İmişlidə 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib - FOTOLAR

Martın 31-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər.

Tədbir soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev xalqımıza qarşı törədilən mart soyqırımı kimi faciəli bir tariximizin uzun illər məqsədli şəkildə saxtalaşdırılması və ört-basdır edilməsindən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il Mart Soyqırımlarına siyasi, hüquqi qiymət verilməsindən geniş söhbət açıb. Digər çıxış edənlər tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair imzaladığı müvafiq Sərəncamdan bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə