“Ekofəalların aksiyası çox effektivdir” - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Artıq 107-ci gündür ki, Laçın-Xankəndi yolunda ictimai fəalların aksiyası davam edir. Başlayan ilk gündən elan olunmuşdur ki, bu aksiya fasiləsiz olaraq və o zamana qədər həyata keçiriləcək ki, Azərbaycanın rus sülhməramlılarının nəzarətində olan ərazisində təbii sərvətlərin talanması, qanunsuz istismarı dayandırılmalı və Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələrinin həmin mədənlərə baxış keçirməsinə şərait yaradılmalıdır. Ötən müddətdə nəinki bu tələblər yerinə yetirilib, hətta Laçın dəhlizi deyilən yoldan kənarda da ermənilərin Rusiya sülhməramlılarının müşayiəti ilə yeni yol çəkməsi halları qeydə alınmaqdadır. Yol çəkərkən də yenə onlar Azərbaycanın təbiətinə zərər vurur, meşə sahələri silinir, ağaclar yerindən çıxarılır və onlar meşələrin ortasına yol çəkməklə bir daha təbiətə zərər vururlar”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, Azərbaycan ictimai sektor fəallarının keçirdiyi bu aksiya çox effektivdir: “Düzdür, bu gün dünyada bir sıra dairələrdən bu aksiyanın bitməsi ilə bağlı çağırışlar səslənsə də, sonucda bu gün gəldiyimiz nəticə onu göstərir ki, artıq dünyada da bununla razılaşırlar ki, Azərbaycanın öz ərazisində Azərbaycan vətəndaşları bu cür aksiyalar keçirə bilərlər. Aksiyanın keçirilməsi məqsədləri heç də bölgədə yaşayan erməni əhalinin blokadaya alınması deyil, çünki gün ərzində onlarla nəqliyyat vasitəsi həmin yoldan istifadə edir, burada həm humanitar, həm ərzaq və digər malların daşınması həyata keçirilir. Bu baxımdan, aksiyanın qarşısına qoyduğu məqsədlərə nail olunacağına qədər davam edəcəyi də gözləniləndir”.
Aqil Camal sözlərinə belə davam edib: “Eyni zamanda, bu aksiya 30 illik mərhələdə yeni bir müstəvi də açdı. İndiyə qədər əgər həmin bölgədə daha çox hərbi formada qüvvələrin üz-üzə dayanması vardısa, ilk dəfə olaraq mülki insanların öz tələblərini irəli sürmək üçün həmin həssas bölgədə ortada olması faktı özünü göstərdi. Bu da hesab edirəm ki, gələcəkdə bölgədə vətəndaş dialoqu ilə bağlı müəyyən bölgədə yaşayan ermənilərlə Azərbaycanın dövlət strukturları arasında inteqrasiya və infrastruktur məsələlərinin müzakirəsi ilə bağlı məsələlərə də öz töhfəsini verə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB