Prezident İlham Əliyev növbəti diplomatik qələbəyə imza atıb ŞƏRH

Prezident İlham Əliyev növbəti diplomatik qələbəyə imza atıb ŞƏRH

Məlum olduğu kimi, sayca 59-cu olan ənənəvi Münxen Təhlükəsizlik Konfransında 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak edib. Konfransın keçirilməsi zamanı "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın keçirilməsi isə öz əhəmiyyəti ilə seçilib. Belə ki, Prezident İlham Əliyevin dediyi kimi, bu, tarixi görüşdür. Çünki Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Cənab Prezident plenar iclasda Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Biz xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi.

Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğulayıb: "Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz "İsgəndər" raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi".

Panel iclasında Prezident İlham Əliyev Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi. Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq. ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində isə ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. O cümlədən, Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Bu baxımdan, əminliklə qeyd edə bilərik ki, bütövlükdə, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə siyasi kapitulyasiyası olaraq tarixə düşdü.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə