Azərbaycan-Tacikistan əlaqələri tarixi köklərə dayanır ŞƏRH

Azərbaycan-Tacikistan əlaqələri tarixi köklərə dayanır ŞƏRH

Ötən əsrin 90-cı illəri dünyanın siyasi xəritəsində baş vermiş mühüm hadisələrlə yadda qalmışdır. Postsovet məkanında bir-birinin ardınca yeni-yeni müstəqil dövlətlər meydana çıxdı. 1991-ci il sentyabrın 9-da Tacikistanın dövlət müstəqilliyi əldə etməsilə onun inkişafı yolunda yeni üfüqlər açıldı. Tacik xalqı belə bir fürsəti məqamında dəyərləndirdi, sosial-iqtisadi və siyasi sahədə bir sıra mühüm qərarlar qəbul etdi. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Ötən illər ərzində bu ölkə dayanıqlı, sabit inkişafa nail olmuş mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış etmişdir. Beləliklə, həyatın tələblərinə cavab verə biləcək müasir sənaye sahələri də yaradılmağa başladı. Bütün bunlar ölkənin dirçəldilməsinə müsbət təsir göstərdi və tacik xalqı həyatın müxtəlif sahələrində yeni-yeni uğurlara imza atdı. Dövlət bölməsinə daxil olan yeni infrastrukturlar yaradıldı. Bu addım müstəqilliyin kövrək illərini yaşayan bir ölkə üçün xarakterik idi. Azərbaycan kimi, qardaş Tacikistanda da əlverişli iqlim şəraiti ölkədə kənd təsərrüfatı və sənaye məhsullarının istehsalını artırmağa imkan verdi. Zəngin hidroenerji potensialına malik olan bu ölkə dünyada adıçəkilən sahə üzrə səkkizinci yerdə durur. Lakin son onilliklər ərzində qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq bu sahədə bəzi problemlər yaranmışdır. Təqdirəlayiq haldır ki, Tacikistan XXI əsrin əvvəllərindən başlayaraq qlobal forumlarda ayrı-ayrı dövlətlərin və beynəlxalq ictimaiyyətin diqqətini içməli su problemlərinin həllinə yönəldir. Təsadüfi deyil ki, Tacikistanın və bir sıra digər ölkələrin təşəbbüsü ilə BMT Baş Məclisi 2003-cü ili Beynəlxalq içməli su ili, 2005-2015-ci illəri “Su həyat üçündür!” Beynəlxalq fəaliyyət onilliyi və 2013-cü ili “Beynəlxalq su əməkdaşlığı ili” elan etmişdi. Bütün bunlar bəşəriyyətin xoşbəxt gələcəyi naminə atılan mühüm addımlar olmuşdur. Tarixən hər iki xalqı İpək yolu birləşdirsə də, dini etiqad ümumiliyi, hər ikisinin Şərq mədəniyyətinin mərkəzində yer tutmaları, zəhmətkeş, qonaqpərvər, sülhsevər keyfiyyətlərə malik olmaları, eyni dinə qulluq etmələri taciklərin azərbaycanlılarla məhrəmliyini şərtləndirən mühüm amillər olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Tacikistanın Cənubi Qafqazda ilk diplomatik nümayəndəliyi də məhz Bakıda açılmışdır. Diqqətəlayiq haldır ki, 1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənmişdir. Hər iki dövlətin rəhbərləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri qarşılıqlı münasibətlərdə mühüm addım olmuşdur. Həmçinin Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun bu ilin avqustunda Azərbaycana səfəri hər iki ölkənin gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Tacikistanın dövlət başçısı müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulamışdır. Onun bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayda sənədlərin (11 sənəd və bəyannamə) imzalanması ilə yadda qalmışdır. Cənab prezidentin səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşlər kecirdi. Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə prezidenti siyasi -iqtisadi əlaqələrin inkişafı üçün yeni razılaşmalar əldə edib.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə