“AKP-nin qələbəsi ehtimalları çox yüksəkdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“AKP-nin qələbəsi ehtimalları çox yüksəkdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyədə seçkilər yalnız Türkiyə xalqı üçün yox, bütövlükdə Yaxın Şərq, Qafqaz, Orta Asiya üçün dönüş nöqtəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bir tərəfdə milli iradəni təmsil edən, siyasi, iqtisadi və hərbi cəhətdən tam müstəqil Türkiyəni bərqərar etmiş Ərdoğan, digər tərəfdə isə faktiki olaraq tam əks qütbü, xüsusən Vaşinqtonun iradəsini təmsil edən müxalifət koalisiyası var: “Sirr deyil ki, Türkiyə cəmiyyəti yekcins deyil, Osmanlı dövründə devşirilən qərb əsilli kütlə, o cümlədən sonrakı dövrlərdə milli kimliyini gizlədən erməni-yunan toplumu, habelə cənub-şərq vilayətlərində ciddi sayda kürd etnosu mövcuddur. Habelə, ölkədə İstanbul, İzmir başda olmaqla kosmopolit şəhərlərdə milli-mənəvi dəyərlərə o qədər də bağlı olmayan böyük nihilist qruplar mövcuddur”.

Bəhruz Məhərrəmov sözlərinə belə davam edib: “Qərbin bu gün Türkiyədə əsas hədəf kütləsi də məhz qeyd olunan qruplardır. Lakin nəzərə almalıyıq ki, bütün bunlara rəğmən milli iradə tərəfdarları Türkiyənin əsas çoxluğudur və Ərdoğanı 20 ildir ki, iqtidar edən amil də budur.

Bu gün Türkiyə tarixdə ilk dəfə Türk-İslam dünyasını ətrafında sıx birləşdirə bilib. Sirr deyil ki, bu prosesdə Ərdoğan şəxsiyyəti ciddi rol oynayır və onun seçkilərdə mümkün məğlubiyyəti bu konfiqurasiyanı da dağıda bilər. Təbii ki, Qərbin əsas istəklərindən də biri məhz mövcud situasiyaya son qoymaqdır. Türkiyə cəmiyyətinin böyük kəsimi də bu reallığı başa düşür və Ərdoğanın müasir reallığın qarantoru olduğunu anlayır. Bu mənada proqnoz vermək nə qədər çətin olsa da, AKP-nin qələbəsi ehtimalları çox yüksəkdir. Bu, Türkiyənin özünün yüksəliş dönəminin davamlılığı üçün yeganə şərtdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə