Operativlik və şəffaflığın ünvanı - TƏHLİL

Operativlik və şəffaflığın ünvanı - TƏHLİL

"ASAN xidmət" mərkəzləri dövlət başçısının 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıb

Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyan "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşma modelidir. Bu model vətəndaş maraqlarına xidmət edir və yeni dövrün çağırışlarından irəli gələn xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqidir. Bu gün Azərbaycan brendi olan "ASAN xidmət" "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur ki, bu vətəndaş məmnunluğuna səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində bildirib ki, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir: "Yəni, "ASAN xidmət"in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq". "ASAN xidmət" mərkəzləri "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır. ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir. Təşkilat 2013-cü ildə yaradılıb. Elə həmin il təşkilatın ilk qurultayı keçirilib. Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir.

"ASAN XİDMƏT" MƏRKƏZLƏRİNƏ 60 MİLYONDAN ÇOX MÜRACİƏT EDİLİB

Vurğulamaq yerinə düşər ki, 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başladı. Həmin tarixdən vətəndaşlara yüksək keyfiyyətli xidmətlər göstərilir. Həmin zamandan ölkəmizin bir çox yerlərində mərkəzlərin sayı durmadan artır. Bildiyimiz kimi, 3 may 2013-ci ildə "Asan xidmət"in Sumqayıt mərkəzinin açılışı oldu. Bundan bir neçə həftə sonra, mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı həyata keçirildi. Bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb. 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzi açıldı. 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda sayca beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı. 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı.
Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı isə 2014-cü ildə mayın 7-də oldu. Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Daha sonra Bərdədə, Bakıda, Masallı və Qəbələdə, Qubada, Mingəçevirdə, İmişli də və Şəkidə, Şamaxıda, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "Asan xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2021-ci ildə 6 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 60 milyondan çox müraciət edilib. Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. 2013-cü ilin iyunun 1-dən etibarən artıq "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası da reallaşdırılıb. Bütün bunlar vətəndaşların rahatlığının təminatında, onlara şəffaf və nəzakətli xidmətin göstərilməsinin əsas faktorlarıdır. 2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan da istifadə olunur. Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar. Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur. Bakı və Sumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər.
Diqqətə çatdıraq ki, dövlət başçısının 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı və qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər həyata keçirildi. "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin onlarla növü kommunal xidmətləri göstərilir.

"ASAN XİDMƏT"Ə DÜNYADA ARTAN MARAQ

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.
Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirlər: "BMT "ASAN"ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir". "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrəgörə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrəbeynəlxalq sertifikatı alıb. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.

"ASAN XİDMƏT" KİMİ, DOST MƏRKƏZLƏRİ DƏ BÜTÜN ÖLKƏMİZİ ƏHATƏ EDƏCƏK"

Ölkəmizdə bu və ya digər layihələrin reallaşması onu göstərir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər insanların rifahının daha da yüksəlməsinə yönəldilib. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Təbii ki, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi də qarşıya qoyulan məqsədlər sırasında yer alıb. Bu gün ölkəmizdə "ASAN xidmət" mərkəzləri kimi DOST mərkəzlərinin də sayı artır. Ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri hər bir vətəndaşda məmnunluq yaradır. Vətəndaşların böyük etibarını qazanıb. Davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilib, həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə olunub. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən mərkəzlərdə vətəndaşların məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, xidmətlərdən rahatlıqla yararlana bilirlər.

Fəaliyyət göstərən DOST mərkəzləri vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə