Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası - ŞƏRH

Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası - ŞƏRH

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkəyə çevrilib. Dövlət başçımızın yürütdüyü düşünülmüş enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda bu siyasət yeni əməkdaşlıq platformalarını gündəmə gətirir.

Məlum olduğu kimi, fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Prezident cənab İlham Əliyev tədbirdə iştirak edib. Bu gün dünya dövlətlərinin bir çoxunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı vaxtda Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu strategiya və Prezident İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu uğurlu strategiya eyni zamanda örnək enerji təhlükəsizliyi modelidir. Bu model, enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şəxaləndirilməsidir. Ölkə başçımızın qeyd etdiyi kimi hazırda Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilməklə yanaşı, həmçinin həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Enerji təhlükəsizliyi hər bir dövlət üçün olduqca mühüm strateji məsələlərdən biridir. Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi uğurlu siyasət nəticəsində enerji asılılığına son verməklə yanaşı, dünyada bu istiqamətdə aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Ölkəmiz enerji potensialını gücləndirməklə özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın bu sahədə həyata keçirdiyi uğurlu siyasətin növbəti təzahürüdür. Bu uğurlu layihə ölkəmizin enerji potensialının böyük dərəcədə güclənməsinə və Mingəçevir şəhərinin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəminin daha da artmasına gətirib çıxaracaq. Bu eyni zamanda bir çox iş yerlərinin açılması və əhalinin rifah halının daha da yüksəldilməsinə təkan verəcək.

Prezident İlham Əliyev çıxışında təməli qoyulan İstilik Elektrik Stansiyasının əhəmiyyətini vurğulayaraq deyib: Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yeri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

Müstəqil Azərbaycanın malik olduğu müstəqil elektrik enerji sisteminin əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiyanın açılışı bilavasitə Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Təbii ki, Sovet dönəmində Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası kimi əhəmiyyəti böyük idi. Məhz bu elektrik stansiyası 90-cı ilin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Buna baxmayaraq, keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlərin yaranmasına gətirib çıxarmışdır. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib.

Təməli qoyulan 1280 MVt gücündə müstəqil dövrünün ən böyük İstilik Elektrik Stansiyası, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlardan olacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

İtaliya-Azərbaycan münasibətlərinə də toxunan Dövlət başçımız bildirib ki, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. İtaliya Azərbaycanın strateji və əsas ticarət tərəfdaşıdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında strateji əməkdaşlığa dair iki sənəd imzalanmışdır. Həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin getdikcə daha da möhkəmləndiyindən və dinamik inkişafından xəbər verir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Bu istiqamətdə TAP layihəsi birgə uğurumuz hesab olunur.

Göründüyü kimi, enerji sahəsində Azərbaycanın qazandığı uğurlar ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir və enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi olaraq önəmli rol oynayır. Hazırda Azərbaycanın bu istiqamətdə uğurlu siyasəti nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilməklə yanaşı, mühüm nailiyyətlərə imza atır. 2025-ci ildə açılışı planlaşdırılan müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir.

Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə