"Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın maraqlarının müdafiəsi və haqlı mövqeyinin beynəlxaq ictimaiyyətə çatıdırlması baxımından olduqca əhəmiyyətli idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq qeyd edib ki, konfransda iştirak edən Prezident İlham Əliyevin ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışları təbii ki, ölkəmizə olan marağın göstəricisi kimi qəbul oluna bilər: "Konfrans bizim üçün bir sıra məqamlarla yadda qaldı ki, onlardan da biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür. Görüşü ümumilikdə konstruktiv adlandırmaq olar. Çünki Prezident İlham Əliyevin görüşdən sonra mətbuat üçün verdiyi açıqlamadan məlum olur ki, görüşdə bir çox məsələlər, o cümlədən də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu müzakirə olunub.Vacib məqamlardan biri ondan ibarətdir ki, aparılan müzakirələrdə imzalanması nəzərdə tutulan sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməli olduğu və Qarabağ haqqında hər hansısa müddəanın həmin sənəddə əks olunmasının qəbuledilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi Ermənistan baş naziri ilə yanaşı ABŞ dövlət katibinin də nəzərinə çatıdırlıb.
Görüşdə müzakirə olunan digər məsələ Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı olub. Məlumdur ki, Ermənistan uzun müddətdir ki, bu məsələ ilə bağlı hay-küy salır və yolun bağlı olması ilə bağlı beynəlxalq ictimaiyyətə yalan məlumatlar verir və yanlış olaraq düşünür ki, bununla, yəni ayrı-ayrı dövlətlərin və beynəlxaq təşkilatların təzyiqi ilə Azərbaycan öz haqlı tələblərindən əl çəkəcək. Konfransdakı panel müzakirələrdə və eləcədə Blinkenlə görüşdə Paşinyanın guya Laçın dəhlizində ermənilərin humanitar böhran yaşadığını və bu məsələdə Azərbaycan dövlətini ittiham etməyə çalışması, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış məscidləri Sovet İttifaqının üzərinə yıxması əsl erməni xisləti idi və təbii ki, cavabsız qalmadı. Ölkə başçısı tərəfindən konkret faktlarla Laçın dəhlizində yolun bağlı olmamasını, Rusiya Sülhməramlı qüvvələrinin, Qırmızı Xaç Komitəsinin avtomobillərinin sərbəst formada hərəkət etdiyini Blinkenin də nəzərinə çatdırdı. Həqiqətən də Laçın dəhlizi bağlı olsaydı nə Rusiya sülhməramlılarına və Qırmızı Xaç komitəsinə məxsus 2500-dən çox nəqliyyat vasitəsi həmin əraixdən keçər, nə də Vardanyan Qarabağdan İrəvana, Moskvaya və yenidən Qarabağa gedən yolu "su yoluna" döndərə bilməzdi. Prezidentin “əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq” bəyanatı da Paşinyann və separatçı rejim təmsilçilərinin indiyə qədər verdikləri bəyanatların böhtandan başqa bir şey olmadığını sübut etmək baxımından olduqca əhəmiyyətli oldu. Digər tərəfdən Prezident tərəfindən yataqlarımızın qanunsuz istismarı dayandırılmayacağı halda ictimai fəallarımızın öz şərəfli missiyasından əl çəkməyəcəyi ilə bağlı verdiyi bəyanat da ölkəmizə təzyiq etmək istəyən qüvvələrə, o cümlədən də elə ABŞ-ın özünə verilmiş mesaj kimi qəbul oluna bilər.
R.Bayramov sözlərinə belə davam edib: "Görüş zamanı müzakirə olunan ən mühüm məsələlərdən biri də nəzarət buraxılış məntəqələrinin yaradılması ilə bağlı oldu. Prezident həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmasının vacibliyi ilə bağlı mövqe ortaya qoyub və onu da bildirib ki, nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Prezidentin bu mövqeyi hər birimizin çoxdandır gözlədiyi mövqe idi. Belə ki, Laçın yolu üzərində müvafiq buraxılış məntəqəsinin olması bir tərəfdən separatçı rejimə silah-sursat daşınmasının, ayrı-ayrı üçüncü ölkə vətəndaşlarının ərazilərimizə qeyri-qanuni səfərlərinin, təbii sərvətlərimizin istismar olunaraq daşınmasının qarşısını alacaqsa digər tərəfdən də, Qarabağda qalan separatçı tör-töküntülərin nə zamansa Ermənistana birləşəcəkləri ilə bağlı xülyalarına da son qoymuş olacaq.
Keçirilən görüşlər sülhə hər hansı bir töhfə verəcəkmi, bunu təbii ki, zaman göstərəcək. Amma ən vacibi odur ki, Azərbaycan olaraq Ermənistanın nazı ilə oynamaq fikrində olmadığımızı həm ABŞ dövlət katibinin, həm də ümumilikdə Münxen Konfransında iştirak edən digər dövlətlərin nəzərinə çatdıra bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB