Beynəlxalq səyyahlar Aşağı Seyidəhmədli kəndində olublar

İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyyahlar Şuşaya səfərdən sonra Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə, o cümlədən ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, minaların və digər sursatların təmizlənməsi işləri barədə məlumat verib.

ANAMA-nın nümayəndəsi Vüsal Quliyev bildirib ki, Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra indi də Füzulinin Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın aşkarlanması istiqamətində iş aparılır. Lakin ərazi minalarla hədsiz dərəcədə çirkləndirildiyindən, prosesə çətinliklər törədir. Ehtimal olunur ki, Ermənistan əvvəl-axır bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin edib, ona görə də törətdiyi müharibə cinayətini ört-basdır etmək, yaxınlarının, doğmalarının qalıqlarını axtaran insanların ölümünə səbəb olmaq üçün kütləvi məzarlığın üstünü və ətrafını minalayıb. Bu, Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə xas üslubdur, azad edilmiş ərazilərdəki adi qəbiristanlıqlar, məzarlıqlar da minalanıb, insanların sümükləri çıxarılıb, qəbirlərdən qızıl dişlər axtarılıb.

ANAMA-nın nümayəndələri beynəlxalq səyyahlara məlumat veriblər ki, son 10 gün ərzində Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olduğu güman edilən ərazidə tank əleyhinə 31 ədəd mina aşkarlanıb, burada işarələnmiş 4 hektarlıq ərazinin hələlik cəmi 0,17 hektar hissəsində, yəni, ümumi sahənin 4,2 faizində minatəmizləmə fəaliyyəti icra edilib. Bu isə o deməkdir ki, qarşıda hələ aşkarlanması gözlənilən minalar çoxdur, xüsusilə əraziyə daha yüksək tələfata, daha ağır xəsarətlərə hesablanmış tank əleyhinə minalar döşənməsi diqqət çəkir. Füzulinin Aşağı Seyidəhmədli kəndində minatəmizləmə fəaliyyəti davam etdirilir.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb ki, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.

Beynəlxalq səyyahlar sonra kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə