"Paşinyan münasibətlərin tənzimlənməsi reallığından uzaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"25 mayda Moskvada dövlət başçılarının növbəti üçtərəfli görüşü keçirildi. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər müzakirə olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, görüşdən əvvəl keçirilən Avrasiya İqtisadi Birliyinin Sammitində Ermənistan baş naziri Nikol Paşinyanın mənasız və yersiz replikalarından aydın görünürdü ki, növbəti dəfə keçiriləcək dövlət başçıların üçtərəfli görüşündə də hər hansı bir sənəd imzalanmayacaqdır: "Çünki Paşinyan münasibətlərin tənzimlənməsi reallığından uzaqdır və yenə də özünəməxsus şəkildə Azərbaycana ittiham dolu iftiralar ünvanlamaqda davam edir.

Ermənistan sülh müqaviləsi imzalamaqda maraqlı olsaydı Paşinyan Azərbaycanı yersiz yerə ittiham etmək fikrindən daşınar və konstruktiv mövqe sərgiləyərdi. Təbii ki, bu baş vermir və Azərbaycana guya Laçın yolunun bağlanması ilə bağlı əsassız ittihamlar ünvanlayır və Xankəndi ilə Bakı arasında münasibətlərin tənzimlənməsi məsələsini beynəlxalq səviyyədə həyata keçirilməli olduğunu qeyd edərək sülh danışıqlarını yenə də eyni nöqtədə saxlamağa çalışır. Halbuki, Azərbaycan Qarabağda yaşayan erməniləri öz sakinləri hesab edir və ölkədaxili məsələləri heç kimlə müzakirə etməyəcəyini dəfələrlə bəyan etmişdir".

Deputat sözlərinə belə davam edib: "Bununla yanaşı, müxtəlif formatlarda keçirilmiş üçtərəfli görüşlərdə müəyyən irəliləyişlərə də nail olunduğunu qeyd etməliyik. Belə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. O cümlədən, Azərbaycanın işğal altında qalmış 8 kəndinin qaytarılması məsələsi də etiraf etmişdir.

Anklavların qaytarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən kommunikasiyaların açılması ilə bağlı məsələləri Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin birinci müsavinləri tərəfindən qarşıdan gələn həftədə müzakirə ediləcəyi və ümumi bir qərara gələcəkləri gözlənilir.

Bütün bunları nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi uzun bir zaman tələb edəcəyini düşünürəm. Həm də sülh müqaviləsi imzalanmazdan və sərhədlərin delimitasiya - demarkasiyası başa çatdırılmadan kommunikasiyaların açılmasından danışılmasını da tez olduğunu hesab edirəm. Çünki kommunkasiyaların açılması və ölkələr arası münasibətlərin formalaşması üçün Ermənistan Azərbaycana qarşı düşmənçilik və yenidən təxrbatlara hazırlaşmaq mövqeyindən çəkinməli, münasibətləri sülhə aparacaq istiqamətdə siyasət yürütməyə başlamalıdır. Əks halda kommunikasiyaların açılması məsələsi həll olunmayacaq və 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarını ərazilərimizdən çıxarılandan sonra Ermənistanla sərhədimizi tamamilə bağlamalı olacağıq. Bu da Ermənistanın dünyada təcrid olunmasını daha da dərinləşdirəcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə