Türkiyə: davammı, tamammı? – BAXIŞ BUCAĞI

Türkiyə: davammı, tamammı? – BAXIŞ BUCAĞI

14 may 2023-cü ildə keçiriləcək prezident seçkiləri Ərdoğanın ən rahat seçkisi olacaq

Təkcə Türkiyə və Azərbaycan yox, bütün dünya baş verəcək tarixi hadisənin nəticələrini gözləməkdədir. Kim udacaq, kim uduzacaq, yaxud kim qazanacaq suallarına cavab tapmaqda hər kəs acizdir. Əslində nəticənin gözləntilərin əksinə olacağını düşünmək belə istəmirsən, amma siyasətin səkkizüzlü olduğunu da unutmayaq. Hələ “saqqız oğurlamaq” üsullarının keçmişin qalığı olmadığını düşündükcə bir az da narahat olursan...

Söhbət 14 may tarixində qardaş Türkiyədə baş tutacaq parlament və prezident seçkilərindən gedir. Prezidentliyə 4 namizəd var, amma “savaşın” – mübarizənin iki namizəd arasında gedəcəyi şübhəsizdir. Biri Türkiyənin dünya gücünə çevrilməsində misilsiz xidmətlər göstərmiş indiki Prezident Rəcəb Tayyib Ərdoğan, ikincisi isə Türkiyə siyasətçilərindən birinin dediyi kimi qatıldığı bütün seçkiləri uduzan və hər kəsin Qərbin adayı - namizədi olduğu deyilən Kılıcdaroğludur. Düzdür, son sözü sandıq başında xalq deyəcək, amma xalq sandıq başına gedənə qədər olanlar olacaq. Bütün seçkilərdə seçiciləri aldatmaq ənənəsi var. Bu Türkiyədə də belədir, ABŞ-da da, Rusiyada da, Avropada da, Şərqdə də, Qərbdə də. Əsl həqiqət isə kənarda qalır. Kimin bu ölkə üçün nə etdiyini tərəzinin gözünə qoymaq və bundan sonra qərar verməkdə insanlar bir az tənbəllik edir, zərbənin haradan gəldiyinin fərqinə varmırlar.

Qərb dünyası diqtə etməkdə, öz adamını hakimiyyətə gətirməkdə çox həvəsli görünür. Bunun üçün milyardlardan keçir, birinin seçilməsi üçün qazanacağından iki qatına artığını xərcləyir. Təki onun dedikləri olsun və rəqibsiz dünyada yaşasın. Bu gün Türkiyədə, eyni zamanda Azərbaycanda qardaş ölkədə keçiriləcək parlament və prezident seçkilərinin nəticələrindən narahat olanların sayı kifayət qədərdir. Bəli, özgə vaxt olsaydı, yəni Türkiyənin ətrafında qurulmuş tələlərin sayı artmasaydı, Türkiyənin bütün sahələrdə əldə etdiyi misilsiz uğurları həzm edə bilməyən ölkələrin sırası belə sıxlaşmasaydı, bu inkişafı əngəlləmək üçün min bir oyunlar qurulmasaydı hakimiyyət dəyişikliyinə normal yanaşmaq olardı. Düşünərdik ki, indiyədək Türkiyədə hakimiyyətdə kimlər olmayıb ki, bu dəfə də “bay Kemal” olsun. Amma bu seçimin arxasında duran niyyətlərə baxanda məlum olur ki, Türk xalqı nə edir etsin, onu hakimiyyətin kandarına belə buraxmasın. Çünki Kılıçdaroğlu bir Qərb – Amerika projesidir. Türkiyənin əyilməyən başı “Kemal-i ədəblə” əyilməyə meyllidir.

Diqqət edin, Kılıçdaroğlunu hansı partiya və koalisiya üzvləri dəstəkləyir. Adını da demokratiya qoyublar. Türkiyəni bölməyə, dövlətçiliyini sarsıtmağa çalışan HDP kimi terror yuvası. Bu təşkilatın başında duranlar zindandadırlar, tutulma səbəbləri də dövlətin bütövlüyünə qarşı siyasi fəaliyyətləridir. Üzvləri arasında Türkiyəni qondarma “soyqırımı”nda ittiham edən və bu istiqamətdə çirkli, şər əməllərindən əl çəkməyən ermənilər çoxluq təşkil edir. Niyyətləri də bəllidir, Türkiyəni bir dövlət olaraq məhv etmək, bölmək, parçalamaq və kiçik paylardan birinə də yiyələnmək.

Gəlin iki variant üzərində düşünək. Birinci variant Ərdoğan qalib gəlir, ikinsi variantda isə Kılıçdaroğlu hakimiyyətə gətirilir. Əlbəttə, bu seçimlər arasında kifayət qədər dərin fərqlər var. Biri Türkiyənin gələcəyi, inkişafı, müstəqil siyasəti, xaricdən asılı olmayan iqtisadiyyatı, güclü hərbi sənayesi, xarici təhdidlərə cavab vermək iradəsinə sahib olması kimi keyfiyyətlər uğrunda ölüm-dirim savaşına çıxıb, digəri isə ölkənin gələcəyinin Qərdən alacağı ianələr hesabına keçindirmək niyyətində olan birisidir. Biri özünə, millətinə, dövlətinə güvənən, digəri isə başqasının kölgəsində durub iftiralar yağdıran.

Birinci variantın qəhrəmanı, indiki Cümhurbaşqanı Rəcəb tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının əsasını 14 avqust 2001-ci ildə qoyub. Onun təsisçisi və sədridir. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olub. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu. Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı. Siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərq siyasəti ilə dünya güclərinin edə bilmədiyi münaqişənin qeyri-müharibə fazasına keçməsini təmin edə bildi. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürdü və bu proses hələ də davam etməkdədir. Göz ardı edilməməsi gərəkən şeylərdən biri isə hakimiyyətin pul siyasəti nəticəsində 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2012-ci ildə ölkə 48 milyard dollarlıq müsbət saldoya çatdı.
Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında son 20 ildə böyük tarixi yol qət edərək dünyanın inkişaf etmiş nəhəng sənaye ölkəsinə çevrildi. Modern sənayesi, yeni yexnologiyaların tətbiqi sayəsində əldə edilənlər dünyanı mat qoyub. Türkiyə bu müddətdə bir çox xəyali layihələri gerçəkləşdirdi. Bu gün müdafiə sənayesi sektorunda layihələndirilən məhsulların sayı 11 dəfə artıb, bu sahədə çalışan şirkətlərin sayı 2700-ə çatıb. Ən əsası isə müasir dövrümüzün sensasiyası sayılan silahlı insansız uçuş aparatlarının (SİHA) ordunun arsenalına verməsi, yaxın, dost ölkələrə satışı bu sahədə qardaş ölkənin əldə etdiyi ən böyük uğurlardandır. “Bayraktar Texnoloji” şirkəti qısa zaman kəsiyində “Bayraktar” pilotsuz uçuş aparatlarının, “Akıncı”, “Qızılelma” pilotsuz qırıcı təyyarələrinin, “Baryaktar TB3” pilotsuz təyyarələrinin və ən son texnologiyalarla təchiz edilən “TCG Anadolu” desant gəmisinin istehsalı məhz Ərdoğanın hakimiyyəti dövründə əldə edilən uğurların yalnız bir hissəsidir. Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan pilotsuz döyüş təyyarələri 2014-cü ildən Türk Ordusunun arsenalındadır. Bu sistemdən Azərbaycan ordusunda da istifadə edilir. Ikinci Qarabağ savaşında məhz “Bayraktar TB2” PUA-ları vasitəsilə düşmənin əsas döyüş məntəqələri sıradan çıxarıldı, silah-sursat anbarları, canlı qüvvəsi məhv edildi.

Türkiyə həm də regionda sülhün, təhlükəsizliyin təmin edilməsində, barışıb qorunmasında çox ciddi işlər görməkdədir. Qardaş ölkənin səni nəticəsində dünyanı bürüyən taxıl böhranının qarşısı alınıb, Rusiya ilə Ukrayna arasında yeganə təmas nöqtəsi türkiyədir desən yanılmarıq. Çünki Türkiyənin səyi və nüfuzu sayəsində müharibə edən tərəflər bir-biri ilə təmas qurur, əsir mübadiləsindən tutmuş taxıl dəhlizinin səmərəli və təhlükəsiz fəaliyyət göstrməsinə qədər dünya güclərinin əldə edə bilmədiyi uğurlara imza atır.

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının seçki manifestində Türkiyənin gələcək yüz ilindən söhbət açılır. Bu, əslində xalqın, ölkənin inkişafında bir rəhbərin ata biləcəyi ən uğurlu addımlardır. Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlər arasında gənclər və qadınların üstünlük təşkil etməsi diqqət çəkən məqamlardandır. 21 ildir qadınların qarşısındakı maneələri aradan qaldıran, təhsildə, işdə, iş həyatında və siyasətdə qadınları görünür edən AK Partiya 14 may seçkilərində qadın namizədlərinin sayını artırıb. Siyahılarda 113 qadın namizədin adı var. Hər fürsətdə gənclərə güvənini ifadə edən prezident Ərdoğan əvvəlki seçkilərdə olduğu kimi gəncləri də seçilə biləcəkləri yerdən namizədlər siyahısına salıb.

Prezident Ərdoğan dünənki daha bir tarixi addıma imza atıb. Dünyanın ilk SİHA gəmisi, Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” donanmanın xidmətinə verilib. Bu addım Türkiyənin, xüsusilə Şərqi Aralıq dənizində enerji qaynaqlarına və Mavi Vətən hədəflərinə çatmasında çox mühüm rol oynayacaq. Artıq Ege və Aralıq dənizinin təhlükəsizliyinə cavabdeh “TCG Anadolu” olacaq. NATO-nun güclü tərəfdaşı olan Türkiyə üçün bu, böyük prestijdir.

Bəs Prezident Ərdoğan bütün bu uğurlara imza atarkən onun seçkilərdəki əsas rəqibi hesab edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri və 6-lı blokdan namizədliyi irəli sürülən, Ərdoğanın dediyi kimi, “Bay Kemal” görəsən nə işlə məşğul idi? CHP-də “Yenə bahar gələcək, söz verirsən” şüarı ilə 14 may seçkilərinə hazırlıq gedir və sadəcə hazırlıq. Kamal Qılıcdaroğlu barədə deyiləcək bir fikir də yoxdur. Onun xalqa deyəcəyi və verəcəyi söz yalnız nəzəriyyə ola bilər, vəssalam.

Yenə də söz Türkiyə seçicilərinindir . Ərdoğanla davammı, yoxsa tamammı?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə