Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə Azərbaycan-Tacikistan əlaqələri - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var”
TACİKİSTAN PREZİDENTİ: “Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır”
Bu gün 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Xüsusilə, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur və Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: «Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməliyik».Bu baxımdan aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri olub. Bu səfər iki ölkə arasından dost və qardaşlığın göstəricisidir. Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
TACİKSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMON: «Tacikistan-Azərbaycan münasibətləri inkişaf edir»
«Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var».Bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirib ki, bu rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulayıb: «Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram. Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsini arzu edirəm».
PREZİDENT İLHAM ƏLİYEV: «Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam»
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı söyləyib ki, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və gələcəyi var: «Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var».Dövlətimizin başçısı deyib: «Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var».İki ölkə liderlərinin təkbətək görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub..Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AZƏRBAYCAN PREZİDENTİ: «Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq»
«Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq».Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı söyləyib.«Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik», - deyə dövlətimizin başçısı vurğulayıb.
TACİKİSTAN PREZİDENTİ: «Tacikistan və Azərbaycan xalqlarını ənənəvi dostluq telləri bağlayır»
«Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir».Bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə bildirib.Bu qarşılıqlı fəaliyyətin siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə etdiyini vurğulayan Emoməli Rəhmon qeyd edib: «Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk».Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Həmçinin, Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikstana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər, hər iki ölkə liderlərinin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Həmçinin, iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi: «Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var»
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB