İrandakı səfirliyimizə qarşı törədilən terror aktı ŞƏRH

Bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücum Azərbaycan ictimaiyyəti tərəfindən kəskin hiddətlə qarşılanıb. Bu terror aktının sülhsevər siyasəti ilə dünyada tanınan Azərbaycanın səfirliyinə qarşı törədilməsi bir cinayətdir. Bu hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir. Belə ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumun olması nəticəsində mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi və səfirliyin iki nəfər mühafizə əməkdaşının da hücumun qarşısını alarkən yaralanması terror aktıdır. Əlbəttə ki, belə bir hadisənin törədilməsində İran hakimiyyəti məsuliyyət daşıyır. Məlumdur ki, 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən edilmiş müddəalara əsasən, Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək, məhz İran dövlətinin də üzərinə düşən öhdəlikdir. Bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb. Paylaşımda deyilir: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!". Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib. Bu terror aktı tezliklə araşdırılacaq və terrorçular öz layiqli cəzalarını alacaqlar. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu bu gün sivil bir dünyada yaşadığımız zamanda heç bir məntiqə sığmır. Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini hələ də dünyamız yaşamaqdadır. İnsan tələfatları ilə nəticələnən və güclü psixoloji gərginliklər yaşadan terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Müasir dünyanın gözü qarşısında baş verən bu hadisə qətiyyətlə pislənilməli, cinayətkarlar tezliklə tapılaraq layiq olduqları cəzanı almalıdırlar.

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri baş verib. Vurğulamaq yerinə düşər ki, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyası aparılır. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə və regionda yaranan reallıqlar fonunda ölkəmizin inkişafını bir sıra dövlətlər kimi İran da həzm edə bilməyib. İranın Ermənistana açıq dəstək ifadə etməsi, rəsmi səviyyəli səfərlər bu dövlətin anti-Azərbaycan siyasəti yürütdüyünü açıq-aydın göstərir. Vurğulamaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan İran tərəfindən heç bir dəstək almadı və ermənilərə gizlicə silah daşınmasında yardım etdi. Zəfər qazanaraq regionda yeni reallıqlar yaratmış Azərbaycanın Ermənistanla sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına ciddi cəhdlə təsir edir. Ölkəmizə dost, mehriban qonşu kimi özünün təqdim edən İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra idi. Heç şübhəsiz ki, dünyada çəkisi olan Azərbaycanla hədə-qoxu, diktə ilə danışmaq mümkün deyil. Əminliklə qeyd edək ki, güclü və qüdrətli Azərbaycan gərginliyin aradan qaldırılması üçün sülhsevər siyasətinin ortaya qoyaraq, lazımi addımlar atacaqdır. Azərbaycan dövlətinə qarşı təxribatlar törədənlər və onlara dəstək olanlar hər zaman öz layiqli cavablarını aldıqları kimi, bu gün də cəzasız qalmayacaqlar. Hüqüqi və demokratik dövlət olan Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə