"Sülh danışıqları intensivləşəndə təxribatlar daha çox baş verir" - QHT RƏSMİSİ BİLDİRDİ
"Postmüharibə dövründə Ermənistan silahlı qüvvələri və Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz silahlı, terror mahiyyətli dəstələr mütəmadi olaraq təxribatlar, eskalasiyalar törədir, Azərbaycanın mövqelərinə hücumlar edir. Biz şahidi oluruq ki, bu cür təxribatlar, diversiyalar sülh danışıqları intensivləşəndə, müqavilə imzalanmasına yaxınlaşıldığına dair bəyanatlar səslənəndə daha çox baş verir. Bu onu deməyə əsas verir ki, Ermənistandakı revanşist qüvvələr, Qarabağdakı separatçılar xarici təsir dairələrinin sövqetməsi ilə sülh danışıqlarını pozmağa çalışırlar. Etiraf edək ki, buna bir neçə dəfə nail olublar". Bu sözləri SİA-ya açıqlamasında "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli deyib.
Onun sözlərinə görə, sonuncu dəfə 2022-ci ilin sentyabrında sülh haqda pozitiv bir mərhələdə böyük təxribat törətdilər və bununla da proses pozuldu: "Şübhəsiz, eyni ssenarini indi də təkrarlamaq cəhdləri edirlər. Azərbaycan həm hərbi, həm də siyasi baxımdan bu təxribatların neytralaşdırlması üçün əlindən gələni edir. Birmənalı olaraq Azərbaycan bəyan edib ki, yalnız sülhün baş tutmasına çalışır. Qarşı tərəf isə bunun əksini edir, əməllləri bundan başqa bir şey deyil.
O ki qaldı sülhün imzalanmasına kimlərin mane olmaq istəməsinə, düşünürəm ki, Ermənistan kifayət qədər revanşist, “ermənizm xəstəliyi” sağalmayan qüvvələr var. Onlar siyasətdə və hərbi sistemdə müəyyən təsirləri olan dairələrdir. Sirr deyil ki, həm Rusiyada bəlli çevrələr, həm də Qərbdəki bəzi dairələr Cənubi Qafqazda öz nüfuzlarını, təsirlərini qorumaq üçün sülhün baş tutmasında maraqlı deyillər". E.Məmmədli sözlərinə davam edərək bildirib ki, iki qütb öz arasında nüfuz savaşı aparır və buna görə də sülh prosesinə əngəl törətməklə öz korporativ maraqlarını təmin etməyə çalışırlar: "Digər tərəfdən Rusiya tezliklə sülhməramlıların bölgədən çıxarılmamasında maraqlıdır. Əgər sülh tezliklə baş tutarsa, barış əldə olunarsa, sülhməramlı kontingentə burada ehtiyac qalmır və avtomatik çıxıb getməlidirlər. Rusiya isə bunda maraqlı deyil.
Ancaq biz nəzərə alaq ki, bölgədə şərtləri məhz Azərbaycan diqtə edir. Prezident İlham Əliyevin uğurlu, təmkinli siyasəti nəticəsində bütün müqavimətləri yenə biləcəyik. Onu da kimsə unutmamalıdır ki, Azərbaycan bütün regional və qlobal prosesləri qardaş Türkiyə ilə birlikdə həyata keçirir. Bu o deməkdir ki, uyğun, adekvat taktikalarla iki qardaş dövlət birlikdə bütün anti-sülh gücləri neytrallaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB