Ermənistan üçün GÖZLƏNİLƏN FƏLAKƏT - TƏHLİL

Ermənistan üçün GÖZLƏNİLƏN FƏLAKƏT - TƏHLİL

Çoxdandır ki, Ermənistanda müşahidə olunan anti-Rusiya təbliğatı son zamanlar daha da güclənməkdədir. Bir sıra politoloqlar bunun işğalçı ölkə üçün son dərəcə təhlükəli olduğunu və nəticəsinin həmin ölkə üçün ağır olacağını proqnozlaşdırırlar. Çünki sirr deyil ki, Ermənistanın nəinki təhlükəsizliyi, hətta mövcudluğu belə Rusiya sayəsində qorunub bu zamana qədər. Birinci növbədə ona görə ki, ermənilər özlərinə böyük qardaş saydıqları rusların kölgəsində, himayəsində yaşayıblar. Onsuz da özünü müdafiə edə bilməyən bir işğalçı ölkənin indi həmin “böyük qardaşa” dönük çıxması, ölkədə rusofobiyanı körükləməsi, bununla belə hələ də terrordan, təxribatdan əl çəkilməməsi Ermənistan üçün gözlənilən fəlakət deməkdir.

Doğrudur, təkcə Ermənistanda deyil, dünyanın bir çox ölkələrində rusofob ritorika artıq çoxdandır ki, müşahidə olunmaqdadır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq həmin ölkələrin müqəddəratı da Rusiya sayəsində qorunmayıb və ruslardan asılı vəziyyətdə də deyillər. Amma rəsmi İrəvan çox yaxşı başa düşür ki, rusların himayəsindən məhrum olmaq ermənilər üçün fəlakətə gətirib çıxaracaq. Hazırkı Ermənistan hakimiyyətinin gah nala, gah da mıxa vuraraq, Rusiyanı qıcıqlandırmaqdan qorxması, şəxsən Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin qarşısında büzüşərək dayanması bu baxımdan təsadüfi deyil. İlk növbədə, erməni baş nazir və onun hakimiyyət komandası başa düşür ki, Qərb meydana çıxana, gəlib çatana qədər ölkələrinin təhlükəsizliyini hər zaman Rusiya qoruyub və ruslar sayəsində ermənilərin səsi çıxıb bölgədə. Başa düşürlər ki, Qərb nə qədər şirin vədlər, yaxud maddi yardımlarda dəstək versə də, Ermənistanı ayaqda saxlayan Rusiya olub. İndiki şəraitdə isə Ermənistan üçün təkcə vədlər, yaxud da maddi yardımlardan əlavə təhlükəsizliyinin təminatı ən böyük şərtdir. Son zamanlar aparılan əməliyyatları, bu əməliyyatlar zamanı acizliklərinini gördükdən sonra ümumilikdə ermənilərin əksəriyyəti buna tamamilə əmin oldular, təkcə Nikol və onun komandası yox.

Görünən mənzərə onu deməyə əsas verir ki, Qərb çoxdandır Ermənistana yağlı tikə göstərir, amma bunun müqabilində marionet kimi həmin ölkəni idarə etməyi planlayır. Hansısa aspektdə buna nail olur da. Məsələn, demokratiya adı altında qurduğu oyunlarının fonunda Paşinyan kimi bir küçə nümayişçisini hakimiyyətə daşıyır, sonra da onun əli ilə istədiyini edir. Guya həmin o küçə nümayişçisi xalqı bir neçə dəfə meydanlara çıxmaqla, bu ölkəni demokratik ölkəyə çevirib. Əslində isə, işğalçı bir ölkə barəsində demokratik ölkə demək özü absurddur və üstəlik, öz əleyhidarlarını təqiblərə, təhdidlərə, təzyiqlərə məruz qoyan, jurnalisti həbs etdirən bir hakimiyyət demokratik ola bilməz. Ermənistanı xaosun hökm sürdüyü bir ölkəyə çevirməklə, Qərb bulanıq suda balıq tutmaq niyyətini ortaya qoyur və son dərəcə ciddi cəhdlə buna çalışır. Belə bir niyyətin Ermənistana nə verəcəyini, daha doğrusu heç nə verməyəcəyini ermənilər gec də olsa başa düşməli idilər. Başa düşməli idilər ki, onları qoruyan hər zaman ruslar olublar, təhlükəsizliklərinin də təminatı Rusiyadır. Dərk etməlidirlər ki, Rusiyanın bu zamana qədər təmin etdiyi təhlükəsizlik sayəsində mövdud olduqları kimi, bundan sonra da eyni şəkildə təminatla gözlənilən fəlakətdən qurtarmaq üçün hansısa şans əldə edə bilərlər. Məhz 44 günlük müharibənin daha acınacaqlı nəticələrindən ruslar sayəsində, Rusiyanın işə qarışaraq, üçtərəfli danışıqları reallaşdırması sayəsində xilas olan ermənilər anlamalıdırlar ki, elə Rusiyanın da köməyi, dəstəyi ilə rəsmi İrəvan qonşuları ilə dil tapa, münaqişəni yoluna qoya bilər. Bundan sonra da nəticədə, sülh danışıqlarının da baş tutması məhz Ermənistanın sonrakı mövcudluğuna, hətta inkişafına şərait yaradar, bu ölkəni fəlakətdən xilas edər. Yoxsa, hələ də hansısa qüvvələr öz çirkin niyyətləri üçün erməniləri təxribatlara sürükləyəcək və bu da cavab reaksiyası nəticəsində bütövlükdə Ermənistanın, erməni cəmiyyətinin mövcudluğunu sual altında qoyacaq, onlara fəlakət gətirəcək.

Ermənistan tarix boyu danışıqlara sadiqlik nümayiş etdirməyib. Yenə də bu ölkənin siyasətində, strategiyasında sadiqlikdən danışmaq mümkün deyil. Məsələn, bu işğalçı ölkə Aİ missiyasının Ermənistanda yerləşdirilməsi barədə nə Rusiya, nə də Azərbaycanla razılığa gəlməyib. Halbuki, danışıqlar, razılaşmalar üçtərəfli qaydada olmuşdu və daha böyük fəlakətdən həmin üçtərəfli danışıqlar sayəsində yaxa qurtara bilən işğalçı ölkə hər iki ölkədən, ən azından heç olmasa Rusiyanın razılığını almalı idi. Amma heç bir razılıq almadı və belə tərzi sözsüz ki, rusların qəzəbinə səbəb oldu. Rusiya tərəfi elə zənn edirdi ki, Ermənistan-Azərbaycan sərhədində KTMT missiyası dəvətli olacaq, lakin bu da belə olmadı. Deməli, Rusiyanın haqlı olaraq narazı düşməsinə əsaslı səbəbləri var. Elə bu səbəblər də onu deməyə əsas verir ki, artıq Rusiya heç zaman Ermənistanın təhlükəsizliyi barədə düşünməyəcək belə. Belə bir vəziyyət isə öz təhlükəsizliklərini qoruya bilməyən ermənilər üçün əsl fəlakət anlamına gəlir. Bunu dərk edə bilməyənlər hələ üstəlik təxribatlara da əl atırlar və özləri üçün fəlakətin daha sürətlə yaxınlaşmasına şərait yaradırlar.

Rusiyanı narazı salan, hiddətləndirən səbəblərdən biri də üçtərəfli bəyanatdan, razılaşmadan sonra Ermənistanın öz silahlı birləşmələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmamasıdır. İndi həmin ərazilərdə yerləşdirilən sülhməramlı kontingent daha yaxşı bilir ki, Ermənistan öz silahlı birləşmələrinin qalıqlarını çıxarmaq əvəzinə, həmin ərazilərimizə gizli yollarla hərbi texnika və silah-sursat daşıyır. Bu nə deməkdir və bunun nə kimi nəticələr verəcəyini söyləmək, daha doğrusu, proqnozlaşdırmaq çətindirmi? Əlbəttə ki, yox. Deməli, üçtərəfli sazişin ardınca ermənilər tərəfindən silah-sursat, hərbi texnika ərazilərimizə daşınırsa, belə bəlli olur ki, onlar ən azından növbəti təxribatlara hazırlıq görürlər. Yaxşı, bəs o zaman, yəni ermənilər ağıllarına gələni edirlərsə, Rusiya Sülhməramlı Kontingenti nəyə lazım idi və həmin ərazilərdə onların olmalarının mənası nə olur? İndi ermənilərin davamlı olaraq ərazilərimizə silah-sursat, hərbi texnika, hətta basdırılması nəzərdə tutulan minalar daşıması sülhməramlıların fəlaliyyətinin, mövcudluğunun mənasızlığını ortaya qoyur ki, bu da Rusiya üçün heç də qəbuledilən, arzuolunan deyil. Çünki belə bir şərait sülhməramlıların bölgədə varlığının mənasızlığını ortaya qoyur və onların bundan sonrakı varlığını da sual altına qoyur. Bu isə, öz növbəsində, Rusiyanı tədbirlər görməyə vadar etmək deməkdir və nəticəsinin də Ermənistan üçün fəlakət olacağı təkzibedilməzdir.

Görünən odur ki, davamlı olaraq Ermənistanın öz vədlərinə əməl etməməsi, razılaşmalara, danışıqlara sadiq qalmaması bu ölkənin daha ciddi kataklizmlərlə qarşılaşacağı anonsunu verməyə əsas yaradır. Belə bir halda isə, həmişə olduğu kimi, Qərb yenə də müşahidəçi mövqedən çıxış edəcək. İndi revanşizm əhval-ruhiyyəsi yaratmağa çalışanlar hansısa toqquşmalar törətdikləri zaman, təxribatlar yaratdıqları zaman Qərb gözə də görünməyəcək və dırnaqarası “revanşistlər” meydanda tək qaldıqları zaman, eyni ilə 44 günlük müharibədəki erməni fərariləri kimi dabanlarına tüpürüb qaçacaqlar. Onların həmin anda ruslardan kömək istəməyə artıq üzləri də olmayacaq, təbii ki, belə bir üz varsa.

İndi Ermənistanın mövcud durumu fonunda apardığı siyasət, heç bir əsası olmayan iddialılığı bu ölkənin və ölkə vətəndaşlarının fəlakəti deməkdir. Ələlxüsus, bu işğalçı ölkədə artan rusofobiya gözlənilən fəlakəti daha da sürətlə yaxınlaşdırır. Çünki rusofobiyanın get-gedə daha da artması, digər tərəflərdən də öncə Rusiyanın özünün bu işğalçı ölkə ilə əlaqədar ciddi addımlar atmasına əsas verir. Yəni, Rusiyadan üz döndərməklə, rusların himayəsindən məhrum olmaqla, hətta rusofobiya ilə qıcıq yaratmaqla, Ermənistan vətəndaşları da, hakimiyyəti də ölkəni fəlakətə sürükləmiş olur. Üstəlik, hələ də üçtərəfli razılaşmanın şərtlərinə əməl etməyən Ermənistanın bundan sonra Rusiya tərəfindən bir istəyinin belə eşidilməyəcəyini, nəzərə, hesaba alınmayacağını düşündükdə bəlli olur ki, bu ölkəni hansı nəticələr, daha doğrusu, hansı fəlakətli nəticələr gözlədiyir və bu fəlakəti təsəvvür etmək heç də çətin deyil.

Son günlər yenə də Ermənistan tərəfinin təxribatlara əl atması, sərhəddə gərginlik yaratması təsdiq edir ki, bu ölkənin başbilənləri ya başlarını itiriblər, ya da fəlakət astanasında olduqlarının fərqində deyillər. Azərbaycan öz qüdrəti, öz imkanları hesabına təxribatçıları yerində oturtmaq, onları cəzalandırmaq, layiqli cavab vermək əzmindədir. Əgər 44 gün ərzində Ermənistan tərəfi Azərbaycanın gücü qarşısında diz çökdüsə, deməli, itkilərlə üzləşdikdən və tamamilə zəiflədikdən sonra ermənilərin nəyə isə ümid etmələri axmaqlıqdır. Bütövlükdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədisə, deməli, xaotik durumda olan silahlı hərbçi qalıqları ümumiyyətlə, müqavimət belə göstərə bilməzlər və bunu da anlamamaq, belə bir axmaqlıq özü həmin o işğalçı ölkəni daha böyük fəlakətə daşıyır. Dəfələrlə ermənilər şahidi oldular ki, rus sülhməramlıları onları qorumadılar və ruslara dönük çıxanlar indi də onların himayəsindən məhrum olmaqla tamamilə cılız vəziyyətdə olduqlarını təsəvvür etsələr bəs edər ki, fəlakət astanasında olduqlarını anlasınlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə