Qardaş səfəri - ANALİZ

Azərbaycan-Türkiyə: yeni hədəflərə birgə addımlarla

Regionun gələcəyini müəyyənləşdirən Türkiyə və Azərbaycan birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir. Müttəfiqlik nümunəsi göstərən, yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə addımlayır. Bu gün Azərbaycan-Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır.

Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana gerçəkləşdirdi. Bu, ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının məntiqi nəticəsidir. Qardaş ölkənin rəhbərinin bu səfəri onun növbəti prezidentliyi dönəmində Azərbaycan-Türkiyə əlaqələrinin daha sıx, daha davamlı edəcəyinə əyani sübutdur. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə bir daha töhfələr verəcəyi heç kimdə şübhə doğurmur.

Türkiyə Prezidentinin Azərbaycana gəlişi Dövlət səfəridir ki, bununda üzərində dayanmağa ehtiyac var. Qeyd olunmalıdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında Dövlət səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək, ən ali səviyyəsini nümayiş etdirməkdir. Dünyada Azərbaycan və Türkiyənin timsalında elə ölkələr, xalqlar tapmaq mümkün deyil ki, bu şəkildə birlik, həmrəylik sərgiləsin, bir yumruğa çevrilsin.

Bir olmaq, birlik olmaq...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib. Türkiyə Prezidentini salamlayan Azərbaycan Prezidenti türkiyəli həmkarının prezident seçkilərindən qısa müddət sonra Azərbaycana səfər etməsini xüsusi vurğulayıb və onu qələbə münasibətilə bir daha təbrik edib: “Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır”.

Prezident əlavə edib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir: “Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksək səviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə heyət adından hər kəsi salamlayıb, qeyd edib ki, Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq: “Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm. Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.

Şuşa Bəyannaməsindən danışan Türkiyə Prezidenti xüsusi vurğulayıb ki, müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq: “Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq. Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin, şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstəyin, səsləndirdiyi bəyanatların Qələbəmizdə xüsusi rolu oldu. Həmin vaxt Azərbaycanın Türkiyənin qırmızı cizgisi olduğunu bəyan edən Ərdoğan siyasi və mənəvi dəstəyi ilə kənar məkrli qüvvələrin müdaxiləsinin, Azərbaycana qarşı çirkin planlar gerçəkləşdirməsinin qarşısını aldı. Qardaş ölkə rəhbərinin iştirak etdiyi bütün tədbirlərdə 44 günün demək olar hər günündə Azərbaycana dəstək bəyanatları verdi, öz komandasının, ölkəsinin cəsarətli duruşunu ortaya qoydu. Bu dəstək imkan verdi ki, Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etsin. Təsadüfi deyil ki, ikinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün TÜRK dünyasının tarixi Qələbəsi kimi dəyərləndirilir.



Ürəyi Türkiyə ilə döyünənlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: “Bunu Türkiyədə zəlzələ zamanı da gördük. Azərbaycandan köməyə tələsən heyətlər dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir azərbaycanlıya minnətdaram”.

Azərbaycan Prezidenti İlham Əliyev isə açıqlamasında qeyd edib ki: “Prezident seçkilərində Türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram”.

Bəli, Qarabağ zəfərindən sonra iki ölkə arasındakı təmaslar daha da intensivləşib. Çətin anlarda, dar günlərdə bir olmaq ənənəsi formalaşıb. Türkiyədə baş verən dağıdıcı zəlzələni yadımıza salaq, təbii fəlakətin fəasadlarının aradan qaldırılması üçün Azərbaycan xalqının hər biri imkanlarını ortaya qoydu. Qardaş ölkəyə ən güclü maliyyə dəstəyi, ən güclü xilasedici dəstəyi, ən güclü mənəvi dəstək məhz Azərbaycandan gəldi. Bu dəstək indi də davam etməkdədir.

İki qardaş ölkə arasında münasibətlər bütün istiqamətlərdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünü yada salaq. Hər kəs yaxşı xatırlayır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu, amma Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, Türk dünyasında qarşılıqlı dəstək və hörmət əbədiyyətə qədər davam etdiriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı sıradan bir təmsilçilik deyildi. İlham Əliyev çıxışında açıq şəkildə Prezident Ərdoğanın nəinki Türkiyə, bütövlükdə TÜRK dünyası üçün tarixi xidmətlərini vurğuladı: “Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”.

Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana indiki dövlət səfəri ilə daha da gücləndi, yeni mərhələyə qədəm qoydu. Azərbaycan və Türkiyənin istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada nümayiş etdirdiyi həmrəylik var. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində Türkiyə-Azərbaycan əlaqələri daha da güclənir, iki lider arasında səmimi münasibətlər dövlətlərarası əlaqələrə böyük tövhələr verir. İlham Əliyev Türkiyədə keçirilən seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti oldu. Ərdoğanın Azərbaycana Dövlət səfəri əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirməkdir.

Regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə, daha əzmlə yürüməkdə iddialıdırlar. Bu hədəflər sırasında bölgədə daimi sülhə nail olmaq, xalqların birgə və rahat yaşamasını təmin etmək, Zəngəzur dəhlizini açmaq, TÜRK dünyasını daha sıx tellərlə birləşdirmək, Qarabağda aparılan bərpa-yenidənqurma işlərini tamamlamaq, regionun inkişafına, bütövlükdə dünyaya töhfə vermək kimi mühüm məsələlər yer alır.

Türkiyədəki Prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Bunun davamı olaraq Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidentinin inaqurasiya mərasiminə qatıldı. İnaqurasiya mərasiminin keçirildiyi zalda iştirak edən dövlət və hökumət nümayəndələri arasında iki Liderin-Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin görüşü böyük alqışlarla qarşılanması da diqqətdən yayınmadı. Dünya bu görüşdən danışdı.

Şuşa Bəyannaməsi ilə yeni nümunə

Şuşa Bəyannaməsi haqqında danışarkən hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Tərəflərin beynəlxalq arenada daha effektiv fəaliyyəti üçün media platforması və diaspor sahəsində birgə addımlarına ehtiyac var. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.

Sənəddə qeyd edilir ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstəriləcək. Bunun üçün xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyini vurğulanır. Bu istiqamətdə Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti qeyd olunur.

Göründüyü kimi, iki dost, qardaş ölkə münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsində qərarlıdırlar. Tərəflər bu gün və gələcəkdə atılacaq addımlardan məmnundurlar. Əsas olan budur ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır, hər bir yeniləyə birgə imza atmağa səy göstərirlər. Hansı sahəyə baxsaq bu birliyin, həmrəyliyin özünü qabarıq şəkildə büruzə verdiyini görərik. Prezidentlərin mətbuata birgə bəyanatlarında mühüm mesajlar da öz əksini tapdı. Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini də bildirdi. Bu səfərlər iki dost ölkə arasındakı qardaşlıq duyğularının nə qədər inkişaf etməsinin ifadəsidir.

Dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı üçün gözəl imkanlar yaranır. İki qardaş, dost ölkə - Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: “Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”.

Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. İki dövlətin istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada nümayiş etdirdiyi həmrəylik. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənməsi, iki lider arasında səmimi münasibətlərdən qaynaqlanır.

Türkiyə Vətən müharibəsində...

Türkiyə-Azərbaycan dostluq və qardaşlığı günümüzdə hər iki ölkənin lideri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Qardaş ölkədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfər kimi Azərbaycana gəlməsi də bunun əyani sübutudur. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar nəticəsində hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısı alındı. Tarixi zəfərimizi özündə əks etdirən hərbi paradda qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı bir daha dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamını əyani şəkildə sübuta yetirirdi. Bu həm də onun nümayişi idi ki, İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi idi.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Siyasət şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə