"Ermənistan bu dəfə də eyni ssenari üzrə hərəkət etdi" - HƏRBİ EKSPERT DANIŞDI

"Ermənistan bu dəfə də eyni ssenari üzrə hərəkət etdi" - HƏRBİ EKSPERT DANIŞDI

"Biz artıq sülh sazişi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunan zamanda ermənilərin təxribat törətməsinə bir növ vərdiş etmişik. Ermənistan dəfələrlə danışıqlar prosesini pozmaq üçün həm sərhəddə, həm də rusların nəzarətində olan ərazilərdə müxtəlif təxribatlara əl atıb. Son aylarda isə Laçında sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra erməni silahlılarının təxribatları xüsusi olaraq intensivləşib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında başlanan danışıqlar prosesini pozmaq üçün düşmən tərəf bu dəfə də eyni ssenari üzrə hərəkət etdilər: "Ötən gün baş vermiş bu pozuculuq nəticəsində bir nəfər hərbi qulluqçumuz yaralandı. Təxribat rusların müvəqqəti nəzarətində olan ərazidə baş versə də, rus kontingentin komandanlığı hələlik bu məsələyə adekvat münasibət bildirməyib. Həmçinin, Laçın sərhəd-keçid məntəqəsində yaralanan sərhədçimizlə bağlı Rusiya tərəfindən məntiqli bir açıqlama görmədik. Əlbəttə ki, bu təxribatların məqsədi Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə kölgə salmaq, bu danışıqları mümkün qədər uzun bir müddətə təxirə salmaqdan ibarətdir".

Ekspert sözlərinə davam edərək bildirib ki, hər dəfə olduğu kimi bu təxribatdan sonra da Azərbaycan ordusunun cavabı çox ləngiməyib: "Ordumuzun həyata keçirdiyi "Qisas" əməliyyatı nəticəsində ilkin məlumatlara görə qanunsuz erməni hərbi birləşmələrinin beş üzvü məhv edilib. Görünən odur ki, düşmən tərəfdə canlanma var. Azərbaycanın isə bu məsələdə mövqeyi tamamilə şəffafdır. Qarabağ ərazisində erməni silahlısı qalmayacaq. Əgər ermənilər silahlarını təhvil verib ərazini tərk etməsə və təxribatlarına davam edərsə, o zaman bunların cəzası daha ağır ola bilər. Daha əvvəl həyata keçirdiyimiz Fərrux, Sarıbaba, Buzluq əməliyyatları, Laçın sərhəd-keçid məntəqəsinin qurulması və s. zamanı reaksiyamızın necə olacağını düşmən tərəfə nümayiş etdirmişik. Bu təxribatları ermənilərin daha çox rus kontingentinin təkidi ilə həyata keçirməsi də şübhə doğurmur. Çünki Laçında atəşkəsin pozulması və əsgərimizin yaralanmasından sonra rus kontingenti erməni silahlıları ilə kontaktlarını kifayət qədər intensivləşdirib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə