Rusiyada cevriliş cəhdi ilə bağlı MARAQLI MƏQAMLAR - TƏHLİL

Rusiyada cevriliş cəhdi ilə bağlı MARAQLI MƏQAMLAR - TƏHLİL

“Vaqner” özəl hərbi şirkətinin çevriliş etmək cəhdləri Kremlin daxilində yaranan hərbi-siyasi çatlardan xəbər verir. Politoloqların, siyasətçilərin bir qismi bu məsələdə Rusiya-Ukrayna müharibəsinin əsas səbəb olduğunu düşünürlər. Ona görə belə düşünürlər ki, sözügedən müharibənin Rusiya daxilində eyni şəkildə qarşılanmadığını yaxşı bilirlər. Bilirlər ki, Ukrayna ilə müharibə səbəbindən Rusiyanın az qala bütün dünyanın rəqibinə evrilməsinə görə rusların hədəfdə olmaları, sanksiyalar altında yaşamaq məcburiyyətində qalmaları heç də hamının ürəyincə deyil. Hətta siyasətçilərin bəzilərinə görə, Qərb də bu məqamdan sui istifadə edir.

Diqqətə çatdırmaq yerinə düşərdi ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyquya və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı hər zaman qəzəbli olub və qəzəbini də heç zaman gizlətməyib. Hadisələrə doğru istiqamətdən, real görüntünü əks etdirən rakursdan baxanda bəlli olur ki, məsələnin kökü daha dərinə gedib çıxır. O da üzə çıxır ki, Ukrayna ilə müharibə fonunda Rusiyanın taktiki məğlubiyyətlərini kompensasiya edən “Vaqner” Priqojinə daha böyük səlahiyyət və vəzifə üçün yollar açmağa şərait yaradıb və bu gün hakimiyyət komandasında istənilən səlahiyyətliyə qarşı çıxmaq üçün kifayət qədər əsas yaradıb. Əks halda hadisələrin bu həddə qədər qızışacağı heç də mümkün görünə bilməzdi. Daha dəqiq desək, Priqojin üçün yaranan münbit şərait ona cəsarət verib və hətta siyasi hakimiyyətə qarşı çıxmasına qədər ona cəsarət verib, onu cəsarətləndirib.

Etiraf etmək lazımdır ki, Rusiya Müdafiə Nazirliyində rəhbər dəyişikliyi ilə bağlı Priqojinin tələbi heç də təsadüfi, yaxud səbəbsiz deyil, onun Rusiya elitasında avtoritetinin, nüfuzunun olması ilə bağlıdır. İndi Priqojinin bu şəkildə hakimiyyətə qarşı çıxmasının arxasında hansısa ambisiyalarının dayandığını təkzib etmək də yanlışlıq olardı. Kim bilir, bəlkə elə o özü Şoyqunun postuna iddialıdır. Yaxud kim deyə bilər ki, onun ambisiyaları Rusiya prezidenti səviyyəsinə qədər qalxmayıb. Yəni, təkzib edə bilər ki, ümumiyyətlə Priqojin, Rusiya Prezidenti Vladimir Putini devirib onun kreslosunda əyləşməyi də planlamayıb. Bəlkə elə Priqojin məhz Rusiya elitasında öz nüfuzuna istinadə edərək, arxalanaraq ölkənin prezidenti kürsüsünə Putini deyil, məhz özünü layiqli hesab edir və bəlkə elə buna çalışır.

Doğrudur, Rusiyanın siyasi-hərbi hakimiyyəti ilə “Vaqner” özəl hərbi şirkəti arasındakı qarşıdurmanın fonunda kimin ölkə maraqlarına xidmət etdiyi barədə hələlik mübahisəli fikirlər var. Çünki hər iki tərəf özünü haqlı olaraq görür və istər Priqojin, istərsə də Rusiyanın Müdafiə Nazirliyi prosesləri istədikləri istiqamətə doğru, öz maraqlarına tərəf çəkməyə çalışır. Bütün bunların fonunda hələ də “Vaqner” özəl hərbi şirkətinin, yoxsa Rusiyanın hərbi rəhbərliyinin həmin ölkənin maraqları üçün çalışdığı barədə sual yaranır və vəziyyət müəmmalı hesab olunur. Nəinki dünya ictimaiyyəti, hətta Rusiya vətəndaşlarının özləri belə bununla bağlı tərəddüd içərisindədir və Putinin xalqa müraciəti də bu baxımdan heç də təsadüfi sayıla bilməz.

Diqqət çəkən ən maraqlı məqam Rusiya prezidenti Vladimir Putinin xalq müraciəti zamanı öz dostu Priqojinə xəyanətkar damğası vurmasıdır. Bu məqam Qərb mediasının da diqqətindən yayınmayıb və bir çox mənbələr bunu bəzi mətləblərə aydınlıq gətirilməsi baxımından xarakterizə etməyə çalışırlar. Qeyd olunur ki, əgər Putin öz dostunu xəyanətkarlıqda ittiham edirsə, deməli, şəxsən özü Priqojinin bu addımından ən azından ehtiyatlanır. Hətta bəzi mənbələrdə qeyd olunur ki, Priqojinin hakimiyyəti ələ keçirmək şansının olmasını Rusiya prezidenti başa da düşür, qəbul da edir. Bu baxımdan onun məhz öz keçmiş dostunu xəyanətkar damğası ilə damğası məsələsinə tam təbii hal kimi, eləcə də normal təzahür kimi yanaşanlar da var.

Bəli, xalqına müraciəti zamanı Rusiya prezidenti Vladimir Putinin əsəbiliyi açıq-aşkar hiss olunurdu. Onun necə gərgin vəziyyətdə olduğu da görünürdü. Hər halda, bir ölkənin prezidentinin mimikalarından, ritorikasından, eləcə də səs tonundan onun həyəcanlı və gərgin olduğu hiss olunursa, bu təsadüfi sayılmır və sözsüz ki, Qərbin də diqqətindən yayına bilməz. Heç yayınmayıb da. Qərb mediası məxsusi olaraq bu məqamı vurğulayaraq, Rusiya prezidentinin gərgin olmasına diqqəti yönəltməyə çalışır. Məqsəd də bəllidir və Qərb indi də Priqojinə qarşı Putinin qəzəbli olduğunu ön plana çəkməklə, hansısa planlar üzərində işləyir və yenə də hədəf əvvəlki kimi eynidir.

Heç şübhəsiz ki, Rusiyanın hakimiyyətdə olan hərbi-siyasi elitasında da parçalanmalar var və “Vaqner” özəl hərbi şirkətinin öz silahlarını Moskvaya tuşlamasından Putinin daha çox narahatçılıq keçirdiyi də buna görədir. Hətta Rusiya prezidentinin məlum hadisələri daxili təlatüm kimi qiymətləndirməsi və həmin hadisələrə qarşı lazımi tədbirlər görüləcəyini açıqlaması da məhz bu səbəbdən ola bilər. Əks halda keçmiş dostunun bu addımı Putini müşahidə edilən qədər gərgin vəziyyətə salmazdı. Belə bir ehtimal da var ki, Rusiya ordusunda bir qrup məhz Priqojinə təlimatlar verərək onu yönləndirə bilər və nəticə əldə edəcəyi təqdirdə idarəetmədə ona müstəsna səlahiyyətlər vəd oluna bilər. Ordudakı bəzi birləşmələrin “Vaqner” tərəfə keçməsi barədə məlumatlar da bu ehtimalın mümkünlüyünü sübut edən məqamlardandır. Elə Vladimir Putinin öz müraciətində qüvvələrin hakimiyyət əleyhinə olmaqdan çəkinmələri barədə çağırışları da deyilənləri təsdiq edir və həmin ehtimalın doğru olması barədə əminlik yaradır. Əks halda Rusiya prezidenti bu qədər gərgin və bu qədər həyəcan içərisində olmazdı.

Rusiyada cərəyan edən hadisələr hətta vətəndaş müharibəsi təhlükəsinin olma riski də yaradır. Hətta vətəndaş müharibəsi olmasa belə, bu şəkidə olan bir vəziyyətdə də Rusiya risk altına düşür. Əvvəla, bu vəziyyətdə Rusiya Ukraynadakı əməlliyyatlarda istədiyi kimi fəal ola bilməyəcək, çünki diqqət daxili vəziyyətə yönələcək. Digər tərəfdən də ölkədə belə bir vəziyyətin olması Ukraynanın öz əks hücum əməliyyatlarını sürətləndirməsi, intensivləşdirməsi üçün münbit şərait yaradır. Ukrayna tərəfi güman edə bilər ki, belə bir vəziyyətdə Rusiyanın cəbhə xəttindəki müdafiə qüvvələrini parçalamağa, bölməyə imkan qazanıb və bundan istifadə etməyə qalxar. Bu isə Rusiyanın indiki halı üçün heç də arzuolunan deyil və hətta acınacaqlı durum belə yarana bilər.

Bilirik ki, Putin əlindəki səlahiyyətlərdən istifadə edərək ən sərt üsullar tətbiq olunmasını istəyə və bu barədə əmr verə bilər. Əslində, bu, gözləniləndir də. Məsələn, Putin yaranmış vəziyyətdən yararlanaraq hakimiyyət daxilindəki rəqiblərinə qarşı təmizləmə əməliyyatına da başlaya bilər. Belə bir vəziyyəti fürsət kimi dəyərləndirərək hakimiyyətini möhkəmləndirmək niyyəti ilə onun yeni rıçaqlar əldə etmək istəyi baş qaldırar. Bununla o hətta rusları vahid dövlət ətrafında birləşdirmək ideyalarına hər kəsi inandıra bilər. Ümumiyyətlə, Rusiya prezidentinin heç də əl-qolunu sallayıb vəziyyəti sadəcə müşahidə edəcəyi düşünülmür. İstənilən halda müqavimət göstəriləcəyi təkzib edilə bilməz. Hətta bu mübarizədən Putin qalib çıxsa, Priqojini həm də Qərbin təlimatlarını yerinə biri kimi təqdim edə və xəyanətkar olması barədə fikirlərini əsaslandıra bilər. Bir sözlə, Rusiya prezidenti öz keçmiş dostunu ələ keçirsə, qətiyyən onu bağışlamayacaq və hətta öz məqsədlərinə xidmət edən fikirləri də dövriyyə buraxaraq Priqojindən istifadə edəcək. Yox, əgər bacarmasa, heç şübhəsiz ki, onunla danışıqlara getməli, hətta razılaşmalı olacaq. Sözsüz ki, istənilən hər bir halda Putin rıcaqları Priqojinə verən deyil və vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq.

Rusiyada baş verən hadisələrlə bağlı digər bir maraqlı məqam hadisələri Qərbin çox həssaslıqla izləməsidir. Qərb, əlbəttə ki, Rusiyada baş verən məlum hadisələrin, qarışıqlıqların regional məsələlərə təsirlərini də ölçüb-biçir. Məhz bu ölçü-biçisi ilə də çox güman ki, Moskva üçün müvafiq ssenari də hazırlayır. İndi Qərbin əlinə Priqojin elə bil göydən düşüb və rəsmi Moskvanın ambisiyalarını azaltmaq üçün ondan yetərincə istifadə edə bilər. Bu məqsədlə Priqojinə müxtəlif təkliflər də oluna bilər. Etiraf edilməlidir ki, Priqojinin özü üçün də Qərbin təklifləri maraqlı gələ bilər, çünki öz əlini gücləndirməsi üçün dəstəyə ehtiyac duyar. Elə bu vəziyyətdə, yəni Qərblə qarşıdurma vəziyyətində, sanksiyalar, təzyiqlər fonunda Putini də gərgin vəziyyətə salan məqamlardan biri də məhz budur. Amma qeyd etdiyimiz kimi, hələ konkret fikir bildirmək, hadisələrin nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil və yenə də hansısa maraqlı məqamlar ortaya çıxa bilər, hansı ki, hadisələrin gedişinə ciddi şəkildə təsir edər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə