Qoşulmama Hərəkatı İlham Əliyevin sədrliyi ilə qlobal gücə çevrilib - ŞƏRH

Qoşulmama Hərəkatı İlham Əliyevin sədrliyi ilə qlobal gücə çevrilib - ŞƏRH

Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir

Məhz cari ilin mart ayının 2-də Bakıda 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, 2 ölkənin Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak etdiyi mötəbər tədbir olan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərdi ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

İlk növbədə qeyd etmək istəyirəm ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Azərbaycanın və onun Prezidenti İlham Əliyevin bu təşkilatınişində göstərdiyi uğurli fəaliyyətin nəticəsi kimi ölkəmizin bu Hərəkata sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

Azərbaycan hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Zirvə görüşündə çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, eyni zamanda 44 günlük İkinci Qarabağ müharibəsinə və son iki ildən artıqdır işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına təsadüf etdiyindən keçirilən hər bir tədbirdə günümüzün aktual məsələləri, xüsusilə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinin yol xəritəsi ətrafında fikir mübadiləsinin aparılması vacibdir.

Beləliklə, Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri Azərbaycanın liderlik mövqeyini bir daha möhkəmləndirib. Sirr deyil ki, Azərbaycan Qoşulmama Hərəkatının daha gücləndirilməsi, qlobal proseslərdə əhəmiyyətinin və təsirinin artırılması məqsədilə təşkilat daxilində institusional inkişaf proseslərinə yüksək səviyyədə dəstək verib. Həmçinin, Prezident İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, eləcə də mühüm təkliflərlə çıxış etməsi də bir daha yüksək diqqətə səbəb olub. Belə ki, Azərbaycan Prezidenti Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb.

Bir sözlə, martın 2-də keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, bu müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunub. Belə bir mötəbər quruma rəhbərlik etmək və dünya ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist, uzaqgörən siyasətinin göstəricisidir.

FUAD HEYDƏR,
Siyasi icmalçı

Bütün xəbərlər Facebook səhifəmizdə