"İran viran olacaq, İran turan olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Son 30 ildə İranın Azərbaycana qarşı münasibətində heç bir dəyişiklik yoxdur. Hətta Naxçıvanın ən ağır vaxtlarında Ulu Öndər Heydər Əliyevin müraciəti yayılmışdı. Heydər Əliyev kimi dünya səviyyəli bir siyasətçi İranın bu məsələlərdə Azərbaycana kömək etmək istəmədiyini dilə gətirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, biz o qədər sadəlövh deyilik ki, İrandan bir ədalət gözləyək: “Amma zaman-zaman gündəmə gətirmək lazımdır ki, fevralın 18-də keçirilən Münxen görüşündə də Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxundu. Bu, İranın dövlət səviyyəsində hazırladığı bir terror idi”.

Politoloq sözlərinə davam edərək bildirib ki, təbii ki İran bu terrorun mahiyyətini aça, detallarını gündəmə gətirməyəcək: “İranın əsas məqsədi odur ki, Azərbaycan-Türkiyə münasibətlərini pozsun, Ermənistanı daim yanında saxlamaqla bu iki dost ölkəyə mesajlar versin. Artıq İran elə bir şərait yaratdı ki, Azərbaycan ona qarşı öz mövqeyini ortaya qoydu. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının iclasında birmənalı şəkildə bu məsələni gündəmə gətirdi və sonra da həm Azərbaycan mediası, həm də siyasətçiləri İranın mövqeyini tənqid edir. Molla rejimi hesab etdi ki, əgər bu terror aktını həyata keçirsələr, bununla da Azərbaycanın gözü qorxacaq və lazım olan mesajı alacaq. Azərbaycanın aldığı mesaj isə İrana sərf etmədi. Bizim üzərimizə gəlinəndə daha da güclü oluruq. İran heç düşünməsin ki nəyəsə layiq olacaq. Bu məsələ molla rejiminin məğlubiyyəti ilə nəticələnəcək. İran viran olacaq, İran turan olacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə