Türkiyə seçicisi öz ölkəsinin daha da qüdrətli olmasına, dünyada artmaqda olan dövlət imicinə, türk dünyasının tərəqqisinə, eləcə də, Azərbaycanla müttəfiqlik münasibətlərinin bundan sonra daha sürətli inkişafına, Türkiyə-Azərbaycan tandemi ilə ortaya çıxan yeni reallıqların möhkəmlənməsinə, daimiliyinə, türklərin birliyinə, maraqlarına səs verdi. Bununla da türk dünyasına qarşı düşmənlər tərəfindən işlənib-hazırlanan məkrli planlar, bəd niyyətlər puça çıxdı və türklərin birliyi, müttəfiqliyi, daha da qüdrətli olmaları naminə uzun illər boyunca aparılan doğru, düzgün siyasət, güclü, qətiyyətli liderin uğurlu, məqsədyönlü fəaliyyəti sayəsində qazanılan qələbə yeni bir eranın başlanmasını şərtləndirdi.
Qardaş ölkədə baş tutan prezident seçkisində cənab Rəcəb Tayyib Ərdoğanın parlaq qələbə qazanması, ümumilikdə türk dünyasının maraqlarına tamamilə uyğun olan geosiyasi vəziyyətin sabitliyinin qorunması, davamlılığının təmin olunması, ölkələrimizin bundan sonrakı inkişafı üçün əsaslı zəmin kimi qiymətləndirilir. Çünki bu qələbə, daha bir namizəd və hakimiyyətə iddialı olan CHP-li Kamal Kılıçdaroğlunun, Türkiyənin, eləcə də türkdilli dövlətlərin maraqlarına xidmət etməyən, düşmən mövqelərini dəstəkləyən layihələrinin, siyasətinin süqutu, onun timsalında türk dünyasına zərbə vurmaq istəyənlərin ümidlərinin belə puça çıxması, bundan sonra da tərəqqinin təmin olunmasına xidmət edəcək siyasətin, strategiyanın qələbəsi hesab olunur. Türklər məhz cənab Ərdoğanı seçməklə, ümumilikdə türk dünyasının işıqlı gələcəyinə, dünyada artan nüfuzuna, perspektivinə dəstək olduqlarını ifadə etdilər və heç şübhəsiz ki, bu seçim, bu dəstək düşmənlər üçün də layiqli cavab oldu. Daha dəqiq desək, Türkiyə seçiciləri öz doğru seçimləri ilə bütün dünyaya bəyan etdilər ki, türk dünyasının birliyinə, müttəfiqliyinə, gücünün, qüdrətinin, nüfuzunun artmasına mane olmaq istəyənlər buna nail ola bilməyəcəklər və inkişafımızın, tərəqqimizin davamı üçün yeni dövrün qarşısı alınmazdır.
Seçim tərəqqi, inkişaf və sabitlik yolu oldu və bununla da elə Kılıcdaroğlunun timsalında Türkiyəni təlatümlərə sürükləmək istəyən, nüfuzunu heçə endirmək istəyənlərə yerləri göstərildi. Türklərin iradəsi qarşısında düşmənlər yenə də diz çökməli oldular və bunun hələ başlanğıc olduğunu anladılar. Anladılar ki, seçicilər cənab Ərdoğanı seçməklə, türk millətinin uğurlu gələcəyinə səs verməklə, düşmənlərin bütün məkrli planlarına qarşı çıxdıqlarını bəyan etdilər və bundan sonra da eyni şəkildə tərəqqinin təminatında öz liderlərinə dəstək olacaqlarını bildirdilər. Bu isə o deməkdir ki, Türkiyə başda olmaqla, bütövlükdə türk dünyasının çiçəklənməsinə bundan sonra daha geniş spektrda yol açılıb və türklər daha uğurlu yeni yüzilliyə, yeni eraya qədəm qoyurlar.
Etiraf edilməlidir ki, cənab Ərdoğanın seçkidə qələbəsi bütövlükdə türk dünyasının qələbəsidir, hansıki, bu qələbə dostları sevindirir, düşmənləri tamamilə məyus edir. Bunun da səbəbləri hər kəsə bəllidir. Təbii ki, Türkiyənin son 20 ildə böyük, möhtəşəm bir yol keçərək təkcə regional deyil, həm də qlobal miqyasda güclü dövlətə çevrilməsi fonunda bu uğurlara imza atan cənab Ərdoğanın yenidən seçilməsi türklərə fərli münasibətdə olanlara fərqli də təsir bağışlamalıdır. Türk dünyasını birləşdirən və 200 milyondan çox insanın yaşadığı bir ölkədə keçirilən prezident seçkisində öz ölkəsini daim nailiyyətlərə, uğurlara, qələbələrə aparan, bütövlükdə türk dünyasının tərəqqisi üçün əlindən gələni edən və bunu bacaran bir liderin, Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi sözsüz ki, daha sürətli inkişafı, tərəqqini təmin edəcək yeni bir dövrün başlaması anlamına gəlir.
“Türkiyə qazandı, demokratiya qazandı!”, deyə Ankarada prezident kompleksinə toplaşan vətəndaşlara müraciət edən cənab Ərdoğan açıq şəkildə bildirdi ki, qalib gələn tək o deyil, bütövlükdə türklər, türk dünyasıdır. O haqlıdır. Bəli, güclü, sabit, suveren olduğuna görə düşmən gözü çıxaran Türkiyə qalib gəldi və bu ölkə ilə bərabər türk dövlətləri qalib oldular. İstər xarici, istərsə də daxili siyasətdə müstəqil olmasına, milli maraqlarını güdməsinə, türk dövlətlərinin mənafelərini müdafiə etməsinə, birliyinə çalışmasına və buna nail olmasına görə İran, Ermənistan kimi bir çox ölkələri qıcıqlandıra bilən Türkiyə indi qalib durumdadır. Əgər seçkinin nəticəsi fərqli olsaydı, o zaman birinci sevinənlər içərisində ermənilər, iranlılar olacaqları halda, onların ardınca sevinəcək Qərb olacaqdı. Ona görə ki, İran və Ermənistan bölgədə Türkiyə kimi bir güclü dövlətin söz sahibi olmasını həzm edə bilmir. Ələlxüsus da ermənilərin az qala təsir dairəsində olan İran istəyər ki, Türkiyə nəinki zəifləsin, hətta tamamilə yox olsun, amma bu arzuları gözlərində qaldı. Nə İran ağlına gələni etmək, ağalıq sevdasına düşmək imkanı qazana bildi, nə də çirkin niyyətlərini gerçəkləşdirmək istəyən Ermənistan bir istəyinə nail ola bilmədi. Bu hələ qələbənin ilk addımlığında əl edilənlərdir və bundan daha böyük qalibiyyət qlobal səviyyədədir. Ona görə ki, qlobal miqyasda Türkiyə öz inkişafı, tərəqqisi, ələlxüsus da birliyi ilə bir çox ölkələrin gözünə ox kimi batır. Qərb özü də inkişaf etmiş, qüdrətli Türkiyəni arzulamır və bu ölkənin hansısa maraqlara deyil, öz milli maraqlarına uyğun siyasət yürütməsindən, siyasi iradəyə, qətiyyətə sahib rəhbərinin olmasından narahatlığı da başadüşüləndir.
Məsələ burasındadır ki, dünya bunu qəbul etsə də, etməsə də türk birliyi artıq heç də hesaba alınmayacaq bir qüvvə deyil və 200 milyondan çox insanın, eyni bir millətin nümayəndəsinin bir-birinə dəstək, dayaq olduğu, hər bir müstəvidə həmrəylik nümayiş etdirdiyi möhtəşəm bir gücdür, potensialdır. Bir qədər əvvəl, daha dəqiq desək, Türk Dövlətləri Təşkilatının yarandığı vaxtlarda söhbət daha çox siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət, turizm sahəsində əməkdaşlıqdan gedirdisə, artıq qardaş dövlətlərin rəhbərləri təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlıq barədə məsələləri müzakirə edirlər. Sözsüz ki, öndə güclü, qüdrətli, dünyada söz sahibinə çevrilən Türkiyə dövləti olmasaydı bu birlikdən, bu əməkdaşlıqdan söhbət belə gedə bilməzdi. Deməli, bu gün həmin o güclü, qüdrətli Türkiyəyə səs verilməsi bu baxımdan çoxlarının kürkünə birə salıb və məhz ona görə əminliklə deyilir ki, Ərdoğanın qələbəsi ilə bütün türk dünyası qalib gəldi. Artıq dünya ölkələri yaxşıca qəbul edirlər ki, yaxın gələcəkdə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi prosesinin, türk birliyi üçün yeni eranın başlandığının bilavasitə şahidi olacaqlar və bu uğurun təməli də elə bu qələbə ilə qoyuldu.
Öz taleyinin heç bir halda Qərbin və digər anti-Türkiyə qüvvələrinin əlində alətə çevrilməsinə razılaşmayan, buna imkan verilməsinə qəti etiraz edən türklər müdrikcəsinə bu dəfə də ölkələrinin taleyini, gələcəyini ən layiqli namizədə, ən təcrbəli siyasətçiyə, cənab Rəcəb Tayyib Ərdoğana həvalə etdilər. Bununla da Kılıcdaroğlu kimi alətə çevrilən bir Qərb oyunçusunun anti-Türkiyə oyunlarına son qoyuldu. Türkiyəni Qərbdən asılı dövlətə çevirmək məqsədi daşıyan seçki platforması ilə utanmadan meydana atılan həmin o Kılıcdaroğlu seçicilərin iradəsi ilə siyasət səhnəsindən uzaqlaşdırılmaqla, Qərbin arzuları da hələ aşkara belə çıxmamışdan basdırıldı. Qərbin xoşuna gəlmək, bununla da seçkidə dəstəyini əldə etmək üçün səsləndirdiyi anti-Azərbaycan ritorikası da Kamal Kılıcdaroğlunun özünə qaldı və onu yerin dibinə girəcək bir biabırçı, utancverici duruma saldı. Ermənistanın, İranın, bir sözlə, düşmənin dəyirmanına su tokmək niyyətini gizlətmədən siyasi mübarizəyə qatılan həmin adam sonda Türkiyə seçiciləri tərəfindən meydandan tamamilə uzaqlaşdırıldı. Bu isə onu deməyə əsas verir ki, Türkiyə vətəndaşları heç də anti-Azərbaycan ritorikasını qəbul etməyib və qardaşlıq münasibətlərimizi çox yüksək qiymətləndirir. Belə də olmalıdır, çünki əsrlər boyu biz sözün əsl mənasında bir millət, iki dövlət olaraq mövcud olmuşuq və qardaşlığımız əbədi, dönməz olub. Biz hər zaman, sevincli günlərimizdə də, kədərli günlərimizdə də bir-birimizin yanında olmuşuq. “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ifadəsi də təsadüfi səslənməyib. Bunun tarixi kökləri dərindir və hələ ötən əsrin əvvəllərinə qədər gedib çıxır. Hələ 1918-ci ildə ermənilərin törətdikləri soyqırımdan tutmuş, zamanəmizə qədər, 44 günlük vətən müharibəsinə, Türkiyədə baş verən və böyük itgilərə səbəb olan zəlzələyə qədər bütün çətinliklərin öhdəsindən qardaşlığımız sayəsində gəlinib. Eyni zamanda, sevincimizi də bir yerdə bölüşmüşük və istər Zəfər Paradı olsun, istərsə də Şuşa Bəyannaməsi kimi bir sıra əlamətdar hadisələr bu reallığı təsdiq edən nümunələrdən yalnız bir neçəsidir. Seçkidə Ərdoğanın qələbəsinə Azərbaycan xalqının sevinci bu baxımdan tam başadüşüləndir və bu qələbə ilə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənəcəyi tamamilə göz qabağındadır və qətiyyən təkzib edilə bilməz. Təkzib edilə bilməz ki, artıq türk dünyasının dövrü başlayır və Azərbaycan, Türkiyə, türk dünyasının digər dövlətləri çiyin-çiyinə yeni inteqrasiya dövrünə qədəm qoyurlar, hansı ki, bu da yeni eranın başlanması deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB