“Tehran-molla rejimi əvvəlcə ermənilərə verdiyi hərtərəfli dəstəyi xatırlasın“ – DEPUTAT ŞƏRH ETDİ
“İran parlamentində Azərbaycan Respublikasının İsraildə açdığı səfirliyi barədə müzakirələrin aparılması və hazırlanan bəyanat bu ölkənin suveren Azərbaycana qarşı növbəti təxribatıdır. Təkrar edirik, Azərbaycan müstəqil dövlətdir, hansı ölkədə və hansı şəhərdə diplomatik korpusunu, səfirlik binasını yerləşdirmək onun suveren hüququdur. Bu məsələdə heç bir ölkənin məsləhətinə, göstərişinə, yaxud arzu-istəyinə ehtiyacımız yoxdur. Azərbaycanın İsraillə diplomatik əlaqələrinin 30 illik tarixi var. İsrail Azərbaycanın müstəqilliyini tanıyan və səfirlik açan ilk ölkələrdəndir. Rəsmi Tehran unutmasın ki, Azərbaycan həm də İrana görə İsraildə səfirliyimizin fəaliyyətə başlamasını ertələyirdi. Halbuki, İranın Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman azərbaycanlıları yurdundan-yuvasından qovan, əsir-girov götürən, öldürən, evini dağıdan, məscidləri viran qoyan işğalçı Ermənistanla diplomatik əlaqələr qurmuşdu, səfirliklər açmışdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Tehran rejiminin 30 il ərzində Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti özünün kulminasiyasına ötən il Qafan şəhərində İranın baş konsulluğunun açılması ilə çatdı. Azərbaycan səfirliyinin Qüdsdə açılmasına etiraz edən molla rejimi və onun parlamenti əvvəlcə öz əməllərinə, Azərbaycana qarşı aparılan təbliğata, təxribata diqqət etsin. İran bu hərəkətləri ilə münasibətləri bir az da gərginləşdirir. Yaxın tariximizə nəzər salaq, I Qarabağ müharibəsində İran bir dəfə də olsun Ermənistanın işğalçı əməllərini pisləməyib, bununla bağlı bəyanat verməyib, Azərbaycanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu İrəvana xatırlatmayıb, azərbaycanlıları doğma yurdlarından qovan ermənilərə etiraz etməyib, məscidlərimiz tövləyə çevriləndə Ermənistana qulaqburması verməyib, şəhər, kənd və qəsəbələrimiz dağıdılanda, viran qoyulanda susub. Hansını sadalayaq? İran bizim xeyrimizə hansı addımları atıb ki, biz də Tehranın “məsləhətinə” “ləbbeyk” deyək? İran Fələstini və fələstinliləri guya müdafiə edir və bizdən də istəyi budur ki, İsraillə çəkişməsində, qarşıdurmasında onunla bir səngərdə olaq. Bu, necə ola bilər? Biz düşmənimizə dəstək olan İranın, yoxsa bizə Vətən müharibəsində dəstək olan İsrailin yanında olmalıyıq? Cavab məlumdur.
İranın Azərbaycana dəstəyi bir yana dursun, ən azından buna mane olmamalı idi. Əksinə, özünü islamın müdafiəçisi kimi təqdim edən molla rejimi ermənilərin vandallığına, cinayətlərinə, din düşmənçiliyinə göz yumdu, müharibədə onlara hər cür yardımlar etdi. Bu dəstək, erməni-fars qardaşlığı bu gün də davam etdirilir. Ona görə də Tehran rejiminin bizdən kiminlə hansı şəkildə əlaqələr qurmağımızı tələb etməsi, yol göstərməsi heç bir əndazəyə sığmır. Casus şəbəkəsinin ifşasına gəlincə, Azərbaycan dövlətinin İslam dini ilə heç bir problemi yoxdur. Saxlanılanlar heç də “dindarlar”, “şiələr” deyil, molla rejiminin Azərbaycandakı casus-cinayətkar şəbəkəsinin üzvləridir. Molla rejiminin isə həqiqi İslama heç bir aidiyyəti yoxdur, bu terrorçu rejim dini pərdə altında çirkin, iyrənc fəaliyyətlə məşğuldur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB