PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır"
RƏCƏB TAYYİB ƏRDOĞAN: "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür"
Azərbaycan və Türkiyə dost, qardaş və rəsmi müttəfiq. Bu vaxta qədər çox böyük sınaqlardan keçən bu iki ölkə dünya miqyasında bir-birinə ən yaxın müttəfiqə çevrilib. Bu gün trixi köklərə bağlanan qardaşlıq birliyi bundan sonra da daha da möhkəmlənəcək. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarını cavablandırıb. Cənab Prezident qeyd edib ki, Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır: “Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik”.
ŞUŞA BƏYANNAMƏSİ DÜNYAYA ÇOX AÇIQ BİR MESAJDİR Kİ, BİR MİLLƏT, İKİ DÖVLƏTDƏN İBARƏT ÇOX MÖHTƏŞƏM BİR BİRLİK NÜMUNƏSİ OLAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏMİŞƏ BİR YERDƏDİR, BUNDAN SONRA DA DAHA YÜKSƏK SƏVİYYƏDƏ BİR YERDƏ OLMAĞI DAVAM ETDİRƏCƏKDİR
Bəli, Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan və onun havadarları üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənəddir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki qardaş dövlət tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi dünyaya çox açıq bir mesajdir ki, bir millət, iki dövlətdən ibarət çox möhtəşəm bir birlik nümunəsi olan Azərbaycan və Türkiyə həmişə bir yerdədir, bundan sonra da daha yüksək səviyyədə bir yerdə olmağı davam etdirəcəkdir. Türkiyə Azərbaycan üçün strateji müttəfiqlikdən də yüksək dəyərlərə malik ölkədir. İki ölkə rəhbəri arasında şəxsi dostluğun olması Türkiyə-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsində əsas rol oynayır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti beynəlxalq görüşlərdə və tədbirlərdə öz ölkəsi ilə yanaşı, Azərbaycanın da milli maraqlarını səsləndirir və müdafiə edir. Ərazi bütövlüyümüzün təmin edilməsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi çox böyük rol oynayıb. Azərbaycan da Türkiyəyə öz dostluğunu həmişə nümayiş etdirir. Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri dünya dövlətlərinə örnək ola biləcək səviyyədədir. İki ölkə arasındakı münasibətlər yalnız hər iki dövlətin mənafelərinə deyil, dünyanın bütün dövlətlərinin və xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşamalarına xidmət edir. Azərbaycanla Türkiyə arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə mövcud əlaqələr dünyada ədalətin bərpasına, dövlətlərin bərabər hüquqa malik olmasına xidmət edir.
ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR
Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Belə ki, məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixi və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu Bəyannamədir.
Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini salaraq bildirmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün də Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir".
Xüsusilə də, Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu qardaşlıq və dostluq münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanan qardaşlıq birliyidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik məktubunda bir daha Şuşa Bəyannaməsinin iki qardaş ölkələrin arasında bu birliyin daha da möhkəm olacağının söyləyib: "Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük".
Məktubda o da vurğulanır ki, "Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.
TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”
Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir".
Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir: «Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.
"BU GÜN DƏ BİZ BİR YERDƏYİK, QARABAĞIN İNŞASINDA BƏRABƏR, ÇİYİN-ÇİYİNƏ ÇALIŞIRIQ"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri zamanı bildirmişdir ki, bu gün Qarabağın bərpasında da qardaş Türkiyə Azərbaycanla bir yerdədir. Bir çox Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Dövlət başçımızın da söylədiyi kimi: «Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".
Bəli, bu birlik həm də yenilməzliyimizin təminatçısıdır və imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq.
ŞUŞA BƏYANNAMƏSİ BÖLGƏDƏ SÜLH, SABİTLİK VƏ FİRAVANLIQ ÜÇÜN GÜCLÜ BİR ÇAĞIRIŞDIR
Bəli, Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır və hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızıın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verəcəklər. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.
“GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR”
Bir sözlə, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”. Bəli, bu gün Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”.
Dövlət başçımızın dediyi kimi: "Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb”. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsini imzalamaqla hər zaman Azərbaycanın yanında olacağını rəsmən elan etdilər. Bu, tarixi hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB