Azərbaycanın inkişafı uğurla davam edir

Azərbaycanın inkişafı uğurla davam edir

Azərbaycan Respublikasının Prezisenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş, hərtərəfli düşünülmüş və həyata keçirilən daxili və xarici siyasət nəticəsində Respublikamız sürətlə inkişaf edərək dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial iqtisadi yekunlarına həsr olunmuş müşavirədə şıxışı zamanı
səsləndirdiyi rəqəmlər də təsdiqləyir.

Qeyd olunmuşdur ki, cari ilin altı ayında əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayesi 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artmışdır.

Ölkəmizin maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında büdcəyə yenidən baxılsın və dürüstləşmə aparılsın. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edilsin. Bu gün Azərbaycanın büdcəsi 36 milyard manatdan çoxdur. Bu, imkan verir ki, həm ölkə qarşısında
duran əsas investisiya layihələrini icra edilsin, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilsin və hərbi gücümüzü artıraq.

Dürüstləşmə zamanı bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilmişdir. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə sərf ediləcək.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

Müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev ekoloji məsələyə də toxundu və konkret tapşırıqlarını verdi. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. Qeyd olunmuşdur ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. “Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının inkişaf perespektivlərindən danışarkən qeyd olunmuşdur ki, bu yaxınlarda Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və bu proqram tam icra ediləcək.Bu proqramın ölkəmizin öz resurslarına əsaslandığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan MR-da elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur”. Azərbaycan Prezidenti, həmçinin deyib: “Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.

Ümumilikdə cənab Prezidentin 2023-cü ilin altı ayının sosial iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə