Ermənistan təxribatlarına nə zaman son verəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanı özbaşına buraxsaq sülh müqaviləsi nəinki bu il yaxın illərdə belə imkansız görünür. Çünki müharibənin bitməsindən və danışıqların başlamasından keçən iki ildən artıq vaxt ərazində biz gördük ki, Ermənistan sülh sazişi imzalamaqda maraqlı deyil və bütün vasitələrdən istifadə edərək bu istiqamətdə aparılan danışıqlardan qaçır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O qeyd edib ki, təkcə sülh sazişi ilə bağlı danışıqlardan deyil, eləcədə 10 noyabr üçtərəfli bəyanat və ondan sonra imzalanmış sənədlərlə üzərinə götürdüyü öhdəlikləri, erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması, sərhədlərin delimitasiya və demokrasiyası, nəqliyyat kommunikasiya xətlərinin açılması kimi öhdəliklərin də yerinə yetirilməsindən boyun qaçırır: "Ermənistanın sülh sazişindən qaçmasının ən vacib səbəblərindən biri beynəlxalq təzyiqin olmamasıdır. Məsələ burasındadır ki, 44 günlük müharibədən sonra indiyə qədər olan aralıq müddətdə Azərbaycanın sülh sazişi ilə bağlı baxışları dəyişməyib. Bizim 5 baza prinsipimiz var. Bunu da vasitəçilik edən tərəflər qəbul etmişdi və hətta bu istiqamətdə Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar da başlamışdı. Lakin böyük ölkələrin Cənubi Qafqaz maraqları bu istiqamətdə aparılan danışıqları faktiki olaraq dayandırdı. Ortaya Rusiyanın və sonra ABŞ-ın sülh sazişi təklifləri çıxdı. Digər tərəfdən isə Fransa və İranın erməni maraqlarından çıxış etməsi Ermənistanı daha da ruhlandırdı və nəticə etibarilə bu günə olan vəziyyət ondan ibarətdir ki, ortada sülhə apara biləcək real danışıqlar və təmaslar demək olar ki, yoxdur. Əksinə ermənilərin öz havadarlarının köməyi ilə ölkəmizə qarşı təzyiqləri artırmaq istiqamətində cəhdlər var".

Rəşad Bayramov sözlərinə belə davam edib: "Odur ki, indiki halda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yalnız bir halda mümkün görünür. Bu da sülhəməcburetmə istiqamətində əməliyyatların keçirilməsidir. Keçən il ərzində Azərbaycan həyata keçirdiyi kifayət qədər uğurlu əməliyyatlarla sübut etdi ki, erməni havadarlarının nə deməsindən, beynəlxalq güclərin mövqelərindən asılı olmayaraq biz ərazilərimizin hər qarışı uğrunda mübarizəyə hazırıq və bunda qətiyyətliyik.
Keçirilən əməliyyatlar nəticəsində həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq və eləcə də növbəti uğurlu hərbi əməliyyatları icra edək. Düşünürəm ki, 2023-cü il məhz bu baxımdan həlledici olacaq və Azərbaycanın sülhəməcburetmə istiqamətində atdığı addımlar öz bəhrəsini verəcəkdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə