin nəzərinə çatdırıldı ki, Komitə öz funksiyasının əvəzinə tamamən başqa işlərlə məşğul olur. Bir sözlə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü təsdiq olundu ki, 86,6 kvadrat-kilometr ərazi Azərbaycanın, 29,9 isə Ermənistanındır. Bu, artıq sərhədlərin müəyyənləşdirilməsi üçün razılığa gəlinən məsələdir. Sovet İttifaqı dağılanda bununla bağlı qərar qəbul olunub, sərhədlər bu cür tanınıb. Sülh müqaviləsi də buna uyğun imzalanmalıdır. Əfsus ki, qeyri-qanuni silahlı dəstələrin hələ də Qarabağda olması, təxribat törətməsi, Azəbaycan sərhədlərinə atəş açılması - bütün bunlar sülhə ciddi problem yaradır. Baxmayaraq ki, Baş nazirlərin müavinləri səviyyəsində danışıqlar gedir. İcmalar arasında da bu yaxınlarda danışıqlar olacaq. Qarabağda yaşayan ermənilərlə növbəti görüş olmalıdır. "Euronews" telekanalına müsahbəsində Prezident İlham Əliyev Ermənistandakı ermənilərə müsaj ünvanlayaraq bildirb ki, biz onların dövləti ilə sülh istəyirik: "Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".
Və bu gün…

"SÜLH DANIŞIQLARI İLƏ BAĞLI MÖVQEYİMİZ AYDINDIR, MƏNTİQLİDİR, BEYNƏLXALQ HÜQUQA ƏSASLANIR"

Dövlətimizin başçısı müsahibəsində onu da bildirib ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Çünki Azərbaycan öhdəliklərinə sadiq ölkədir. bu gün 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, Ermənistan tərəfi ilə sülh sazişinin imzalanmasının uzanması artıq beynəlxalq münasibətlər, o cümlədən qlobal informasiya təbliğatında Azərbaycanın ardıcıl və daha böyük işlər görməsini diktə edir.

Bir sözlə, Prezident İlham Əliyev "Euronews"a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq.

Prezident İlham Əliyev vasitəçilikdə iştirakla bağlı bir-biri ilə rəqabət aparan, özünün iştirak etmədiyi formatı qıcıqla, bəzən isə yersiz aqressiya ilə qarşılayan dairələrə bu mühüm mesajı da verdi: "Əsas məsələ odur ki, istər Moskva, istərsə də Vaşinqton olsun, hər iki vasitəçi danışıqlar üçün şərait yaradır. Bu, üçtərəfli danışıqlar deyil, bu, ikitərəfli danışıqlardır".

Və Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Sülh müqaviləsi imzalanacaqsa bu yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, "bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik".
Çünki…

"BU GÜN BİZİM İRADƏMİZƏ HEÇ KİM TƏSİR EDƏ BİLMƏZ"

"Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz". Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

"Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz", - deyən dövlətimizin başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.

Bəli, dövlət başçımızın söylədiyi kimi, bu gün Azərbaycanını mövqeyi irmənalıdır, açıqdır, haqqın, ədalətin tərəfdarıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı onu da bildirib ki, bu gün bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar: "Ermənistandan fərqli olaraq onların şəhərlərini "İsgəndər", "Toçka" və "Elbrus" raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir".

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: "Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq".

Bir sbzlə, sözü ilə əməli üst-üstə düşən Qalib ölkənin Qalib Lideri, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 illik Qarabağ torpaqlarını vəhşi, işğalçı Ermənistanın əsarətində "Dəmir Yumruq" siyasətinə tabe olan Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu və dövlət başçımızın Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı dediyi kimi: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".

Beləliklə, əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Ermənistan rəhbərliyi sözlə ifadə etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərindəki suverenliyini rəsmi sənəddə də tanımalıdır. Sülhün, regionda dinc birgəyaşayışın bu şərtlərdən kənarda alternativi yoxdur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə