Türkiyə-Azərbaycan bir yumruq, bir ürəkdir! TƏHLİL

Türkiyə-Azərbaycan bir yumruq, bir ürəkdir! TƏHLİL

Prezident İlham Əliyev: "Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir"

Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Əlbəttə ki, Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz dostluq və qardaşlığa söykənir, uğurla davam etdirilir. Əsrlər boyu Azərbaycan və Türkiyə həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir" - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Bu gün də Türkiyənin ən çətin anlarında Azərbaycan onun yanındadır. "Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə söhbət edərkən bildirib. Cənab Prezident bu zəlzələnin çox böyük bəla, böyük faciə olduğunu bildirərək hadisənin bizi çox sarsıtdığını qeyd edib: "Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".

"AZƏRBAYCAN XALQI KÖNÜLLÜ OLARAQ QARDAŞLARA, ÖZ DOĞMA QARDAŞLARINA DƏSTƏK OLMAQ ÜÇÜN KİMİN ƏLİNDƏ NƏ VAR ONU GƏTİRİR"

Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirir. Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər Türkiyəyə yola salınıb. Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti artıq Türkiyəyə yola düşüb.
Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədədir. Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında Operativ Qərargahlar çalışmaqdadır. "Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir", - deyən Cənab Prezident kiminin yorğan, kiminin döşək, kimininsə, gödəkcə gətirdiyini bildirib: "Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".
Bildiyimiz kimi, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. "Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar" - deyə Prezident bildirib: "Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır".

"ƏGƏR EHTİYAC OLARSA, BİZ XƏSTƏLƏRİ GƏTİRMƏYƏ DƏ HAZIRIQ"

Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri Türkiyə ilə döyünən Azərbaycan vətəndaşları bu ağrını yaşayırlar. Xalqımızın gücü nəyə çatırsa yardım edir. Bütün yardım məsələləri bir mərkəzdən idarə olunur. Cənab Prezident onu da bildirib ki, bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var: "Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq. Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar".

"BU AĞIR GÜNLƏRDƏ TÜRKİYƏNİN YANINDA OLMAQ BİZİM ÜÇÜN BÖYÜK ŞƏRƏFDİR"

Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.
Əlbəttə ki, hər zaman güclü dövlət olan Türkiyə bütün çətinliklərdən məğrur çıxdığı kimi, bununda öhdəmindən gələcəkdir. "Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir", - deyən Prezident onu da bildirib ki, bu, inanılmaz dərəcədə böyük faciədir: "Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə