“Bu prosesdə heç bir geosiyasi kontekst yoxdur”..?

Moskva yenidən Avropa İttifaqının missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı narazılığını bildirib
“Bu prosesdə heç bir geosiyasi kontekst yoxdur”..?

Xəbər verildiyi kimi, Avropa İttifaqının 100 mülki müşahidəçisi bir gün əvvəl Ermənistana gəlib. Deyilənlərə görə, onlardan 50-nin silahının olmadığı bildirilir.

Ermənilərin “Azatutyun” radiosunun məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən gün qeyd edib ki, missiya regionda sabitliyə və Azərbaycanla həmsərhəd rayonlarda yaşayan əhalinin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək(?).

“Ermənistan tərəfi Avropa İttifaqının monitorinq missiyası ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib”.

Bunu da Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

“Bu prosesdə heç bir geosiyasi kontekst yoxdur”.

Bunu isə hakim parlament fraksiyasının rəhbəri Hayk Konjoryan deyib.

“…Azərbaycan Ermənistan Respublikasının “suveren” ərazisinə, işğal etdiyi ərazilərə “hücum edib”. Əslində, Avropa İttifaqının monitorinq missiyası regionda sabitliyin bərqərar olmasına töhfə vermək, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək məqsədi daşıyır. Bu, bizim ehtiyaclarımızdan irəli gələn bir prosesdir”.

Bu erməni iddiasıdır.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova başqa fikirdədir.
...Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiq Ermənistanımızda hər hansı bir vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq. Biz bu cəhdlərdə Transqafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi fon görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüsə açıq şəkildə bildirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur”, - deyən Zaxarova əmindir ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya və Ermənistan liderləri arasında imzalanmış razılaşmalar toplusu olaraq qalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə