“Makronun idarəçiliyi fransızları ciddi narahat edir” - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
““Qocalar ölkəsi” Fransada bir müddətdir baş verən iğtişaşlar sosial ədalətsizliyin, eyni zamanda demoqrafik problemlərin ortaya çıxardığı fəsadlardır. Bəllidir ki, Fransa əhalisinin böyük faizi yaşlı insanlardan ibarətdir, buna görə Fransa “qocalar ölkəsi” kimi xarakterizə olunur”. Bu sözləri SİA-ya açıqlamasında “Yeni Müsavat” Media Qrupun redaktoru, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru, siyasi şərhçi Elşad Məmmədli deyib.
Onun sözlərinə görə, insan artımı azdır, uzun onilliklərdir ki, ailələrdə 1, maksimum iki uşaq olur: “Nəticə etibarı ilə fransızların əksəri yaşlılardır, 60-80 yaş civarında olan fransızlar üstünlük təşkil edir. Son 15-20 ildə Fransada əhalinin artım sayı əsasən miqrantların hesabınadır. Habelə, Fransada işləyən kateqoriya, xüsusən ağır işlər, təmizlik işlərini görən əsasən miqrantlardır. Çünki qeyd etdiyim kimi, Fransanın yerli əhalisi əsasən yaşlı insanlardan ibarətdir”.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Fransa hökuməti isə pensiya yaşının 2 il artırılması layihəsi üzərində işləyir. Pensiyaya daha tez çıxmaq istəyən insanlar nümayişlərə başladılar, bunun ardınca digər sosial problemlər də qaldırıldı və yaşlılara digər təbəqələr də qoşularaq, aksiyaları genişləndirdilər. Hökumət isə etirazçıların tələbini qulaqardına vurur. Bunun əvəzində Fransa hüquq-mühafizə orqanlarının nümayişləri aqressiv şəkildə yatırtmağa çalışdı, insanları dəyənəklə döydülər, bibər qazı ilə boğdular və beləliklə insanlar da adekvat olaraq aqressivləşdi, iğtişaşlar ölkəni bürüdü”.
Ekspert bildirdi ki, bu, məsələnin görünən tərəfidir: “Təbii ki, görünməyən tərəflər də var və hesab edirəm ki, Emmanuel Makronun yenidən Fransa prezidenti seçilməsi insanları ciddi narahat edir. Çünki Makron Fransanın dövlət maraqlarını ayaqlayan, öz korporativ maraqları naminə Fransanın demokratik ölkə imicini zədələyən bir şəxs kimi tarixə düşüb. Üstəlik, Makronun hakimiyyəti dövründə Fransada sosial problemlər artıb və fransızlar daha 4 il belə yaşamaq istəmirlər. Təsadüfi deyil ki, nümayişçilər artıq Makronun istefasını tələb edirlər. Güman edirəm ki, əgər Fransa hökuməti sosial tələbləri yerinə yetirməzsə, iğtişaşlar daha böyüyə və ölkədə katostrafik vəziyyət yarana bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə