İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində tərtib olunan yeni formatda çatışmayan cəhətlər, ədalətsizliklər yetərincə bol oldu. 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti" bütün Yer kürəsindəki insanlar adından bir qərara imza atdı və bununla da planetimizin idarə olunmasında 5 ölkənin pay almasına kəfil oldu. Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 % ərazisi BMT-nin mandat sisteminə daxildir. Soruşa bilərsiniz, burada qəribə nə var ki? Əgər bir əsrdə iki dünya müharibəsi baş verirsə və dünya ölkələrini idarə etmək, uzlaşmanı təmin etmək mümkün olmursa burada gərəkən bütün addımları, o cümlədən BMT kimi qurumu yaratmaq da çıxış yollarından biri kimi qəbul edilməlidir. Amma...
“Əmma”sı budur ki, dünya birliyi, BMT adlı qurum yaradılanda yalnız bir qrup ölkənin maraqları nəzərə alınıb, deyə söyləyə bilərik. Məsələ burasındadır ki, BMT Təhlükəsizlik Şurası (TŞ) adlı qurum təsis ediləndə də qeyri-müəyyənlik baş verib. Belə ki, TŞ-nin 15 üzvündən 5-i daimidir. Yəni 10 üzv iki ildən bir dəyişsə də daimi üzvlər düz 78 ildir ki, faktiki olaraq dünyanı de-fakto idarə edirlər. Burada 10 TŞ üzvü səs versələr də veto qoymaq hüququna malik deyillər. Bu status yalnız daimi üzvlərə aiddir. Bundan başqa, daimi üzvlərin seçilmə qaydası tərtib olunanda dünyanın üçdə ikisinin maraqlarını qoruyan regional, yaxud milli-etnik cəhətdən bir olan və bu prinsiplər əsasında birləşən ölkələrin təmsilçilikləri nəzərə alınmayıb. Dünya əhalisinin və ərazisinin üçdə birini təmsil edən müsəlman dövlətlərin heç biri TŞ-nin üzvü deyil.
Bu gün isə vəziyyət dəyişib, dünya sanki ikinci dünya müharibəsindən sonrakı dövrünü xatırladır. Dünya “beşliy”ində təmsil olunan, daha dəqiq desək dünya ağalığına can atan ölkələr arasında fikir ayrılıqları o qədər dərinləşib ki, hətta aralarında böyük müharibənin başlanacağı da heç kimdə təəccüb yaratmır. Bir sözlə, dünyanın nizamı pozulub, “at izi it izinə qarışıb”. BMT TŞ-nin daimi üzvləri yekdil qərar qəbul etməkdə çətinlik çəkirlər. Həm də son vaxtlar Fransanın timsalında qərəzli, ikili standartlara söykənərək qərarların verilməsi adi hal alıb. Dövlətlərin maraqları dünya birliyinin maraqlarından önə çıxıb. BMT-nin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin kimi iri dövlətləri, TŞ-nin daimi üzvləri arasında münasibətlər müharibə həddindədir. ABŞ Çinlə müharibəyə hazırlaşdığı halda, Ukrayna üzərindən Rusiya ilə aparılan müharibənin artıq iştirakçısıdır. Bu müharibədə Avropa İttifaqı Rusiyaya qarşı hibrid müharibəsində iştirak edir. Yuxarıda dediyimiz kimi, artıq dünyanın indiki durumu, ölkələr arasında münasibətlər II Dünya müharibəsindən sonranı xatırladır.
Belə bir şəraitdə dünyanın yenidən şəkillənməsinə, TŞ-nin tərkibinə yenidən baxılmasına ciddi ehtiyac yaranıb. Bu il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev maraqlı çıxışı ilə yadda qaldı: “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.
Bundan başqa dünya birliyinin ədalətli idarə olunması üçün qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri də bəşəriyyətə yeni çalar gətirə bilər. Bunun üçün qardaş ölkənin əsasları da var. Türkiyənin nəinki regionda, həmçinin bütün dünyada əsas güc mərkəzinə çevrilib və proses hər gün yeni uğurlar əldə olunmaqla davam edir. Bunu bəzi Qərb ölkələrini və Amerika Birləşmiş Ştatlarını qəbul etmək istəmir və dünya idarəçiliyində özlərinə şərik qoşmaq istəmirlər. Amma Türkiyə dünyanı idarə etmək yox, ədalətli qərarlar vermək iddiasını ortaya qoymaq üçün bu tərtibi müdafiə edir. ABŞ prezidenti Co Bayden “Erməni soyqırımı” ifadəsini işlətməklə bu narahatlığını bir daha göstərmişdi. Bütün dünya da bilir ki, Türkiyənin müstəqil siyasətinə, geosiyasi uğurlarına zərbə vurmaq məqsədi daşıyan bu cür cəhdlər heç bir səmərə verməyəcək, rəsmi Ankaranı təzyiqlərlə “sındırmaq” mümkün olmayacaq. Azərbaycanın da Türkiyənin yanında olduğunu unutmasınlar. Ölkəmiz və millətimiz bütün vasitələrdən istifadə edərək qardaşlarını Qərbin mənfur planlarından qoruyacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid edib. Bildirib ki, “BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya "5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.
Qardaş ölkənin Prezidenti qeyd edib ki, BMT və onun müxtəlif strukturları 1945-ci ilin siyasi-iqtisadi mühitinə uyğun formalaşdırılıb: "TŞ-də Afrika ölkələrinin, türk-islam dünyasının təmsilçilərinin olmaması da ciddi çatışmazlıqdır. BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayı artırılmalıdır”. Ərdoğan haqlı olaraq bildirib ki, bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll etməməlidir. Türkiyə Prezidenti dəyişiklik tələblərinə qulaq asılmamasının səbəbini də göstərib. Bildirib ki, bu,“beşlik” tərəfindən II Dünya müharibəsindən sonra yaranmış status-kvonu təkidlə qoruyub-saxlamaq cəhdidir. Əlbəttə, dünyada 5 yox, 200-dən çox ölkə var. Dünya əhalisinin taleyi isə “bir ovuc” dövlətin əlindədir. Qlobal təhlükəsizlik arxitekturasının əvvəlki kimi qalması qəbuledilməzdir.
R.T.Ərdoğanın irəli sürdüyü bu təklifi Almaniya və Yaponiya rəhbərləri də zaman-zaman qaldırıblar. Türkiyə Prezidentinin təklifi Rusiya tərəfindən də dəstəklənib. Perspektivdə yeni üzvlərin bu siyahıya daxil ediləcəyi istisna deyil. Ərdoğanın açıqlaması isə məsələyə yeni stimul verir. Belə bir islahata ehtiyac olduğuna son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verməsi şərait yaradır. BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi isə baş verən qlobal dəyişikliklərə adekvat deyil, indiki vəziyyət İkinci Dünya müharibəsindən sonrakı dövrü xatırladır. Türkiyə kimi güclü, nüfuzlu regional oyunçuların kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Əlbəttə Ərdoğan bu məsələdə haqlıdır. Dünyada sayı sürətlə artan islam dünyası BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu da qərəzli qətnamələrin çıxarılması ilə müşaiyyət olunur. Bunu qlobal şəkildə həll etməyin yeganə yolu dünyanın “beşlik”dən azad olmasıdır.
Türkiyənin müsəlman-türk dünyasını təmsil etdiyini, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm aktor olduğunu qətiyyətlə söyləmək olar. Rusiya-Ukrayna müharibəsində Türkiyənin barışdırıcı mövqeyi dünyanın itirdiyi sülh şanslarını bir daha alovlandırdı. Həm də beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi olan BMT Təhlükəsizlik Şurası kimi qurumların uğursuzluqlarını üzə çıxardı. Türkiyənin illərdir müdafiə etdiyi “Dünya beşdən böyükdür” fikri bu hadisələrlə bir daha təsdiqini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür" kitabında da bu qeydlər var. Kitabın əsas qayəsini “Dünya 5-dən böyükdür” tezisi təşkil edir. Ərdoğan dünya məsələlərinin yalnız TŞ-nin 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların bu əsasda qəbul edilməsinin əleyhinədir. Həqiqətən BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa bir çox hallarda problemlərin həllini sürətləndirməkdə ya acizdirlər, ya da bilərəkdən bu addımı atırlar və bununla da bir-birlərinə mane olurlar.
BMT TŞ-nin daimi üzvlərinin fəaliyyəti həm də dünyada sülhün, təhlükəsizliyin bərqərar olacağına ümidləri azaldır. 1993-cü ildə BMT TŞ-nin 4 qətnaməsini xatırlayaq. Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətini guya durdurmaq, erməni qoşunlarının Azərbaycan torpaqlarından, suveren ərazilərimizdən çıxarılmasını təmin etmək barədə qəbul edilmiş qətnamələrin aqibəti barədə düşündükcə, “beşliy”in nə qədər aciz və dişsiz olduğunu anlayırsan. Diqqət edin, Təhlükəsizlik Şurasında bugünə qədər irəli sürülən 2446 qətnamə layihəsinə 249 dəfə veto qoyulub. Rusiya 112 veto ilə liderdir, ABŞ – 81 veto, Böyük Britaniya – 29 veto, Fransa – 16 veto, Çin – 11 veto. Belə bir “beşlik” dünyanın hər gün artan problemini necə həll edə bilər? Həm də, məsələn, müsəlman dövlətlərin, Afrikanı, Latın Amerikasını təmsil edən ölkələrin taleyi həll olunan məsələlərdə TŞ-nin daimi üzvləri tərəfindən hansı bədnam qərarların veriləcəyini təsəvvür edə bilirsinizmi? Ona görə də Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının sayı 5-dən 20-yə qədər artırılmalı və Təhlükəsizlik Şurasının Baş Assambleya qarşısında hesabatlılığı olmalıdır. Belə olmasa dünyada nizam-tərəzi həmişə çaşacaq, ədalətsiz qərar və qətnamələr hər bir dövlətin qapısını döyəcək.
Türkiyə Prezidentinin təklifi 5 daimi üzvün xoşuna gəlmir, əvəzində Yaponiya, Hindistan və Almaniyanın maraqlarına cavab verir. Yaponiya və Hindistan Çinin regional siyasətindən narazı olduqları səbəbindən ərdoğanı dəstəkləyirlər. Əlbəttə, bu da narahatlıq doğurur. Deməli, Yaponiya və Almaniya məhz Çini neytrallaşdırmaq üçün Türkiyəni dəstəkləyirlər və aydın olur ki, əslində hər iki ölkənin marağı dünya birliyində münasibətləri normal məcraya yönəltmək yox, öz maraqları ifadə etmək üçün mövqe, tribuna əldə etməkdir. Almaniya Avropanın lider ölkəsidir. ABŞ-ın hər gün artan təzyiqləri artıq Berlinin əsəblərini idarəolunmaz həddə çatdırıb və bu səbəbdən okeanın o tərəfindən gələn hədələrə qarşı platforma formalaşdırmaq niyyətindədir. Hindistan isə Çindən acıqlıdır. Çin-Hindistan sərhədində toqquşmalardan sonra Təhlükəsizlik Şurasında Çinin veto hüququ hər şeyi həll etdi və ümumiyyətlə Hindistanın etirazını BMT-də müzakirə etmək qeyri-mümkün oldu.
Yenə də məsələ açıq qalır, dünya dəyişdiyi halda, qlobal hadisələr yaşandığı bir zamanda BMT TŞ-nin tərkibi dəyişəcəkmi? “Dünya 5-dən böyükdür” tezisi məntiqi sonluğuna varacaqmı? Türkiyənin və Azərbaycanın təklifinə bəşəriyyətin sonunu düşünənlərdən, ədalətli idarə olunmasını istəyənlərdən dəstək gələcəkmi? Bu dəyişiklik zamanın tələbidir, artıq vədə yetişib, planetimiz vizual görünüşünü dəyişməmiş, kataklizmlər baş verməmiş öncə siyasi münasibətlərdə islahatların aparılması vacibdir. Ən önəmlisi isə bəşər övladını dünyanın 5-dən böyük olduğuna inandırmaqdır. Əks halda...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB