Ermənistan üçün İTİRİLMİŞ İLLƏR – TƏHLİL

Ermənistan üçün İTİRİLMİŞ İLLƏR – TƏHLİL

Hələ Sovet imperiyası dövründə ermənilər Qarabağı ələ keçirmək xəyalları ilə hər əmələ əl atırdılar və 35 il əvvəl, fevral ayının ortalarından başlayaraq Azərbaycanın ərazilərini mənimsəmək niyyəti ilə ilk mitinqlərini keçirirdilər. Mitinq keçirməkdə də ermənilərin məqsədləri həmin ərazilərin Kreml tərəfindən Azərbaycandan alınıb Ermənistana verilməsi idi. Əslində, Azərbaycan torpaqlarına elə bu məqsədlə soxuldular və ölkəmizdə olan xaosdan sui istifadə edən vandallar vəhşiliklə həmin əraziləri zəbt etmək şansından namərdliklə istifadə etdilər.

Doğrudur, ermənilər öz vəhşilikləri, vandallıqları ilə bəşəri cinayətlərə əl atmıış və müvəqqəti də olsa öz niyyətlərinə guya nail oldular. Qarabağ ərazisində törətdikləri insanlığa sığmayan hərəkətləri ilə həmin ərazidə yaşayanları öz yurd-yuvalarından didərgin salmaq onların məqsədi idi və ərazilərin sahiblərini vəhşicəsinə qətlə yetrməklə, məcburi köçkün halına salmaqla buna da nail olduqlarını zənn etdilər. Həqiqətən də onların törətdikləri vəhşiliklərin sayı-hesabı yox idi və vəhşilikdə tayları da tapılmaz. Hətta Xocalı faciəsi kimi insanlıq dramı dünya miqyasında ən dəhşətli faciələrdən sayılır. Bəli, bu faciəni törədənlər əvvəllər öz əməlləri ilə lovğalanırdılar, saysız-hesabsız azərbaycanlını qətlə yetirdikləri ilə fəxr edirdilər, qürrələnirdilər, amma dərk etmirdilər ki, əvvəla özlərinin də öz məkrli niyyətlərinin qurbanına çevrilənləri var və bu say kifayət qədərdir, digər tərəfdən də bir zaman həmin torpaqlardan qaçmalı olacaqlarını düşünsəydilər dərk edərdilər ki, ən böyük itgi onların üzünün olacaq. Bu itgi isə başqalarının torpaqlarına göz dikərək itirəcəkləri illər və bu illər ərzində əldən verdikləri olacaq.

Bir zamanlar Xocalıda törətdikləri vəhşiliklərə, vandallığa, insanlığa sığmayan hərəkətlərinə görə özlərini qəhrəman kimi aparanlar indi gizlənmək üçün siçan deşiyi axtarırlar. Əvvəla ona görə ki, onların öz əməllərinə görə cavab verəcəyi günün yaxınlaşdığını bilirlər. Bilirlər ki, bu əməllərinə görə onlar Azərbaycan xalqı və dövləti qarşısında tezliklə cavab verməli olacaqlar, baxmayaraq ki, 44 günlük müharibə zamanı işğalçılardan mükəmməl şəkildə, özü də yetərincə qisas alındı. Digər tərəfdən də axı indi erməni xalqı başa düşür ki, onların dırnaqarası “qəhramanlarının” lovğalanaraq etdikləri əslində öz başlarına açdıqları bəla imiş. Ermənilər indi başa düşürlər ki, bu illər ərzində özləri-özlərini, yaxud həmin o vandallıqları ilə lovğalananlar onları aldadıblar. Çünki nə zamansa qaçıb tərk edəcəkləri torpaqlara görə bu illər ərzində başları az bəlalar çəkməyib və məhrum olmadıqları qalmayıb. Özü də sonda bəlli oldu ki, əbəs yerə. Elə isə bu illər hara getdi? Belə məlum oldu ki, ermənilər üçün itmiş illər oldu.

Qarabağı işğal etməklə, Ermənistan tərəfi udmağı bacarmadığı və ümumiyyətlə, bacarmayacağı bir tikəni sadəcə olaraq dişləmiş oldu, hansı ki, bu ona çox baha başa gələcəkdi və gəldi də. İşğalçılıq siyasəti Ermənistanı istər iqtisadi, istəsə də siyasi fiaskoya məruz qoydu və bu ölkə, öz tarixində rüsvayçılıq, rəzalət kimi qalan bir ləkə ilə, biabırçı məğlubiyyətlə üzləşməli oldu. Bütün bunları əvvəlcədən dərk etməmək, öz qudurğan, xain xislətinə, ənənəsinə müvafiq hərəkət etmək, qonşu dövlətlərə məxsus torpaqlara göz dikmək, mənimsəmək arzusuna tabe olmaq erməniləri 2020-ci il fəlakətinə aparmalı idi və apardı da. İndi gec də olsa, erməni əsilli siyasətçilərin, ziyalıların bir qismi etiraf edir ki, bu axmaq niyyətləri, işğalçılıq siyasəti, başqasına məxsus olanı ələ keçirmək niyyətləri onlar üçün tarixin zibilliyinə atılacaq 35 ilin itirilməsi bahasına başa gəldi.

Azərbaycan xalqı, Azərbaycan dövləti itirmədi, qisasını da aldı torpaqlarını da geri qaytardı, ərazilərini də işğaldan azad etdi. Bunun üçün, bu məqsədlə ölkəmiz öz qüdrətini artırdı, qüdrətli dövlətə çevrildi. Azərbaycan nəhəng layihələrə imza atdı, iqtisadi inkişafa nail oldu, beynəlxalq miqyasda nüfuz qazandı, ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdi və bu gün artıq çox güclü bir dövlət olaraq qəbul edilməkdədir. Üstəlik, bütün bu nailiyyətləri ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsi üçün əvəzsiz sayılır və Azərbaycan artıq nəinki bölgədə, bütün dünyada söz sahibinə çevrilib. Xüsusilə, hazırda dünyada, ələlxüsus Avropada enerji böhranı fonunda ölkəmiz enerji resurslarına görə çox böyük diqqət mərkəzindədir və son zamanlar Azərbaycana, Azərbaycanla əlaqələrin, münasibətlərin daha da yaxşılaşdırılmasına dünya ölkələrinin marağı göz önündədir. Bu isə o deməkdir ki, ölkəmizi bundan sonra da dinamik inkişaf gözləyir və hələ daha böyük perspektivlərimiz var. Azərbaycanın iqtisadi cəhətdən inkişafı əhalinin sosial rifahının günü-gündən yaxşılaşdırılması üçün əsaslı zəmin yaradır. Ölkə vətəndaşları üçün həm sabitlik, stabillik, firavanlıq təmin olunub, həm də əhalinin yaxşı yaşayışı üçün təminat var. Ölkəmizdə məhz Ermənistanda olduğu kimi nə hərcmərclik, nə xaos, nə də səfalət hökm sürür. Azərbaycan vətəndaşının sosial rifahı durmadan yaxşılaşır, ölkəmiz davamlı şəkildə inkişaf edir, abadlaşır. Xüsusilə də işğaldan azad edilən ərazilərimizdə görülən abadlı-quruculuq işləri sayəsində Azərbaycan torpaqları cənnətə çevrilir. Zəfər günün artıq iki ildir ki, böyük qürur və coşğu ilə qeyd edən Azərbaycan xalqı isə qalib xalqdır.

Ermənistanın bu illər ərzində qazandığı nə oldu? Bu ölkə nə torpaq qazandı, nə inkişaf əldə etdi, nə də erməni xalqı səfalətdən yaxa qurtara bilmədi. Bəs işğal etdikləri torpaqlarda niyə yaşamağa davam etmirlər? Şuşada şərab içib, sərxoş olub dingildəyən, atılıb-düşən erməni baş nazir Nikol Paşinyan niyə indi bu şəhəri yuxusunda da görə bilmir? Qarabağın dilbər guşələrində özlərini həmin yerlərin sahibləri kimi aparanlar niyə indi oralarda gəzib-dolaşmırlar? Düz 35 il bundan əvvələ qədər onlara bir söz deyilmirdi, firavan şəkildə həmin ərazilərdə yaşayırdılar. Nə düşmüşdü ki, yaxalarını cırıb torpaq iddiası ilə ortaya atıldılar? Nə qazandılar bununla? Ümumiyyətlə, qandılar, yoxsa itirdilər? Əlbəttə ki, itirdilər. Azərbaycanda hələ Sovet dönəmində belə gördükləri kefli günlərini, firavan həyatlarını itirdilər, əllərində olanı əldən verdilər. Öz çirkin niyyətlərinə görə hər şeyləri əllərindən çıxdı. İnkişafdan bütövlükdə Ermənistan geri qaldı. Bu işğalçı ölkə elə məhz işğalçılıq siyasəti sayəsində bölgədə bütün nəhəng layihələrdən məhrum oldu, geriləməkdə davam etdi və indi də borc içərisində boğulur. Əhalisinin səfalət içərisində inləməsi azmış kimi, üstəlik daxilində hərcmərclik, xaos da hökm sürür. Ermənistan adlı ölkə daxili məsələlərini belə özü həll edə bilmir, hansısa ölkələrdən asılı vəziyyətdə olduğuna görə qərarları da onlardan alır. Deməli, Ermənistan artıq özünü süveren ölkə kimi tanınmır. Hələ bu gedişlə həmin ölkənin daha dəhşətli, daha qorxunc günlərinin qarşıda olduğu zərrə qədər şübhə doğurmur. Elə isə, geridə qalan və işğalçılıq siyasətinə sərf etdikləri 35 ilin bu ölkəyə nə verdiyi sualına ermənilər özləri nə qədər cavab axtarsalar da tapa bilməzlər. Ona görə ki, həmin illərin bu ölkəyə verdiyi bir şey qoxdur, səfalətdən, məğlubiyyətdən, rəzalətdən, rüsvayçılıqdan, ümumiyyətlə, bütün sahələrdə geriləmədən savayı. Bu illər onlar üçün ən azından itirilmiş illər hesab oluna bilər, çünki Ermənistan yalnız itirmiş oldu, qazanmış yox.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə