"Xarıbülbül" festivalı dünyaya sülhsevərlik mesajı verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Şuşa azad edildikdən sonra "Xarıbülbül" musiqi festivalının artıq üçüncüsü keçirilir. Bu festivalın özünəməxsus tarixçəsi var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.
O, qeyd edib ki, 1989-cu ildə məşhur xanəndəmiz Seyid Şuşinskinin 100 illiyi ilə əlaqədar təşkil olunan "Xarıbülbül" festivalı çox təəssüflər olsun ki, torpaqlarımızın, Şuşanın işğal olunması səbəbiylə 1991-ci ildə dayandırılmışdı: "Lakin Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il may ayının 7-də Şuşanın mədəniyyət paytaxtı elan edilməsiylə bağlı sərəncam imzalamışdı. Məhz həmin sərəncamdan sonra birinci festival may ayının 12-13-ü tarixlərində keçirilmişdi. Birinci festivalda şəxsən özüm çox həvəslə, qürurla iştirak etmişəm. Bunlar hamısı ölkə başçımızın, Ulu Öndər irsinin uğurlu siyasətinin nəticəsidir. Daha sonra "Xarıbülbül" festivalı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2022-ci ildə keçirildi".
Millət Vəkili sözlərinə bu cür davam edib: "Mən deyərdim ki, 2023-cü ildə keçirilən festival çox fərqlidir. Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etmişdi. Bugünkü tədbirin fərqli tərəfi onun beynəlxalq səciyyə daşımasıdır. Bu da Şuşaya yeni bir nəfəs verdi. Nəinki türk dünyasına daxil olan dövlətlərin iştirakçıları, eyni zamanda, regionda yaşayan türkdilli xalqların kollektivləri də bu gün orada iştirak edir, öz məharətlərini göstərirlər.
Əlavə olaraq qeyd etmək istərdim ki, bugünkü festivalda "TÜRKSOY"-a daxil olan ölkələr- Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar əyalətindən gəlmiş kollektivlər, Rusiya Federasiyasının Altay, Hakasiya, Tatarıstan Cümhuriyyətindən gəlmiş kollektivləri, Şimali Kipr Türk Respublikası, Türkiyə, Türkmənistan təmsil olunacaqlar. Bu, bütün türk dünyasının həmrəyliyinin, mədəniyyətinin nümayişidir. Onlar Azərbaycanın, ümumilikdə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın qısa zaman kəsiyində necə sürətlə, gündən-günə inkişaf etdiyinin, Şuşanın əvvəlki gözəlliyinin bərpa edilməsinin canlı şahidi olurlar. Prezidentin festival ərəfəsində Şuşada olması, yeni lahiyələrin təməlqoyma proseslərində iştirak etməsi, eyni zamanda Mehriban xanım Əliyevanın da həmin tədbirlərə verdiyi dəstək onu göstərir ki, Azərbaycan gündən-günə inkişaf edir, çiçəklənir. Öz mədəniyyətini bütün dünya ölkələrinə tanıdır. Biz "Xarıbülbül" festivalı vasitəsilə Azərbaycanın sülhsevər bir dövlət olmasının, həmçinin bütün dünyaya sülh arzulamasının mesajını veririk.
Son olaraq Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalını çox yüksək qiymətləndirir, qürur hissi ilə bildirirəm ki, bütün türk dünyası bir aradadır və onlar öz mədəniyyətləriylə bütün dünyaya sülhsevər bir millət olduqlarını bir daha isbat edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB