Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyin əsl nümunəsi - ŞƏRH

Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyin əsl nümunəsi - ŞƏRH

Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir. Artıq 12 gündür ki, qardaş Türkiyədə baş verən, son 100 ilin fəlakəti olan zəlzələ minlərlə insan tələfatına səbəb olması ölkəmizdə də böyük hüznlə qarşılanır. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin liderlərinin həmrəyliyinin, “Bir millət, iki dövlət” olduğunun nümayişi idi: «Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür etdi.

Elə ilk gündən Azərbayckan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən yardım tədbirləri davam etdirilir. Azərbaycanda dövlət və özəl qurumlar, eləcə də ayrı-ayrı şəxslər qardaş ölkəyə yardım edirlər. Bu gün də ölkəmizdə zəlzələ qurbanlarına ictimai yardım kampaniyası da davam edir. Bu yardım kampaniyasına ölkəmizin bütün bölgələri qoşulub və bütün dünya iki qardaş ölkə arasındakı münasibətlərin təmənnasız olduğunu bir daha gördü. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyəyə necə güvənirdisə, bu gün də Türkiyənin ən çətin günündə ölkəmiz qardaş ölkənin yanındadır və acısına, kədərinə şərik çıxır. Xeyirxahlığı, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən başladılan yardım kampaniyası Türkiyə-Azərbaycan qardaşlığının əbədi səhifələrindən birinə çevrildi. Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım deyir: “Əziz həmvətənlər! Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.Məhz Mehriban xanım Əliyevanın ifadə etdiyi kimi, Azərbaycan xalqı hər zaman birlik və həmrəylik nümayiş etdirir, bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biri olduğu üçün bu gün də xalqımız bu uxeyirxalığın dava etdirir. Yüksək mənəvi-əxlaqi dəyərləri, şəfqət, xeyirxahlığı, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən ardıcıl olaraq Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşməkdədir. Belə ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır. Həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb. Fevralın 10-da da növbəti humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar olub.Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. Bəli, bu gün hər bir iki dövlət, bir ürək, bir can, bir yumruq olduğunun göstərməkdədir. Bu bir dövlətin dövlətə deyil, bir qardaşın qardaşa yardımıdır, dayağıdır. Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən ölkə boyu həyata keçirilən humanitar yardım hər birimizdə fəxr, qürur hissi yaradır. Göründüyüü kimi, bu gün Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaq, bir millət iki dövlət olaraq yola davam edəcəyik!. Və bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilməz. İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaq.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə