Pentaqon Ukraynanın Krımı azad edəcəyinə inanmır - POLİTİCO

ABŞ-ın müharibə araşdırmaları institutu: “Putin müharibənin müddətinin uzadılmasında daxili dəstək qazanmaq üçün onu Rusiya vətəndaşlarına ekzistensial təhlükə kimi təqdim edir”

Amerikalı hərbçilər konqresmenlər üçün təfərrüatları sonradan mətbuata sızmış qapalı brifinq keçirib. SİA xəbər verir ki, bu barədə Politico nəşri yazıb. Məlumatda bildirilir ki, Ukraynanın yaxın gələcəkdə Rusiya ordusunu Krımdan çıxara bilməsi çətin ki, baş versin. “Bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları Amerika parlamentinin Nümayəndələr palatasının müdafiə komitəsi üçün keçirilən qapalı brifinqində bəyan ediblər”, deyə Politico yazır. SİTAT: “Məruzə edənlərin belə bir nəticəyə gəlmələri anlaşılan deyil. Lakin brifinqdə iştirak edən və məlumatlı olan üç nəfər şəxs dəqiq olaraq deyiblər ki, Pentaqon Ukraynanın rus ordusunu tezliklə yarımadadan çıxaracağı gücdə olub-olmamasına inamlı yanaşmır”.

Brifinqdə iştirak edən dördüncü mənbə isə orada gəlinən qənaətin ikibaşlı olduğunu bildirib. Lakin ümumi məna bununla başa çatır ki, Ukraynanın qələbəsi qarantiya olunmur.

ISW: “Rusiya kritik istiqamətlərdə yerləşən Ukrayna güclərinin fikirlərini yayındırmaq və şimal-şərq sərhədyanı rayonlarında sıxışdırmaq üçün hərəkətə keçməyə hazırlaşır”

ABŞ-ın müharibə araşdırmaları institutu (ISW) da diqqətçəkən məlumatla çıxış edib. Adıçəkilən institut qənaətə gəlib ki, Rusiya daha geniş eskalasiya əldə etmək üçün Ukrayna ordusunu irimiqyaslı dağıntıya məruz qoymaq üzərində fəaliyyətə keçmək üzrədir. “Putinin planı” kimi qeyd olunan nəticədə bildirilir ki, Putin transsərhəd eskalasiyası üçün reydlərin həyata keçirilməsinə şərait yarada bilər.

SİTAT: “Ehtimal var ki, Rusiya kritik istiqamətlərdə yerləşən Ukrayna güclərinin fikirlərini yayındırmaq və şimal-şərq sərhədyanı rayonlarında sıxışdırmaq üçün hərəkətə keçməyə hazırlaşır. Lakin Rusiyanın Belarus istiqamətindən Ukrayna ərazisinə daxil olması ehtimalı da çox azdır”.

ISW-nin yeni analitik rəyində vurğulanır ki, Rusiya Ukraynaya qarşı daxili informasiya əməliyyatlarını da davam etdirməkdədir. SİTAT: “Putin “neonasist formalaşdırmalarının atəşlərindən sonra” Krımda, Belqorod, Bryansk və Kursk vilayətlərində yaşayış infrastrukturlarını bərpa etmək məqsədi ilə fevralın 1-də iclas keçirib... Bu, çox yəqin ki, iki hədəfə hesablanıb. O, belə bir informasiya əməliyyatını ona görə irəli sürür ki, Ukraynadakı müharibəni Rusiya vətəndaşlarına ekzistensial təhlükə kimi təqdim etsin və müharibə müddətinin uzanması baxımından daxili dəstək qazansın”.

Rusiyanın Ukrayna müharibəsindəki itkiləri sürətlə artır - Baş Qərargahın son statistikası

Bu arada, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində (2 fevral 2023-cü il) Rusiya ordusuna məxsus məhv edilmiş texnikaların sayını təqdim edib. Belə ki, son sutka ərzində 610 rusiyalı hərbçi öldürülüb. Müharibə başlayandan hazırkı dövrə qədər isə qarşı tərəf 129 min 30 nəfər canlı qüvvəsini itirib.

Rusiyanın müharibə başlayandan bu günə kimi Ukraynada itirdiyi texnikalarının da sayı göstərilir:

tanklar – 3211 (+2 sutka ərzində);

hərbi zirehli avtomobillər – 6382;

artilleriya sistemləri – 2212 (+5);

zenit raket sistemləri – 458;

havadan müdafiə sistemləri – 222 (+1);

təyyarələr – 293;

helikopterlər – 284;

operativ-taktiki səviyyəli PUA-lar– 195;

qanadlı raketlər – 796;

gəmilər /kаterlər – 18;

avtomobil texnikaları və avtosisternlər – 5064 (+3);

xüsusi texnikalar – 200.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə