Ekofəalların tələbləri nə zaman yerinə yetiriləcək? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Ekofəalların tələbləri nə zaman yerinə yetiriləcək? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Xankəndi yolunda azərbaycanlı ekofəalların haqqa və hüquqa əsaslanan aksiyası əslində ilk gündən ciddi nəticələr doğurub. Əks halda Ermənistan və separatçılar, o cümlədən Fransa kimi təxribatçı imperialist güclər bu proses ətrafında böyük ajiotaj yaratmazdılar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, bu gün ekofəalların narahatlığını dinc formada ifadə etdikləri məsələlər bir neçə il öncə erməni ekofəalları tərəfindən də qabardılıb: “Azərbaycanın "Dəmirli" yatağının ətraf mühitə canlı aləmə və insanlara təhlükə yaradan formada istismarı ilə bağlı erməni təsisatları Ecolur və ANCA narahatlıq dolu hesabatlar yayımlayıblar və həmin sənədləri bu gün də internet resurslarından tapmaq mümkündür”.

Deputat sözlərinə belə davam edib: “Bütün bunların fonunda qarşı tərəf bilir ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin tələbləri beynəlxalq hüquq çərçivəsindədir, bu tələblər qarşısına sağlam əks arqument qoymaq mümkün deyil, məhz ona görə müxtəlif təxribatlara əl atırdılar. Hətta Fransanın və Avropa İttifaqının Parlamentləri bilərəkdən bu təxribatların aparıcı qüvvəsinə çevrilməkdən çəkinmədilər. Amma Azərbaycan dövlətinin və şəxsən cənab İlham Əliyevin bu məsələdə qətiyyət göstərməsi Ermənistanı da, havadarlarını da yerinə oturtdu.

Bu gün Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır, lakin məhz həmin yolla təbii sərvətlərin Ermənistana daşınmasının, yaxud separatçılara silah təmin edilməsinin qarşısı maksimal formada alınıb. Bu, özlüyündə ciddi nəticədir. Ekofəalların əsas hədəflərinə gəlincə, proseslər göstərir ki, zaman lehimizə işləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə