PREZİDENT İLHAM ƏLİYEV: "Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir"
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altunu təbrik ediblər.
Təbrikdə deyilir: "Əziz Cansu və Qamze, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi. Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".
TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: "BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR"
Bəli, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır. Bu, ən çətin anların sınağından çıxan, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu birlik, qardaşlıq bütün sahələrdə olub: həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə. Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycanın ən çətin günündə Türkiyə dövlətinin misilsiz dəstəyinin olduğunu deyərək bildirmişdir ki, bu iş bitsin, ərazi bötövlüyü bərpa edilsin qardaş dövlətimiz arasında yeni dövr başlayacaq: “Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.
“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu”,- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxları bunu anlamırlar: “Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”. Budur, çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirmişdir ki, ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür və Türkiyə həmişə Azərbaycanın yanındadır: "Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq. TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır".
Bax, bu….
İLHAM ƏLİYEV- RƏCƏB TAYYİB ƏRDOĞAN - İKİ LİDERİN UCA ŞƏXSİYYƏTİNƏ, MƏNLİYİNƏ, MƏNƏVİYYATINA, DƏYƏRLƏRƏ BAĞLILIĞINA YARAŞAN DA ELƏ MƏHZ BUDUR!
Çünki tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə olub. 2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar. Bunun təkrarı 2020-ci 10 dekabr tarixində Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. 2021-ci il 15 İyun - Milli Qurtuluş Günündə Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir. Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə isə Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost, qardaş ölkə liderləri «Dost Aqropark»ın təməlini qoydular. "Dost Aqropark" Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Türkiyədə dəniz üzərində həyata keçirilən böyük layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri - Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha dünya birliyinə nümayiş etdirdi. Prezident İlham Əliyevin yeni istifadəyə verilmiş hava limanının açılış mərasiminə dəvət edilməsi təsadüfi deyildi. Bu, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının bir-birinə qırılmaz tellərlə bağlı olmasının təsdiqidir.
Eyni zamanda, ötən ilin mayında, həmçinin “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalı keçirildi. Dövlət başçımız İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bir daha bildirdi ki, bu, bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Belə bir əminlik də ifadə edildi ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.
BİR DƏ TƏVAZÖKARLIQDAN KƏNAR OLSA DA, HESAB EDİRƏM Kİ, BU GÜN DAHA İKİ NÜMUNƏ VAR - O DA MƏNİM QARDAŞIMLA MƏN
Bəli, Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. "TEXNOFEST Azərbaycan" festivalında dövlət başçısı İlham Əliyevin "Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır" fikirləri də deyilənlərin təsdiqidir.
Belə ki, bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ bir daha dünyanın diqqətini bu birliyə yönəltdi. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın tviter hesabında etdiyi paylaşımda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürü həm də qardaş xalqın minnətdarlıq hissinin ifadəsidir: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə qrupları başda olmaqla, humanitar yardım təyyarələri ilə ilk gündən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”.
AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ NÖVBƏTİ NÜMUNƏSİ - «TOGG»UN İLK SAHİBLƏRİ TÜRKİYƏ VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİDİR
Bəli, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Məhz aprelin 4-də dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının nümunəsini gördü. Türkiyənin ilk yerli elektromobili «Togg» Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi. “Togg”un ilk sahibinin Türkiyə və Azərbaycan prezidentlərinin olması Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir parlaq nümunəsidir. Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etmişdir.
Və bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın türkiyəli atletləri təbrik etmələri sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Bunu isə işğalçı Ermənistan niyə də qəbul etmir? Çünki bu birlik, həmrəylik Qələbə Zəfərində bir daha özünü göstərdi, göstərdi ki, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır. Və bu gün Türkiyə və Azərbaycan liderlərinin mütəmadi görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB