Ali Məhkəmənin elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib

Ali Məhkəmə Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib. Ali Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına kömək göstərməkdir.
Elmi-məsləhət şurasının ilk iclasının iyunun 23-də keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” mövzusu üzrə müzakirələr təşkil olunacaq.
Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir.
Bu qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin iyunun 9-dək bu elektron ünvana advisoryboard@supremecourt.gov.az müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə