Bəşəriyyəti sarsıdan erməni vəhşiliyi TƏHLİL

Bəşəriyyəti sarsıdan erməni vəhşiliyi TƏHLİL

Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, erməni köçəri tayfaları müəyyən xarici güclərin dəstəyi ilə Azərbaycan ərazilərinə köçürüləndən xalqımıza qarşı planlı şəkildə düşmənçilik siyasəti aparıblar. Özlərinə yer və müvəqqəti sığınacaq əldə etdikdən sonra minlərlə azərbaycanlı soyqırıma məruz qalıb, evləri-eşikləri dağıdılıb, şəhər və kəndlər yer üzündən silinib. Təkcə iki əsr ərzində iki milyondan çox azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Gəncədə, Şamaxıda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Muğanda, Qarabağda və digər tarixi torpaqlarımızda dinc əhali ermənilər tərəfində qətliamlara məruz qalıblar. Sovetlər ittifaqı qurulduqdan sonra erməni vəhşiliyi rəsmi Moskvanın əli ilə həyata keçirilməyə başladı. Nəticədə, 1937-1938, 1947-1946, 1953-1954 illərdə yüz minlərlə azərbaycanlı tarixi torpaqları olan Qərbi Azərbaycandan deportasiya edildi. Köçürülən insanlar yeni ərazilərə, yeni təbiət aləminə uyğunlaşa bilmədiklərindən həyatlarından oldular. Bu vəhşilik 1988-ci ildən daha amansız və sürətlə aparıldı, nəticədə 250 min soydaşımız İrəvandakı, Gorusdakı, Dərələyəzdəki, Qafandakı və digər doğma yurdlarında dişləri, dırnaqları, min bir əziyyət və zəhmətlə qurduqları ev-eşiklərindən oldular. Erməni vəhşiliyi Qarabağı işğal etdiyi zaman da davam etdirildi. Xaricdəki qüvvələrdən hərbi, siyasi dəstək alan erməni terrorçu hərbi birləşmələri Qarabağı işğal edib, 1 milyona yaxın insanı ev-eşiyindən didərgin saldılar. Ermənilərin vandal hərəkətlərinə və soyqırımı siyasətinə yalnız 2020-ci il 27 sentyabrında başlayan və 44 gün davam edən hərbi əməliyyatlarla son qoyuldu. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində cıxışı zamanı demişdir: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”.

Erməni vandalizmi bəşəriyyətə təhlükə yaradır

Erməni vandalizminin bütün izləri Şuşada görünməkdədir. Vəhşi toplum tarixi şəhərimizin bütün küçə və meydanlarını, binalarını dağıdıb, viran qoyublar. Erməni vəhşi toplumu 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.Bu gün işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Qarabağımızın incisi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yeni həyat canlanır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində aparılan quruculuq, abadlıq işləri barədə demişdir: “Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Erməni işğalı zamanı məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur. Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələrini də qeyd etməliyik. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

Qərbi Azərbaycan xalqımızın min illik tarixini özündə birləşdirən doğma və əziz diyardır

Beynəlxalq aləmə, o cümlədən tərəqqipərvər xalqlara məlum olan fakt ondan ibarətdir ki, Qərbi Azərbaycan xalqımızın min illik tarixini özündə birləşdirən doğma və əziz diyardır. Burada millətimizin keçmişi var, ölkəmizin tarixinə görə ən qədim bölgələrdən biridir. Burada mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Came, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində tarixi memarlıq nümunələrini dağıdıb, izlərini silməklə yanaşı, bəzi tarixi nümunələri “özününküləşdirməyə” cəhdlər göstərmişlər. Ancaq bu dayaz və sərsəm düşüncəli vandallar anlamırlar ki, müasir dövrün texnoloji yenilikləri hər cür saxtakarlığı aşkarlamağı bacarır. Bu baxımdan, qısa müddət sönra aradşırmalar nəticəsində demokratik dünya bir daha erməni saxtakarlığından geniş və ətraflı məlumat ala bildilər. Bu isə erməni daşnaklarının məkirli niyyətlərinin və mənfur siyasətlərinin bir daha beynəlxalq aləm qarşısında ifşası deməkdir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə