ANAP terror aktını qətiyyətlə pisləyir BƏYANAT

“27 yanvar 2023-cü il tarixdə, Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı partiyamızın üzvləri tərəfindən kəskin narazılıqla qarşılanmışdır. Hesab edirik ki, bu terror aktının əsas səbəbi İran hakimiyyətinin son aylar yeritdiyi yanlış siyasət, Azərbaycana münasibətdə tutulan yanlış mövqe olmuşdur”. Bu fikirlər Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Naminə Alyans Partiyasının yaydığı Bəyanatda qeyd olunur. Bəyanatda vurğulanır ki, dövlətimizin yeritdiyi müstəqillik xəttini qəbul etmək istəməyən İran hakimiyyətinin təmsilçilərinin təhdid dolu bəyanatlar səsləndirməsi, sərhəddə tez-tez hərbi təlimlərin keçirilməsi, terror çağırışları edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi son nəticədə belə bir terror aktının baş verməsinə gətirib çıxarmalı idi: “Bundan əvvəl Londonda və Parisdə diplomatik nümayəndəliklərimizə qarşı baş verən zorakılıq aktlarından İran dövlətinin heç bir nəticə çıxarmaması, səfirliyimizin mühafizəsini gücləndirmək üçün heç bir addım atmaması da ciddi suallar doğurmaya bilməz.Azərbaycan Naminə Alyans Partiyası diplomatik nümayəndəliyimizə qarşı bir nəfərin ölümü ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir, hadisə zamanı həlak olmuş Əsgərov Orxan Rizvan oğlunun yaxınlarına dərin hüznlə başsağlığı verir və İran hökumətindən təqsirkarların cəzalandırılması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə