Goesiyasi oyunlar fonunda dünya üçün GÖZLƏNİLƏN “ZƏRBƏ” - TƏHLİL

Goesiyasi oyunlar fonunda dünya üçün GÖZLƏNİLƏN “ZƏRBƏ” - TƏHLİL

Ukrayna ilə Rusiya arasında davam edən müharibə, bütün dünyanın buna yanaşması, Qərb tərəfindən sərgilənən mövqe elə bütün dünyanı da həqiqətən çox maraqlandırır və hətta hələ də ən aktual məsələ olaraq qalmaqdadır. Hər bir halda, arzuolunmaz münasibətlərin geosiyasi müstəvidə bundan sonra daha nələrə səbəb olacağına heç də laqeyid münasibət ola bilməz, ehtiyatlanıldığı da göz önündədir. Dünya ölkələrinin proseslərə öz mövqelərini bildirmələri də əbəs yerə deyil, narahatlıqların, ehtiyatlanlıdığının təzahürüdür. Bundan sonra daha xoşagəlməz, arzuolunmaz nəticələr, hansısa formada ortaya çıxacaq “zərbə” müzakirə mövzusudur və bütün dünyada da daha çox elə bu nəzərə alınır.

Hazırda Ukraynaya “hərbi təcavüz” adlandırılan hadisələr fonunda Qərb "cəhənnəm sanksiyaları" ilə bir növ, sadəcə öyünür. Məsələ burasındadır ki, bu sanksiyaların tətbiqinin bütövlükdə dünya üçün baha başa gəldiyi və bundan sonra da baha başa gələcəyi bir reallıqdır. Artıq mənfi təsirlər özünü göstərməkdədir və bunu bir çox istiqamətlərdə müşahidə etməkdəyik. Sanksiyaların tətbiqi ilə sənaye, ticarət, hətta banklar belə zərər görməkdədir və heç şübhəsiz ki, bundan sonra da həmin sahələr zərər görəcəklər. Bu da bir reallıqdır ki, hələ də Rusiyanın ixrac etdiyi təbii ehtiyatlara, məsələn təbii qaz ehtiyatlarına alternativlər axtarılır. Deməli, dünya ölkələri yaxşı başa düşürlər ki, Qərb, Avropa İttifaqı belə təhlükəli siyasi oyunlar oynamaqla elə dünyanın özünü təhlükədə qoymuş olur, hansıki bunun zərbəsinin hələ hansı şəkildə təzahür edəcəyi də hesablanmaqda, ölçülüb-biçilməkdədir. Hər bir halda məsələnin ciddiliyi qəbul edilməlidir və bunun fonunda doğru addımlar atılması gərəkir ki, Rusiya ilə pozulan münasibətlərin fonunda gözlənilən zərbəyə ən azından hazırlıq olsun.

"Financial Times" nəşri hələ bir il bundan öncə yazırdı və qeyd edirdi ki, Moskvanın çox güclü “kozırları” var və ondan istifadə etməyəcəyinə heç kimsə zəmanət verə bilməz. Yəni, nəşr tərəfindən açıq şəkildə etiraf olunurdu ki, Moskvanın imkanları böyükdür və belə olan halda ən böyük zərbənin ən azından təkcə Rusiyaya dəyəcəyini, rəqiblərinə dəyməyəcəyini düşünmək yaxşı halda sadəlövhlükdür. Vaşinqton və Brüssel tərəfindən Rusiyaya qarşı atılan addımlar, məsələn, SWIFT-i qlobal banklararası rabitə sistemindən ayırmaq, ən böyük kredit təşkilatlarının maliyyə bazarlarına çıxışını bağlamaq və Beynəlxalq Valyuta Fondunun vəsaitlərinə moratorium elan etmək qərarları hansı tərəfə daha böyük zərbə demək olduğu maraqlı məqamdır, hansı ki, bunu araşdıranlar da az deyil. Sadəcə bunun nəticələrinin nələri vəd etdiyi, Qərb iqtisadçılarının xəbərdarlıqları sanki nəzərə alınmır. Yaxşı, bəs geosiyasi oyunlar zamanı gözlənilən əks zərbə haqqında heçmi düşünülmür və görəsən bu məsələdə “qurbanlıq” nədir?

Birinci növbədə nəzərə almaq lazımdır ki, dünyada, ələlxüsus da Avropada böhran, özü də enerji böhranı, eləcə də hələ bundan sonra daha hansı böhranlı vəziyyətin olacağı çoxdandır ki, rezonans doğurub. Xüsusən avropalılaq heç də rahat deyillər və enerji ilə bağlı narahatlıqları da başadüşüləndir. Maraqlıdır, Qərb kimin üzərində “təcrübə” aparır? Etiraf etmək lazımdır ki, enerji ilə bağlı asılılıq hədsiz böyükdür və təbii qazın 46 faizini Rusiya təmin etdiyi də bir reallıqdır. Elə isə, sansiyaların, yaxud hansısa təsir rıçaqlarının qarşılığında Rusiyanın adekvat addımlarının zərbəsinə hazırlıq varmı? Neftlə bağlı mənzərənin də eyni şəkildə olduğunu nəzərə alsaq, istənilən məhdudiyyətin tətbiqinin nəticə etibarı ilə hələ kimə daha böyük mənfi təsir edəcəyi, daha dəqiq desək, zərbəsi dərhal göz önündə canlanır. Məhdudiyyətlərin birmənalı şəkildə, həm qiymət artımına, həm də yükdaşıma bazarına mənfi təsir göstərməsi, Avropadakı neft emalı zavodlarını təmin edən boru kəmərlərində neft axını ilə bağlı fasilələrin yaranması təsirsiz ötüşə bilərmi? Əlbəttə ki, ötüşə bilməz və bunun zərbəsi necə isə nəzərə alınıbmı, yaxud bundan sonra nəzərə alınacaqmı?

Onu da diqqətə çatdıraq ki, son illərdəki logistika pozğunluqlarının və pandemiya ilə bağlı lokdaunların nəticəsi olaraq, dünya artıq sənaye metallarının kəskin çatışmazlığı ilə üzləşib, hətta xammal böhranı da var. Məhz London birjasında spot müqavilələrin bahalaşması bu səbəbdən təsadüfi sayılmır və treyderlərin malları daha tez əldə etmək üçün böyük mükafat ödəməyə hazır olmaları da əbəs yerə deyil. Vəziyyətin ekstremal olduğu günün reallığıdır və sanki bütün bunlar nəzərə alınmır. Sanki, tələbatın artmasına təklifin ümumiyyətlə cavab vermədiyini görən də yoxdur, əks halda qeyd olunan məhdudiyyətlər, yaxud da hansısa sanksiyalar müzakirə mövzusu belə olmazdı. Rusiya həm də ən böyük alüminium və mis istehsalıçısıdır, hansı ki, dünya bazarının altı faizini alüminiumla, on faizini də mislə təmin edir. Nəzərə alsaq ki, əsas əmtəə birjalarında mis ehtiyatları arzuolunmaz həddədir, hansı ki, bu ehtiyatlar bir həftəyə belə kifayət etməyə bilər, alüminium da tükənir və bunun nəticəsində Avropa, eləcə də Çindəki metallurgiya zavodları artan enerji xərcləri səbəbindən istehsalını azaldır, deməli buradan da bəlli olur ki, məsələ təkcə enerji ilə də bitmir.

Avtomobil istehsalında lazım olan palladiumun təxminən 40 faizini və aerokosmik sənayedə istifadə olunan titanın təxminən üçdə birini Rusiyanın tədarük etməsi də burada nəzərdən qaçmamalıdır. Ən azından bunların tədarükünün azaldılması, yaxud da dayandırılması ilə bağlı Moskva qərar verə bilər. Təbii ki, sanksiyalar olacağı təqdirdə Avropa iqtisadiyyatına daha bir zərbə Rusiyada neft nəhəngləri olan BP, Total və Shell şirkətlərinin birgə müəssisələrinin məhv edilməsi ilə ola bilər. Bir daha sual yaranır ki, Avropa buna hazırdırmı və ümumiyyətlə, bunun barəsində düşünübmü? Kimin daha böyük zərər görəcəyi düşünülürmü? Sözsüz ki, bütün bunlar düşünülməlidir, nəzərə alınmalıdır, əks halda bir çox istiqamətlərdə dəyəcək zərbə əvvəlcədən qəbul edilməlidir.

Yenə də xatırladaq ki, bir il bundan əvvəl "Financial Times" nəşri Avropa İttifaqının kredit təşkilatlarına Rusiyanın borcunun təxminən 60 milyard dollar olduğunu yazmışdı. Nəşr həmçinin diqqətə çatdırırdı ki, bu rəqəm Amerikanın borcundan təxminən dörd dəfə çoxdur. Bir sözlə, Qərbin hər hansı bir qeyri-dost hərəkətlərinin, qərəzinin müqabilində xərclərini azaltmaq üçün fəal tədbirlər görmək imkanına malik olan Moskva ilə müqayisədə Avropa İttifaqı istənilən məhdudiyyətə daha az və çox pis hazırlıqlı olduğu ortaya çıxır və daha böyük zərbə ala biləcəyi də təkzib edilə bilməz. Yəni, Rusiya üçün dollara çıxışın məhdudlaşdırılması, bu ölkənin beynəlxalq ödəniş sistemlərindən ayrılması heç yaxşı nəticələr vəd etmir və avropalı tərəfdaşları bunu nəzərə almalıdırlar.

Amerikalılar özləri də fərqli düşüncədə deyillər və proseslərin hansısa yaxşı nəticələrə səbəb olacağı kimsənin ağlına belə gəlmir. Ona görə ki, amerikalılar özləri də alternativ variant belə təklif etməkdə, yaxud araşdırmaqda, tapmaqda çətinlik çəkirlər və bunu açıq-aşkar ifadə də edirlər. Amerikalıların özləri də çəkinmədən etiraf edirlər ki, sanksiya və məhdudiyyətlərlə bağlı bütün səylər faydasızdır, eləcə də çox təhlükəlidir. Çünki onlar əmindirlər ki, yaxın 20 il ərzində bütün dünya Rusiya xammalı olmadan heç nə edə də bilməz, dünya buna alternativ də tapmaq iqtidarında deyil. Yəni, yeni böhran, yeni problemlər sanki göz ardına alınır. Halbuki, sanksiyaların, təhdidlərin fonunda yeni böhranın olacağını anlayanlar hər bir halda çıxış yolu axtarmaqda, tapmaqda çətinlik çəkirlər deyə ən azından narahat olmalıdırlar.

Məsələ burasındadır ki, təkcə enerji ehtiyatları, xammal və digər resurslarla əlaqədar təhlükədən danışmaqla kifayətlənmək olmaz. Rusiyanın güclü dövlət olduğunu, hərbi potensialının kifayət qədər böyük olduğunu diqqətdən qaçırmaq məsələyə bəsit yanaşma olar. Unutmaq lazım deyil ki, Rusiya nüvə silahına sahib bir ölkədir. Bu gün Rusiyanı dünyanın xəritəsindən silmək istəyənlər varsa, bu niyyətləri ilə böyük səhvə yol verdiklərini anlamalıdırlar. Bilməlidirlər ki, nüvə silahına sahib nəhəng bir ölkə barədə belə bir niyyət çox təhlükəlidir və bunun zərbəsi bütövlükdə dünya üçün dəhşətli faciə deməkdir. Heç şübhəsiz ki, təhdidlər, təzyiqlər, sanksiyalar bununla müqaisə olunacaq belə deyil. Kim təminat verə bilər ki, məhv olma, hətta tənəzzülə uğrama təhlükəsi ilə qarşılaşdığı zaman Rusiya nüvə silahından istifadə etməyəcək? Dünya xəritəsində olmayacağını gördüyü, yaxud duyduğu zaman Rusiyanın itirəcəyi nə ola bilər və belə olan halda, həmin dövlətin digərlərini də məhvə məhkum etmək istəyinin, niyyətinin ola biləcəyi də mümkün variant kimi nəzərə alınmalıdır. Nüvə silahı kimi bir vasitənin istifadəsi, belə bir variantın tətbiqi isə ümumilikdə dünya üçün, planetimiz üçün böyük bir faciə, böyük zərbə deməkdir.

Bəllidir ki, dünyada söz sahibi, liderlik, yaxud hegomonluq uğrunda geosiyasi oyunlar gedir və ən başlıca rəqib də məhz Rusiya hesab olunur. Qərb indi Rusiyanı istənilən müstəvidə ən azından oyundankənar vəziyyətdə qoymağa çalışır. Hətta Cənubi Qafqazda belə Rusiyanın mövcudluğuna son qoyulması üçün çalışan Qərb özünün geosiyasi oyunlarına Ermənistan kimi marionet dövlətləri də alət edir. Müvafiq sanksiyalar, təzyiqlər, təhdidlər belə rəsmi Moskvanın sıxışdırılmasının təzahürü kimi diqqəti cəlb edir. Bunun ardınca Rusiyaya qarşı daha hansısa məhvedici məramlı planların işlədiləcəyi niyyəti də təkzib edilməzdir. Bəli, Rusiya hədəfdir, planın da nədən ibarət olduğu barədə fikirlər də kifayət qədərdir və bunların əksəriyyətinin məhz həmin ölkənin əleyhinə olduğu da ortadadır. Amma görək bu zamana qədər tətbiq olunanlar Moskvanı geri çəkilməyə vadar edə bilibmi? Bilməyib. Heç bundan sonra da geri çəkilməyə vadar edəcəyinə ümid belə yoxdur. Hər bir halda, Rusiya kimi nəhəng, nüvə silahına sahib bir ölkə ilə təhdid dili ilə danışmağın faydasızlığı bəlli olub. Görünən odur ki, Rusiya sona qədər öz mövqeyinə geri çəkilmək niyyətində deyil və ən sonda, yəni istənilən mənada itirməli olacağı təqdirdə, qlobal miqyasda itgilər olması üçün istənilən addımı da ata bilər. Hətta nüvə silahının tətbiqi belə müzakirə mövzusu olar. Buradan da belə bir nətcə çıxır ki, Moskva ilə dialoq qurmaq, razılığa gəlmək ən doğru seçim sayılmalıdır. Yəqin ki, bunu Avropa, Qərb hamıdan yaxşı başa düşür, çünki gözlənilən zərbənin nə demək olduğunun fərqində olmaq üçün dərin zəkaya, yaxud heç çox düşünməyə də ehtiyac yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə