"İki ölkə arasında yekdil mövqe mövcuddur" - DEPUTAT ŞƏRH ETDİ

"İki ölkə arasında yekdil mövqe mövcuddur" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-Çin münasibətləri bugünkü gündə yüksək səviyyədədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, qarşılıqlı maraqlara cavab verən ikitərəfli münasibətlər ildən-ilə daha yüksək səviyyəyə çatır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Çin Respublikası dövlətimizlə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Bu gün Azərbaycan və Çin arasında hər hansı anlaşılmazlıq və ya narahatçılığa səbəb olacaq məsələ yoxdur. İqtisadi sahədə əməkdaşlığımız getdikcə artır. Bu iki dövlət arasında ticarət dövriyyəsinin həcmi böyüməkdə davam edir. Birgə layihələrimiz həyata keçirilir. Eyni zamanda, Çin Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda davam edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi, hər iki tərəfin maraqlarına cavab verəcək səviyyəyə yüksəlməsi üçün hər cür potensial var: “Çin Azərbaycanın onun “Vahid Çin” konsepsiyasını dəstəkləməsini hər zaman məmnunluqla qarşılayır. Azərbaycan Tayvan adasını Çinin bir hissəsi hesab edir və vahid dövlət yaradılmasını həmişə dəstəkləyir. Dünya birliyində siyasi məsələlərdə bizim yekdil mövqeyimiz mövcuddur. Bundan sonra da bu əlaqələrin genişlənməsi üçün hər cür zəmin var. Azərbaycan Prezidentinin Çinin aparıcı media qurumlarının birinə verdiyi müsahibə iki dövlət arasındakı münasibətləri çox yaxşı xarakterizə edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə