MİSİR-AZƏRBAYCAN ƏLAQƏLƏRİ: münasibətlərin inkişafında yeni mərhələ TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaq”

ƏBDÜLFƏTTAH ƏS-SİSİN: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb”

Məlum olduğu kimi, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub. Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniştərkibli görüşü zamanı bildirib ki, bu səfərə çox böyük əhəmiyyət veririk: “Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır”.

“Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var: «Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik. Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin görüşü olmuşdur. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz”.

AZƏRBAYCAN-MİSİR MÜNASİBƏTLƏRİNİN YENİ PERSPEKTİVLƏRİ

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misir Parlamenti tərəfindən medal ilə təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir. Və bu gün Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.

MİSİR LİDERİ: “AZƏRBAYCANA SƏFƏRİMDƏN SONRA MÜNASİBƏTLƏR DAHA DA DƏRİNLƏŞƏCƏK”

“Cənab Prezident, görüşümüz zamanı bütün sahələrdə özünü büruzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə məndə əminlik yaradır”. Bu barədə Misir dövlət başçısı Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib. «Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Misir xalqının yaxın dostu mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə də təbriklərimizi Sizə çatdırmağı şərəf bilirəm. Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və mövcud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək», - o qeyd edib.

AZƏRBAYCAN PREZİDENTİ: “Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik”

“Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik”,-deyən Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək. Prezident İlham Əliyev görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin böyük qələbə ilə başa çatdığını və Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq əbədi qalacağını söyləyib: «Qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, artıq bu gün sülhə daha da yaxınlaşmışıq: “Biz işğala artıq son qoyaraq sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər”.

Qeyd edək ki, yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında», «Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında» və «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

AZƏRBAYCAN PREZİDENTİ: “Misir-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar var”

Prezident Əbdülfəttah Əs-Sisinin səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatında deyib. Səfər çərçivəsində Misir Prezidenti ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələləri müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi”. “Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq. Azərbaycan Prezidenti onu da bildirib ki, bu gün Misir yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır: “Prezident Əbdülfəttah Əs-Sisi tərəfindən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır”. Əldə olunmuş nailiyyətlər münasibətilə Misir Prezidentini səmimiyyətlə təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

PREZİDENT İLHAM ƏLİYEV: “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”

Prezident İlham Əliyev mətbuata bəyanatında söyləyib ki, BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır: “Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”. Dövlətimizin başçısı deyib ki, burada bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir. İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Bunun ədalətli olacağını hesab etdiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”. “Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik, eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq.

ƏBDÜLFƏTTAH ƏS-SİSİ: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb”

“Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”. Bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib: “Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”. Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Misir Prezidenti onu da vurğulayıb ki, danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib və ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndiriləcək. Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib. Misir lideri qeyd edib ki, iki ölkə arasında həm də azad ticarətlə bağlı sazişlər vacib əhəmiyyət kəsb edir: “Bakıda keçirdiyimiz görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq”. “Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim”, - deyə Prezident Əbdülfəttah Əs-Sisi vurğulayıb.

O qeyd edib ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Prezident İlham Əliyevin yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olduğunu, prezidentlərin şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi, iki ölkə arasında imzalanan sənədlər, həmçinin, Azərbaycanla Misir arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə mətbuata Bəyannamələri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və inkişafı istiqamətində atılan növbəti addımlardandır. Həmçinin, Misir Prezidentinin Azərbaycana səfəri, həmçinin ölkəmizin Şərq regionunda strateji əhəmiyyətini bir daha təsdiqləmiş oldu. Eyni zamanda, bu səfər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə də əlavə divident gətirdi. Dövlət başçımızın mətbuata bəyanatında söylədiyi kimi: “Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə