"Belə kadr islahatlarına həmişə ehtiyacımız olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Belə kadr islahatlarına həmişə ehtiyacımız olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ölkə rəhbərliyi tərəfindən kadr siyasəti istiqamətində atılan addımlar dövlətimizin idarə edilməsində və qarşıya qoyduğu məqsədlərə çatılmasında istifadəsi baxımından çox təqdirəlayiqdir. Bildiyimiz kimi, ölkəmiz çox mürəkkəb və gərgin bir coğrafi məkanda yerləşir. Bundan əlavə, qonşuluğumuzda olan İran və Ermənistan kimi ölkələri nəzərə alsaq, güclü ideoloji dövlətçilik ətrafında bizi birləşdirən böyük bir çərçivə olmalı idi ki, bizim bu baxımdan Azərbaycan dövlətçiliyinin daha da güclü olması, idarəçilikdə yeni qarşıya çıxan çağırışların nəzərə alınması və Azərbaycanın çətin coğrafi məkanda fəaliyyətinin tənzimlənməsi baxımından belə kadr islahatlarına həmişə ehtiyacımız olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Deputat sözlərinə belə davam edib: "Bu baxımdan hələ milli liderimiz tərəfindən əsası qoyulan, sonradan cənab Prezident tərəfindən davam etdirilən bu sahədəki addımlar ölkəmizin 2020-ci ildən bu günə kimi daha yeni bir mərhələyə keçməsinə səbəb olub. Bildiyimiz kimi, kadr siyasəti ölkənin idarə edilməsi ilə yanaşı, güclü ordu, iqtisadiyyat və ölkənin siyasi mövqeyinin ortaya qoyulması deməkdir. Xüsusilə də torpaqlarımızın işğaldan azad edilməsindən sonra Ali Baş Komandanımızın rəhbərliyi altında güclü ordumuzun həyata keçirdiyi böyük hərbi zəfər məhz yeni baxışların ortaya qoyulması ilə öz məntiqi sonluğunu tapdı.

Hal-hazırda Azərbaycan yenə də post-münaqişə proseslərindən keçən bir ölkə kimi, hər bir cəhətdən yeni ideyalar, kadr islahatları və trendlərlə dünyaya nümunədir. Hesab edirəm ki, yeni kadrlar standartlar və tələblərə cavab verməsi baxımdan məsuliyyəti dərk edir, ölkəmiz və xalqımız qarşısında öz vəzifə borclarını yerinə yetirirlər.

Təbii ki, Azərbaycan böyük ölkələrlə müqayisədə limitli coğrafi ərazi və resurslara malik olmasına baxmayaraq apardığı proqmatik siyasət, düzgün kadr siyasəti və bu kadr siyasətinin formalaşdırdığı böyük hədəflərə doğru gedən istiqamət olaraq biz öz hədəflərimizə artıq çatmış, hədəflərimizi yeniləmək və daha yüksək hədəfləri qarşımıza məqsəd qoyaraq durmadan fəaliyyətimizi davam etdirəcəyik. Ölkə rəhbərliyi kadr siyasətinə bu baxımdan çox böyük önəm verir.

Kadr siyasətində digər önəmli məsələ ondan ibarətdir ki, bu böyük menecerlik qabiliyyətlər tələb edir. Buraya cənab Prezidentin apardığı ağıllı və müdrik siyasəti misal göstərmək olar. Onun yürütdüyü bu siyasət böyük örnəkdir. Cənab Prezidentin formalaşdırdığı yeni nəsil kadr siyasəti nəticəsində irəli sürülən insanlar bu məsuliyyəti dərk edirlər.

Problemlər və çağırışlar müasir qlobal dünyada qaçılmazdır. Bu problemləri önləmək üçün ağıllı kadrlara və güclü menecerlik bacarıqlara sahib olan insanlara ölkə olaraq yatırım etmişik. Bu yatırımın bəhrələri də artıq görünməkdədir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə