“Xalqımız bu faciəli tarixi unutmur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Xalqımız bu faciəli tarixi unutmur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“XIX-XX əsrlərdə ermənilər azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törətmişdir. Bu soyqırımların törədilməsində məqsəd azərbaycanlıları öz doğma torpaqlarından qovmaq, qətlə yetirməklə etnik təmizlənməyə məruz saxlamaqla öz çirkin arzusuna çatmaq olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu çirkin niyyət dənizdən dənizə böyük Ermənistan yaratmaq kimi sərsəm arzularını reallaşdırmaq istəyi ilə bağlıdır: “Ona görə də təkcə 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları bolşevik qoşunları ilə əl-ələ verərək Azərbaycanın Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə kütləvi qırğınlar törətmişdir. Bu dövrdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar”.

Deputat sözlərinə belə davam edib: “Ermənilərin məqsədi Azərbaycanı bütün milli azlıqlardan da təmizləyərək bu ərazilərə erməni toxumu səpmək olmuşdur. Ona görə də on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Qubada tikinti işləri zamanı aşkar olunmuş kütləvi məzarlıq erməni soyqırımın əyani sübutudur. Bu məzarlıqda müxtəlif işgəncələrlə qətlə yetirilmiş insanların 500-dən çox kəllə sümükləri müəyyən olunmuşdur. Dəhşətlisi odur ki, kəllə sümüklərin tibbi ekspertizası zamanı insanları küt alətlərlə qətlə yetirildiyi, o cümlədən kəlləyə mismar vurulmuş hallar da müşahidə olunmuşdur. Bu, ermənilərin Azərbaycanda yaşayan bütün millətlərə olan nifrətdən irəli gəlirdi. Təəssüf ki, acı tariximiz davam etdi və erməni vəhşiliklərini müasir tariximizdə də yaşamağa məhkum olduq. Belə ki, 90-cı illərdə torpaqlarımızın işğalı zamanı ermənilər yenə də Xocalıdıa və digər yaşayış məntəqələrdə 1918-cı ilin soyqırımını təkrarlamışlar. Xocalı soyqırımında hətta öldürülmüş cansız meyidlər təhqir olunmuşdur. Təbbi ki, bu ermənilərin vəhşi bir qəbilə olduğunun göstəricidir.

Ulu Öndər Heydər Əliyevin 1998-cı il 26 martda imzalanmış “Azərbaycanlıların soyqırımı” haqqında fərmanı ilə 1918-cı ildə ermənilərin törətdiyi insanlığa xas olmayan vəhşiliklərə siyasi qiymət vermiş oldu.

Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cü ildə Qubada “Soyqırım memorial kompleksi” abidəsi tikilmiş və 2013-cü ildə bu abidənin açılışında ölkə başçımız qeyd etmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Xalqımız bu faciəli tarixi unutmur və 1998-cı ildən başlayaraq hər il 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilir. Allah soyqırımların bütün qurbanlarına rəhmət eləsin!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə