"83 yaşlı atam ermənilərə əsir düşdü və ..." - XOCALI ŞAHİDİ İLƏ MÜSAHİBƏ

"83 yaşlı atam ermənilərə əsir düşdü və ..." - XOCALI ŞAHİDİ İLƏ MÜSAHİBƏ

Xocalı soyqırımının canlı şahidi və şəhid ailəsinin üzvü İman Allahverdiyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Xocalı faciəsi baş verən günü necə xatırlayırsınız?

- Mən 1959-cu ildə Xocalıda doğulmuşam. Orada yaşayıb boya-başa çatmışam. Xocalıda orta məktəbi bitirib, ali məktəbə daxil olub Xankəndinə təyinatla mühəndis kimi çalışmağa getmişəm.

Qarabağ hadisələri başladığı ilk gündən olayların içində olmuşam. Baş verən hadisələr hər bir Xocalı sakininin beynində həkk olunduğu kimi ancaq güllələnmiş günahsız körpələr, qadınlar, işgəncəyə məruz qalmış qocalar və digər insanlarla yadda qalıb. Bunları xatırlamaq çox ağırdır.

Ermənilərin ruslarla birlikdə törətdikləri vəhşiliklər, işgəncələr, insanların əsir götürülməsi dəhşətdir. Bu heç bir dünya miqyasında yoxdur. Bir çox əsirlərdən hələ də bir xəbər yoxdur. Bizim gözümüz hələ də yoldadır.

- Necə oldu Bakıya gəldiniz?

- Orada bir çox axtarışlar etdik. Həmçinin, hər gələn Xocalı sakini, əsirlikdə olan sakinlər, Füzuli rayon ərazisindən qaçıb gələn və s. insanlarla uzun söhbətlər etdik ki, bəlkə bizimkilərdən xəbər alaq. Sonra ümidimiz tükəndi.

Bir müddət yaxınlarımızın evində yaşadıq. Daha sonra isə Bakıya gəldik. İlk olaraq bizi bir düşərgədə yerləşdirdilər. Hal-hazırda Bakıda Mərdəkan qəsəbəsində yerləşən Qaranquş sanatoriyasında məskunlaşmışıq.

- Xocalı sakinlərindən kimlərləsə əlaqə saxlayırsınız?

- Mütəmadi olaraq qonşularımız, orta məktəb yoldaşlarım, Xocalı faciəsini gözləri ilə görmüş insanlarla müəyyən tədbirlər və yas-toy mərasimlərində görüşürük. Bilirsiniz ki, xocalılar Azərbaycanın 70 rayonuna səpələnib. Yəni, o vaxtlar orada məskunlaşıblar və hamısı birlikdə deyil. Əsas məskunlaşma yerləri isə Mərdəkandadır.

Əvəllər daha sıx-sıx zəngləşirdik. İndi isə insan biraz yaşa dolduqca çalışır uşaqlıq dostları ilə daha çox görüşsün. Onlarla görüşdükcə nostalji hisslər yaşayırsan.

- Soyqırım qurbanları arasında ailə üzvlərinizdən varmı?

- Bəli, atam erməni vandallarına qarşı son günə qədər mübariz oldu. Hətta mən nə qədər təkid etsəm də, o öz yerini-yurdunu tərk etmədi və 83 yaşında Ağdamın kəndinə yaxın olan Dəhraz kəndi yaxınlığında onlara əsir düşdü. Atam 83 yaşında qarlı-çovğunlu gündə bu yerə kimi gəlib çıxmışdı.

Onu da qeyd edim ki, atam Böyük Vətən müharibəsində almanların ölüm düşərgəsində olmuşdu və oradan sağ-salamat gəlmişdi. Lakin ermənilərin əlinə keçdikdən sonra ondan heç bir məlumat ala bilmədik.

- Yaxınlarınız arasında əsir və itkin düşən olub?

- Bacımın birinin qızı Heyran, iki uşağı və həyat yoldaşı erməni vandallarının əlinə əsir düşdü. Onlardan da heç bir xəbər yoxdur. Heyranın cəmi bir oğlu olan Mehdi babasının qucağında sağ-salamat gəlib çıxdı. Bu uşaq hər iki valideynini itirdi.

Daha sonra, digər bacımın nəvəsi universiteti yarım qoyub Xocalıya gəlmişdi ki, "Mən öz yurduma gedəcəyəm". O da Xocalı faciəsinin qurbanı olaraq ermənilərə əsir düşdü.

Qaynatam da əsir düşmüşdü, lakin dəyişdirilib gəldi. O, ölümcül vəziyyətdə gəldi və dəhşətli işgəncələr görmüşdü.

Daha sonra, iki qaynım əsir düşmüşdü. Onlardan biri döyüşçü kimi, digəri isə 9 yaşında erməni vandallarına əsir düşmüşdü. O soyuqdan donmuşdu və ermənilərin əlində həyatının son günlərini yaşayırmış.

Başqa yaralananlar da var idi. Bacım oğlu döyüşdə iki yerdən yaralanıb ölmüşdü. Bacımın yoldaşı da yaralanıb öldü. Daha sonra dayım oğlu var ki, Rustəmiz Füzuli Azərbaycanın Milli Qəhrəmanıdır.

- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər acı bir hissdir?

- Çox acı bir hissdir. Heç vaxt təsəvvürümüzə belə gətirməzdik ki, belə bir faciə yaşayaq. Atam son günə qədər bu hisslərlə yaşadı ki, "Heç vaxt belə bir şey ola bilməz". Amma anam bunu bilir və hiss edirdi. O bunu tam dəqiqliklə deyirdi.

- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?

- Birinci Allahıma borcluyam ki, bu gün sağ-salamatıq. Anam həmin vaxt bizə çox təzyiq göstərirdi ki, körpələri buradan çıxardın ki, faciə qurbanları olmasınlar. Yoxsa o körpələr də atam kimi qurban olacaqdı.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda Mərdəkan qəsəbəsində Xocalı İcra Hakimiyyətinin nümayəndəsiyəm. Sağlamlığımda problem olduğu üçün başqa işlərlə məşğul ola bilmirəm. 64 yaşım var və yaş öz işini görür. Xeyli müddət Xəzər rayonunda Məntəqə Seçki Komissiyasının üzvü olmuşam.

- Xocalıya qayıtmaq istəyərsiniz?

- Əlbəttə ki, qayıtmaq istəyərdim. O yerləri bir daha görmək arzusundayam. Bu hadisə mənə elə bir iz qoyub ki... Burada doğulan xocalılı uşaqlar var ki, onlar bu acıları bizim kimi hiss edə bilməz. Onlar yalnız torpaqların azad olunması ilə bağlı fikirlər söyləyə bilərlər. Lakin faciəni görən insanlar daha çox torpaq atəşi ilə yanır.

Bizim bütün torpaqlarımız erməni vandallarından təmizlənməlidir. Dövlətimiz və Prezidentimiz bu istiqamətdə işlər aparır. Mən Xocalıda böyük bir abidənin qoyulmasını istəyərdim. Elə bir abidə ucaldılmalıdır ki, bizim başımıza gələn faciəni tam əks etdirsin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə